İmdat Avşar çağdaşlarının gözü ilə...


Tərz və üslubu ilə Türk hekayəçiliyinin yeni fenomeni, şübhəsiz ki, İmdat Avşardır. Çağdaş türk hekayəçiliyi onun qələmində həqiqətin sadə və sadə olduğu qədər də estetik ifadəsi ilə tanış oldu. Avşarın hekayələrinin ana xətti, onurğası, özəyi həyat və gerçəkliyin özüdür.

İmdat Avşarda Yunus İmrə sayağı dili daxildən zənginləşdirmə bacarığı vardır. Ədəbi dilin ifadə imkanlarına söykənərək belə yüksək məharətlə söz yaratma keyfiyyəti və bacarığına görə ikinci Necati bəylə qarşılaşırıq desək, mübaliğə etmiş olmarıq.

İmdat Avşarın ən önəmli özəlliyi İlahidən fitri istedadı, Allah vergisi bir nüfuz qabiliyyətidir. O, hekayələrində yer alan canlı-cansız hər şeyin daxilinə nüfuz edərək, həmin obrazın diliylə danışır. Bu, çox təəccübləndirici qabiliyyətdir. O, hekayələrində yer alan canlı-cansız hər şeyin daxilinə nüfuz edərək, həmin obrazın diliylə danışır. Bu, çox təəccübləndirici qabiliyyətdir. Və bir də ən önəmli məqam budur ki, bütün hekayələrdə əsas obraz, əsl qəhrəman İmdatın özüdür. Avşarın bu özəlliyi prof.dr. Nurullah Çətinin onun hekayə qəhrəmanları haqqında söylədiyi fikirləri təsdiqləmiş olur: "Əslində, yazarın bütün hekayələrində tək bir qəhrəman vardır – o da İmdat Avşardır."

Varlıq və hadisələrin dilinə nüfuz edərək bir akasiya ağacının, bir söyüd kötüyünün, dəli kimi əsən bir rüzgarın və ya bir çayın diliylə danışan, əslində, İmdat Avşar özüdür.

İmdat Avşarın duyumu və üslubunu izah edən şey iki dil arasında yer almasıdır. Bunu, sadəcə, öyrənməklə etmək mümkün deyil. Bu duruş və duyumda Avşarın kökü Mevlana və Yunus İmrəyə çıxan genetik bir mirasın varisi olduğu aşkardır. Bu mirasda bütün həqiqəti bizə neydən dinlədən Mevlananın, sarıçiçəkdən cəddini soruşan Yunusun, Anavarza qalası ilə dərdləşən Dadaloğlunun, ulu bir ağacdan düşən yarpaqda ağacın iniltisini onunla eyni anda duyan Aşıq Veysəlin, yaylaqda əzəlini arayan məchul bəstəkarın siluetləri vardır.

Akademik Ziya Avşar

***

İmdat Avşarın dili sezdirən və seyr etdirən dildir. O, əsərlərində dili xüsusi bacarıq və istedadla, sistemli şəkildə işlədə bilən hekayəçilərimizdəndir. Avşarın dilinin ən üstün özünəməxsus keyfiyyəti hekayə qəhrəmanlarının daxili səsinə qulaq asmağı bacarması və onu canlandıra bilməsidir.

Yazıçının əsərlərindəki dilin xüsusi semantik dəyəri var. Hadisələri oxucunun gözlərində canlandırırmış kimi təsvir etməklə İmdat Avşar bizi dilin dramatizasiyasına aparır. Dramatizasiya teatr terminidir və təsvirin görümlülüyünü (vizuallığı) özündə ehtiva edir. Bu mənada, yazarın seyr etdirmə qabiliyyəti o qədər yüksək səviyyədədir ki, "Süsənləri solan bozqır"da itmiş bir dilin, artıq həyatda olmayan insanların, artıq olmayan duyğularını-yaşantılarını belə bədii axarda bizə təqdim edə bilir.

İmdat Avşarın dili, sadəcə, səsiylə deyil, həm də, dramatik xüsusiyyətləri ilə, canlandırma və xəyal etdirmə gücü ilə yadda qalır.

Nəsrdən daha çox şeirə bənzəyən sətirlərdə təhkiyə edənin həssaslığı Çingiz Aytmatovsayağı elə İmdat Avşarın, demək olar ki, bütün hekayələrində gördüyümüz insan həssaslığının istiliyini ötürür.

Prof.dr. İbrahim Şahin

***

İmdat Avşarın hekayələrində ən çox diqqət çəkən məqam yazarın qəhrəmanlarını sevərək yaratmasıdır. Ədibin hekayələri həyatın təfərrüatından doğulduğu üçün o hadisələrin alt qatında incə bir yumor özünü göstərməkdədir. Və səmimi olaraq belə ifadə edə bilərik ki, yazıçı İmdat Avşarın yaratdığı qəhrəmanları ilə münasibətləri çox yaxşıdır. O, qəhrəmanlarını, sadəcə, sevmir, həm də, onların hər birinə mərhəmətlə yanaşır. Bu, yazıçının barışcıl mövqeyi və barışdırıcı ruhu ilə birbaşa bağlı olan xüsusiyyətidir. İnsanları yanlışı və doğrusu ilə qəbul edə bilməsi Avşarın yüksək insani keyfiyyəti və həyatı olduğu kimi dərketmə və qəbullana bilmə özəlliyidir.

Avşarın hekayələrindəki ən böyük üstünlük dili uğurla istifadə etməsindədir. Bəzi hekayələrində ədəbi dilin, bəzilərində isə xalq dilinin və folklorun təsiri duyulan yazıçının bu cür istedadlı yetişməsində Aşıq Paşa kimi ustadlar yetirən Kırşəhir torpağının da ayrıca payı var. Onun təsvir və təhkiyəsində uydurma bir dil deyil, dipdiri, canlı, yaşayan Türkçə ilə qarşılaşırıq.

Etiraf edək ki, Xalid Ziya, Məhmət Rauf, Əbdülhaq Şinasi, Tanpınardan gələn üslubi damar çağdaş ədəbiyyatımızda xeyli zəifləmişdi. İmdat Avşar əsərlərinin dili və üslubi özəllikləri ilə ədəbiyyatımızda uzun zamandır yaranan bu boşluğu, nəinki, doldura bilmiş, hətta hekayələrindəki orijinal məna və məzmun çalarları ilə çağdaş nəsrimizə yeni bədii keyfiyyətlər qazandırmışdır.

Prof.dr. Nazim Hikmət Polat

***

Təəssüflər olsun ki, bu gün Türk dili qoca bir çinar kimi içdən çürüməkdə, "ziyalı"ların dilə biganə və laqeyd münasibəti ilə qarşılaşmaqdadır. Başqa dildə düşünüb türkcə yazanlar isə ədəbi mühitimizdə başqa bir ağrılı mövzudur.

Belə bir həssas dönəmdə İmdat Avşar kimi bir imzanın ədəbiyyat aləmində varlığı susuzluqdan quruyan ruh və damaqlar üçün, sözün bütün mənalarında, "can suyu" olmuşdur. Avşarın qələmi bu mühitin boğuq ab-havasını dağıdır və oxucunun içində inam işığı yandırır. Çox peşəkar bir üslubla yazılmasına rəğmən oxucuya sadə bir üslub təsiri bağışlamasının səbəbi hekayələrdə yer alan dil və sənət ünsürlərinin bizim olmasıdır.

Son dərəcə axıcı və təsirli üslubu, aydın və rəvan dilinə görə, birnəfəsə mütaliə etdiyimiz bu hekayələri oxumağa başlayanda, sanki, bir düzəngahda qaçdığımızı hiss edirik. O təbiətin rəngarəng çiçəkləri, çayların şırıltısı, quşların qanad səsləri, ayağımızın altında qalan xəzəlin xışıltısı bizə yol yoldaşı olur. İmdat Avşar təbiətin sadaladığımız əsrarəngiz çalarlarını ən parlaq boyalarla ədəbiyyata gətirir. Bu hekayələrdə həzin türkülərin, bozlaqların ahəngində əzabkeş Anadolu insanının duyğularına şahidlik edir, yaşanan hadisələrin içində özümüzü tapırıq. İmdat Avşar Yunus İmrənin şeirləri kimi axıcı bir dillə oxuduğumuz hadisələri gözümüzün önündə canlandırır. O, əsərlərində kəlmələri bir sıraya düzməklə, sadəcə, cümlə qurmur, insanın içindəki fırtınaları oxucuya hiss etdirə bilir. Elə buna görə də, biz İmdat Avşarı oxuyarkən onun hisslərinə şərik olur, əsər boyu Avşarın qəhrəmanları ilə gülür, onlarla ağlayırıq. Bəzi məqamlarda isə Türk insanının çarəsizliyinə, bu insanları bir yarpaq kimi sovuran bədbəxtliklərə yumruğumuzu sıxırıq.

Bu hekayələri bizə sevdirən ən ümdə cəhət müəllifin türk mədəniyyətinə hakim olması və Anadolu həyatını bütün incəliklərinə qədər dərindən duymasıdır.

İmdat Avşar bu əsərləri ilə təkcə solub getməkdə olan bozqırın insanlarını və mənəvi dəyərlərini deyil, həm də, Türk dilini ölümsüzləşdirməyi bacaran sənətkardır.

Prof.dr. Hikmət Koraş

****

"Süsənləri solan bozqır", "Soyuq röya", "Göyərçin sevdası" kitabları ilə oxucuların sevgisini qazanan İmdat Avşar çağdaş türk nəsrində yazı üslubu, dili, təhkiyəçilik qabiliyyəti ilə xüsusi dəsti-xətti olan yazıçılardandır .

Müəllim və təhsil müfəttişi olaraq Anadolunun müxtəlif yerlərində çalışan İmdat Avşar uşaqlığından etibarən böyüyüb boşa-başa çatdığı Kaman vilayətindən, ətrafındakı həyati müşahidələrdən yararlanaraq, bizə hekayələri ilə bozqırın nəfəsini gətirir.

İmdat Avşarın hekayələrində Rəşad Nuri Güntəkindən Rəfiq Xalidə, Səbahəddin Əlidən Şövkət Buluda uzanan milli bir damar vardır. Yazıçının təsvir etdiyi həyat hadisələri və qəhrəmanları bizə son dərəcə tanış gəlir. Çünki İmdat Avşarın yaratdığı, yoxsulluğu və könül saflığı ilə düşüncəmizdə dərin iz qoyan obrazlar bizim içimizdən olan insanlardır. O, hekayələrində keçmiş həyatımıza dair artıq unudulmağa doğru gedən adət-ənənələrimizi qoruyaraq yaşadan nadir qələm adamlarındandır.

Səmimi etiraf edim ki, Avşarın hər bir hekayəsinin sonuna çatanda oxuduğumun heç bitməməsini istəyirəm. Bu bədii zövq tarın, nərgizin dili ilə oxucunun ruhunu titrətməyi bacaran yazarın istedadından qaynaqlanır.

Prof.dr. Camal Kurnaz

***

İmdat Avşar adı təkcə Türkiyədə deyil, Azərbaycanda, uzun müddət səfiri olduğum Qırğızıstanda və eləcə də, qardaş türk dövlətlərində hörmətlə çəkilir, ümumtürk ortaq dəyərlərinə qatdığı dəyərlər təqdir olunur, yüksək qarşılanır. Onun yaradıcı fəaliyyətinin təməlində türk mədəniyyətinə xidmət dayanmaqdadır. İmdat Avşar, həqiqətən də, Türk dünyası mədəniyyətlərinə çoxşaxəli xidmətlər göstərən bir şəxsiyyətdir. Bu istiqamətdə təşkil etdiyi tədbirləri, səmərəli görüşləri, təqdimatları bir yana dursun, elə təkcə 100-dən çox kitabı Türkiyə türkcəsinə çevirməsi onun gördüyü işlərdə professionallığından xəbər verir. İmdat Avşar peşəkar adamdır, əməksevər, işinə olduqca məsuliyyətlə yanaşan adamdır. Üç il bundan əvvəl mənim çox irihəcmli "Burdan min atlı keçdi" xatirələr kitabımı Türkiyə türkcəsinə çevirmiş və kitab haqqında "Zəngəzurda mənim ürəyimin məzarı qaldı" adlı geniş bir məqalə ilə dövri mətbuatda çıxış etmişdi. Kitaba yazdığı həmin məqaləsini oxuyandan sonra onun peşəkar tərcüməçilik bacarığının yanına o məqaləsi ilə müşahidə etdiyim bir neçə keyfiyyətini də əlavə elədim: geniş dünyagörüşünü, hərtərəfli mütaliəsini, Azərbaycan tarixinə dərindən bələdliyini, həssas, eyni zamanda, kövrək ürəyini gördüm, alqışladım. Qəribə burasıdır ki, "Burdan min atlı keçdi" kitabımı tərcümə edənə qədər biz şəxsən görüşməsək də, orda yazdıqlarımdanmı, xatirələrimdənmi, bilmirəm, İmdat Avşar məni bir insan kimi dərk edə bilmiş, yurd, vətən ağrılarımı duya bilmişdi. Duyum qabiliyyəti yaradıcılığı şərtləndirən çox ümdə amildir.

Mən İmdat Avşarın ümumtürk dünyasına, türklüyün ortaq ədəbi – mədəni mühitinə qatdığı dəyər, gördüyü işlər haqqında yüksək fikirdəyəm. Əminəm ki, bundan sonra da Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərlə ölkələrimiz arasındakı qardaşlığı daha da gücləndirəcək.

Hidayət Orucov

Əməkdar incəsənət xadimi

*****

Yaxşı dostların olması da istedad kimi Allah vergisidir... Buynuzda kənd evimizdə idim. Bir də gördüm ki, qələm dostlarım- Əjdər Ol ilə İmdat Avşar bizə gəliblər. Şirin-şirin görüşüb-öpüşdük. İmdat Avşarı ev-eşiyimizlə, həyət-bacamızla tanış etdim. İkinci qata qalxıb, dəmir körpüdən keçdik. Birinci olaraq, qayaların arasından qıvrılıb çıxan böyük dağdağan ağacını göstərdim. Dedim:

-İmdat, bu göz ağacı dağdağanıdır. Pis nəzəri kəsir, insanları pis gözdən qoruyur. Görürsənmi? Yarpaqlarını pis nəzər dəlik-dəlik edib.

İmdat o dəqiqə cavab verdi ki:

-Mən bu ağacı zəhmətə salmayacağam. Mənim gözümdə pis bir şey yoxdur.

Dedim:

-Bunu düz deyirsən. Adı İmdat olub imdada yetən insanlara pis göz, pis nəzər heç nə edə bilməz. Göz ağacım belə insanlara əlavə güc, əlavə enerji verir. Sən də öz gücünü al.

Hamımız bir yerdə gülüşdük. Aşağı düşüb, bağ-bağçanı gəzdik. Sonra gəlib dəyirman arxının yanında əyləşdik. Bir məclis qurduq. Söhbətimiz xeyli uzandı. Əlbəttə ki, söhbətimiz türkdilli ədəbiyyatımızdan, şeirimizdən gedirdi. İmdat Avşarın türkdilli ədəbiyyata, şeir və sənətə bu qədər yaxından bələd olması məni və dostlarımızı heyrətə gətirdi. Xüsusilə, qırğız, özbək, tatar, qaqauz ədəbiyyatından, şeirindən çəkdiyi misallar və türkdilli ədəbiyyat aləmində gördüyü işlər könlümdə qürur hissi yaratdı. Üzünə deməsəm də, ürəyimdə fəxr etdim ki, bizim türk ədəbi söz dünyamızın belə fədaisi, təbliğatçısı və bələdçisi var. O, mənim ən əziz qələm dostumdu. Nə yaxşı ki, onu Buynuzdakı kənd evimdə qonaq etmək mənə nəsib oldu.

O görüşümüzdən bir qədər zaman keçmişdi. Bir gün Bakıdaydım, Əjdər Ol mənə zəng etdi ki: "Dostumuz İmdat Avşar Bakıya gəlib, sizinlə görüşmək istəyirik." Əlbəttə, bu xəbərə sevindim və görüşdük, İmdatı salamladım. Sonra İmdat dedi ki:

-Sənə bir hədiyyəmiz var.

Bu vaxt İmdat üz qabığında xarıbülbül şəkli olan, zövqlə tərtib edilmiş, "Benim dertlerimin ayakları var" adlı, Türkiyədə çap olunmuş şeirlər kitabımı mənə uzatdı. Şair üçün bundan gözlənilməz, qiymətli nə hədiyyə ola bilər ki?! İmdat Avşar şeirlərimi türkcəyə çevirib, Türkiyədə kitabımı nəşr etdiirmişdi. Bu zəhmətin qarşılığında təşəkkür üçün heç nə deyə bilmədim.

-Var ol, ay İmdat! – deyirəm:- Əməllərinlə ucalasan həmişə!

Musa Yaqub (xalq şairi)

***

İmdatla ilk tanışlığımız telefon vasitəsilə oldu.Aramızda xeyli yaş fərqi olsa da, telefonla başlayan ilk tanışlığımız sonralar dostluğa çevrildi. Maarif müfəttişi vəzifəsində çalışdığı İğdırda uzun illər Türkiyənin azərbaycanlı mühiti ilə yaxından təmasda olduğunu elə ilk tanışlıq söhbətlərimizdən öyrəndim. Sonra əlaqələrimiz bu söhbətlərlə də bitmədi, mənə göndərdiyi bir-birindən gözəl bir neçə hekayəsini birnəfəsə oxudum. Bu hekayələrdə, əsasən, Türkiyədəki Azərbaycan mühitinin əlvan panoramını gördüm. İmdatın Azərbaycanla bağlı görəcəyi işlər, inanıram ki, bununla bitməyəcək, ədəbi əlaqələrimizin on illər boyu yığılıb qalan məsələlərinin həllinə çalışacaq. Türk hekayəçiliyində türk yazarlarından bizlərin dərd və sızılarını heç kim İmdat Avşar kimi dilə gətirməmiş, gətirə bilməmişdir. İmdatın şair qələmi ilə nasir qələmi əsərləri boyunca gizli bir yarış içindədir. Bu- şairliyi yazarlığına, yazarlığı şairliyinə dəstək olan yarış, görünür, birincinin də "dadını-duzunu" gözünə qataraq ikincinin üstünlüyü ilə sonuclanacaq.

İmdatın sənətkar arayışları xəyalla gerçəkliyin, qeyri-adi olaylarla həyat reallıqlarının çaprazlaşması, iç-içə girməsindədir. Böyük bir səbr və həssaslıqla yazıldığından İmdat Avşarın hekayələrində təbiət mükəmməlliyinə yaxın bir mükəmməllik var. İmdatın yazıçı böyüklüyü ordadır ki, bu hekayələrin üslubu, ritmi əsla bir-birini təkrarlamır.

İmdat Avşarın uşaqlığı Anadolu bozqırlarında - Ahilər arasında keçdiyinə, təbiətdən nəsibini yetərincə aldığına görə, üslubu bu qədər qeyri-adi və əlvan rənglərlə süslənmişdir. Təsvirlərində xəyalla gerçəkliyin, yuxu ilə aşikarlığın arasında bir yerdə izahının dilə gətiriliməsi çətin olan bir şeylər vardır və hərdən adama elə gəlir ki, İmdat nə təsvir etdiyinin, necə təsvir etdiyinin heç özü də fərqində deyil.

İmdat Avşar istedadlı insandır, gözəl dostdur, mənim kiçik qardaşımdır. Zəhmətkeşdir, durmadan çalışar. Bir neçə il bundan öncə mənim şeirlərimi öz bədii zövqünə uyğun seçib, Türkiyə türkcəsinə uyğulamış, "Unutduğun yerdəyəm" adlı şeirlər kitabımı çap etdirmişdi. Və ən qəribəsi onda idi ki, bütün bu zəhmətləri təkbaşına üstlənmiş, kitab çap olunandan sonra məni müjdələmişdi. Belə qeyri-adilikləri var İmdat Avşarın. Fırtına kimi insandır! Ona başarılar arzulayıram!

Məmməd İsmayıl

Professor, şair

***

İmdat Avşar şeirin poetikasını dərindən duyan adamdır. Tərcüməçilik sadə məsələdir, amma şeiri duymaq, şeirin ruhuna toxunmadan tərcümə edə bilmək yaradıcılıq qabiliyyətidir. Avşarda bu istedad var. Mənim şeirlər kitabımı türkcəyə çevirmişdi və maraqlı bir şeirimin adını da sərlövhə seçmişdi: "Xəzana alqış". Eyni zamanda, İmdat bəyin səyi nəticəsində həmin kitabımın Türkiyənin müxtəlif şəhərlərində: Kayseridəki Erciyes Universitetində, Kahramanmaraşdakı Sütçü İmam Universitetində, Niğde Ömer Halisdemir Universitetində, Kapadokyada, Nevşehirde təqdimatı keçirildi. Mən həmin ərəfədə onun qonaqpərvərliyini və təşkilatçılıq bacarığını da müşahidə etmiş oldum. Maltəpə Universitetində keçirilən görüşdə isə İmdat bəy mənim yaradıcılığıma məxsus olan "Anama deyin!" şeirini söylədi; yüksək səviyyədə tərcüməçiliyi, bədii yaradıcılığının yanında mən onun gözəl qiraət ustası olduğunu da gördüm. Və dinləyicilər tərəfindən də alqışlarla qarşılandı. Ümumiyyətlə, mədəniyyətə xidmət edən bütün addımlar alqışa layiqdir.

Hamlet İsaxanlı, akademik

Xəzər Universitetinin rektoru

*****

Mirzə Fətəli Axundov, Rəsul Rza, Mir Cəlal, Anar, Elçin, Nigar Rəfibəyli... Müasir Azərbaycan ədəbiyyatında elə imza yoxdur ki, İmdat Avşar onun qələminə məxsus bir nümunə də olsa, tərcümə etməmiş olsun. Bu, təkcə onun peşəkarlığından irəli gələn keyfiyyət deyil, həm də, Avşarın ürəyinin böyüklüyündən xəbər verir. Mən də o xoşbəxt yazıçılardanam ki, İmdat Avşarın tərcüməsində "Çarəsiz yolçu", "Bəmbəyaz keçiddə", "Qaranlıq gecənin səsləri" kitablarım türk oxucusunun əlinə çatıb. Ona qardaş ölkələrimizin mədəniyyətləri arasında yorulmaz fəaliyyətində uğurlar arzulayıram!

Novruz Nəcəfoğlu

Yazıçı-publisist, İcra başçısı

***

Bircə hekayəsini oxumaq kifayət edir ki, İmdat Avşarın sözü ətrafında düşünəsən, onun yaradıcılığı ilə maraqlanasan. Əlbət ki, bu, yazıçının uğurudur. Həm də, böyük uğurudur. Oxucunu öz təsir dairəsinə ala bilmək, ovsunlamaq, sehirləmək mətnin yüksək məramından xəbər verir. İmdat hocanın əsərləri haqqında bəlağətlə bu fikri söyləyə bilərəm.

"Anamın saatları" yaşadığı yerindən, danışdığı dilindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, dünyanın hər yerində olan anaların – hamımızın anamızın ümumiləşdirilmiş xarakteridir. Və bu qəhrəmanın özünün saflığı qədər də yazıçının saf, bərraq dili hekayəni və orda baş verən hadisələri bizə doğmalaşdırır.

"Dövlət zopası" hekayəsi haqqında da eyni fikirləri söyləyə bilərəm. İmdat Avşar tarixə ironik yanaşa bilən, hadisələrin alt qatında, incə cizgilərində yazıçı sözünü ironiya ilə deyə bilən cəsarətli bir duruş sərgiləyir. Bu, söz adamı üçün çox vacibdir.

İmdat Avşarın ustalığı, bacarığı ondadır ki, o, həyatı düşündüyü kimi deyil, gördüyü kimi təsvir edir. Bu həqiqətpərvərliyi onu oxucusuna bir köynək daha yaxınlaşdırır və ortadakı sədləri aradan qaldırır. Əsər – oxucu – yazıçı arasında zəncir kimi bağlılıq oluşanda böyük ədəbiyyat yaranır.

Dç.dr. Ahmet Sami el Aydi

Misir, Qahirə

*****

Mir Cəlal Paşayevin Səməd Vurğun haqqında gözəl bir sözü var. Mir Cəlal müəllim yazır ki: "Səməd Vurğun şair olmaq üçün kağız korlamayıb." Qeyd-şərtsiz mən bu fikirləri İmdat Avşar yaradıcılığına aid edirəm. İmdat Avşar şair olmaq üçün də, yazıçı olmaq üçün də kağız korlamayıb. On il bundan əvvəl necə yazıb, ürəklərdə necə yer tutubsa, kağız korlamadığı kimi ürəklərdə tutduğu yeri də zədələməyib.

İmdat Avşarı bizə sevdirən əsas xüsusiyyəti onun əsərlərindəki həyat və insan sevgisidir. O, müasir türk ədəbiyyatının ən gözəl yaradıcılarından biridir. İstər poeziya, istər nəsr, istər tərcümə sahəsində qələminin toxunduğu hər yer çiçəklənir. Avşarın tərcümeyi-halını gözdən keçirəndə məhsuldar bir insan kimi zəhmətkeşliyinə heyranlıq duyur adam. Min bir çiçəkdən bal çəkən arı çalışqanlığı ilə ərsəyə gətirdiyi işlərin miqyasına, uğurlu əməyinə "əhsən!" deyirsən.

İmdat Avşar ədəbiyyata şeirlə gəlib, amma sonra gördü ki, misralara sığışa bilmir, nəsrdə özünə geniş meydan tapdı. Onun nəsr dili şeir kimi axıcı, təkrarolunmazdır.

O vaxt bizim kafedranın professorlarından biri Türkiyədən səfərdən qayıdanda bir neçə kitab gətirmişdi. Xatırlayıram ki, o müəlliflərdən biri İmdat Avşar idi. "Süsənləri solan bozqır" kitabı ilə biz ədəbiyyat dünyasında belə bir adamın varlığını bilmiş olduq. Sən demə, həmin əsər elə Avşarın ilk kitabı imiş. O kitab bizim kafedranın əməkdaşları, tələbələri arasında əl-əl gəzdi, hamı oxudu. Hətta bir yetirməmiz bu hekayələr haqqında geniş yazacağına da söz verdi. Bu gün həmin gəncin illər öncə verdiyi sözünə sədaqətini görməyim məni məftun etdi. Yazacağı tədqiqat işinin fəsillərini müəllimlərimizlə müzakirə edir, paraqraflarını, yarımfəsillərini müəyyənləşdirir, konkretləşdirməyə çalışırdı. Kənardan bu müzakirəni müşahidə etdikcə sevindim, qardaş ölkənin doğma bir adamına – illərdir ədəbiyyatımızın qəhrini, təəssübünü çəkən İmdat Avşara nə etsək, halal xoşu olsun!

Zaman öz sözünü deyir. Bu gün ömrümün 85 baharını yola salan mən o dissertasiyanın yazılacağı, ərsəyə gələcəyi, müdafiəyə təqdim ediləcəyi günü, bəlkə, görə bilməsəm də, ortaya gözəl əsərlər qoyulacağına inanıram. Necə ki, İmdat əfəndi bizim ədəbiyyatımızı Türk dünyasında zirvəyə qaldırıb, bizim Xəyalə kimi gənclərimizin də borcu İmdat Avşar bəyin yaradıcılığını layiqiylə uca zirvəyə qaldırmaqdı. Onun bədii mətni dərindən duymaq səriştəsinə, arxivlə işləmək səliqəsinə, çalışqanlığına bələdəm. Ona görə də, əminəm ki, Avşarın bütün külliyatını inci, mirvari dənələrini ipə düzərcəsinə səhmana salacaq. Mən bu yolda yazara da, onun tədqiqatçısına da uğurlar arzulayıram!

Siz çox xoşbəxt yazıçısınız, İmdat əfəndi! Mübaliğəsiz deyirəm bu sözləri. Ona görə xoşbəxtsiniz ki, sevilirsiniz. Ona görə xoşbəxtsiniz ki, əqidəniz də, əsəriniz də, şəxsiyyətiniz də sevilir. Qələm ərbabı üçün sevilmək oxunmaq qədər vacibdir. Oxucu səni insan kimi sevə bilibsə, demək ki, əsərlə ona təlqin etmək istədiyin fikirləri qeyd-şərtsiz qəbul edəcək. Bir də ona görə xoşbəxtsiniz ki, yaradıcılığınıza bu qədər vurğun olan bir araşdırmaçınız var. Bu, hər yaradıcı adamın taleyinə nəsib olmur.

Tolstoyun bir sözü var. Deyir ki: "Hər şey ötüb keçəcək, əbədi qalan sənət olacaq!" Bu dünyada hər şey gedəridir, hər şey ötəridir. Əbədi yaşayan sizin kitablarınız olacaq, sizin haqqınızda yazılanlar olacaq. Çünki nə sənətkar, nə də sənət qocalmır. İmdat Avşar sənətiylə yaşayacaq, sözüylə yaşayacaq!

İfrat Əliyeva

Professor, Əməkdar müəllim

*****

İmdat Avşar Türk nəsrində, ələlxüsus da, hekayə yaradıcılığında kənd mövzusuna xüsusi diqqət yönəltməkdədir. O, bu istiqamətdə təkrarsız bir imzadır.

Ali Akbaşın "Süsənləri solan bozqır"ın ön sözündə yazdığı kimi, İmdat Avşar Sait Faiq yaradıcılığında öz əksini tapan İstanbul və adalar yaşantısını bozqıra daşımışdır. Avşar obraz seçiminə, dil üzərində işləmə və süjet qurma məharətinə görə, olduqca istedadlıdır. O, Məhərrəm Ertaşın, Nəşət Ertaşın türkülərində sevinciylə, hüznüylə yer alan bozqır yaşamını hekayələrə daşımaqla oxucuların bədii zövqünü oxşamaqdadır. Məhərrəm Ertaşın, Nəşət Ertaşın sazının səsində yaşayan Anadolu mədəniyyəti və insanının hüznü Avşarın hekayələriylə bizi öz təsir dairəsindən çıxmağa qoymur.

Doç.dr. Gökhan Tunç

*****

İmdat Avşarla eyni nəsildənik. İmdat Avşar bizim nəslin ən çox oxuyan, suallarla həqiqəti tapmaq üçün səy göstərən yazıçısıdır. Onu yaxından tanıdıqca ortaq cəhətlərimizin, həyat fəlsəfəmizin nə qədər yaxın olduğunu anladım.

İmdat Avşar Kırşəhərin Kaman qəzasında böyüyüb. Kaman tarixi və təbii quruluşu ilə bir qədər İğdıra bənzəyir. Dağlarla əhatə olunmuş zəngin meyvə və tərəvəz istehsalı İğdırı xatırladır. Bəlkə, elə buna görədir ki, İmdat İğdırda müəllim işlədiyi illərdə buranı çox sevib, o mədəniyyətə alışa bilib. Onun sonradan Azərbaycan ədəbiyyatı ilə bağlı çalışmaları da, məncə, o doğmalıqdan qaynaqlanır.

Biz onunla Türkiyədə deyil, Azərbaycanda tanış olduq. Azərbaycan Yazıçılar Birliyinin qurultayına gəlmişdi. Onun Türkmən-Azərbaycan qarışığı söhbəti çox xoşuma gəlmişdi. Kırşəhər-Kamana yerləşən Səlcuqlu (Oğuz) türklərinin ləhcəsi, adət-ənənələri ilə bizim İğdırın elə də fərqi yoxdu. İmdatın istiqanlılığı, səmimi və təvazökar davranışı çox xoşuma gəlmişdi. Rəşad Məcid, Əjdər Ol kimi ortaq dostlarımızın əhatəsində maraqlı söhbətlərimiz olmuşdu.

İmdatın özündən əvvəl onun Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə uyğunlaşdırdığı şeir və yazılarla tanış olmuşam. Son vaxtlar Azərbaycan ədəbiyyatı nümunələri Türkiyədə geniş miqyasda tərcümə olunub yayımlansa da, "eyni dil" düşüncəsi ilə çox böyük xətalara yol verilirdi. Türk oxucusu bu kitabların orijinaldakı dadını duya bilmirdi. Amma İmdat Avşarın işinə yanaşmasında xüsusi diqqət və peşəkarlığı, səriştəsi və professionallığı onun bu işdə xidmətlərini bütün məsləkdaşlarına nisbətən yuxarı mərtəbəyə qaldırır. Ondan əvvəl Yusuf Gədikli və Yasemin Bayer də işlərinə diqqətlə yanaşmışlar. Əfsuslar olsun ki, digər tərcüməçilər haqqında bu fikirləri söyləyə bilmərik.

Etiraf edim ki, İmdat Avşarın hekayələri ilə çox gec tanış oldum. Əvvəlcə, onun Azərbaycan türkcəsində çap olunmuş bir neçə hekayəsini oxumuşdum. Hekayələr o qədər xoşuma gəlmişdi ki, orijinallarını da tapıb oxudum. Sonra "Masal Dədə" kimi tanınan yazar Yücel Feyzioğlu onun yaradıcılığı haqqında tərifəlayiq söylər söylədiyində daha böyük maraqla Avşarın "Süsənləri solan bozqır" və "Soyuq röya" kitablarını əldə edib qısa bir zaman kəsiyində oxudum.

Çox zəngin türkcəsi, duru təhkiyəsi, rəngli təsvirləri ilə artıq İmdat Avşarın Türk hekayəçiliyində layiqli yer tutduğuna tam əmin oldum. O, Anadolu insanlarının acılarını, yanğılarını, ümidlərini çox ustalıqla təsvir etməklə oxucunun gözləri qarşısında canlandırır. Zəngin türkcəsi və ifadə tərzinin canlılığı, təbiiliyi onun hekayələrinin daha maraqlı oxunulmasına zəmin yaradır.

İmdat Avşarın Azərbaycana və Azərbaycan ədəbiyyatına olan sevgisi, xidmətləri mənim kimi Azərbaycana könüldən vurğun insanları ona daha da yaxınlaşdırır. Zaman-zaman telefonda söhbət etdiyim dostum İmdat Avşar həmişə mənim diqqət dairəmdə olacaqdır. Onun "Türk Ədəbiyyatı" dərgisinə baş redaktorluq etdiyi gündən bəri dərginin ruhuna hekayələrindəki üslubu kimi çox fərqli bir canlılıq gətirdiyini düşünürəm.

Dr. Orxan Aras

Almaniya

***

İmdat Avşarın hekayəçiliyi torpağı bəsləyən bir çayın axışı kimidir. Avşarın dilindən süzülən bu həzin çay oxucunun cadar bağlamış torpaq kimi quraq və kimsəsiz qalmış ürəyinə toxunur. Bir çay torpaqdan sızan yeraltı sularla necə bəslənirsə, İmdat Avşarın hekayələri də o şəkildə cəmiyyətin çatlarından sızan travmalarla qidalanır. Avşarın əsl uğuru təkcə onun müşahidə gücündən qaynaqlanmır. Bu çayı bəsləyən üç ana qol vardır: estetik zövqlə hörülmüş dili bu amillərin ilki hesab edə bilərik. Avşarın şairliyi hekayəçiliyindən geri qalmış olsa da, onun şair təbiəti hekayələrinin dilində özünü çox güclü hiss etdirir. Onun dilini ritm ovlayan yazıçılardan ayırmaq lazımdır. Çünki İmdat Avşar bir-birini təkrar edən ünsürlərlə deyil, oxucunu öz arxasınca apara biləcək bir axışla yazır. Və bu bənzərsiz üslub bir göz qırpımında oxucunun hekayəni bitirməsinə vəsilə olur. Onun hekayələrini oxuyanda insanın zehnində ocaq başında qissələr söyləyən bir məddah canlanır. Məhz buna görədir ki, Avşarın hekayələri qulağa yatımlı və axıcı dildədir.

İmdat Avşarın hekayəçiliyini bəsləyən ikinci qol yazıçının çevik zəkası ilə qurduğu süjetlərdir. Yazıçı, demək olar ki, bütün hekayələrinin sonunda oxucunu gözlənilməzlik qarşısında qoya bilir. Və bütün qurduğu süjetləri elə inandırıcı formada təqdim edir ki, oxucu baş verənlərin gerçəkliyinə tamamilə inanır. Şübhəsiz, bu bir tərəfdən də obrazların cəmiyyətin içindən gəlməsindən qaynaqlanır. Avşarın obrazları getdiyimiz hər yerdə qarşılaşa biləcəyimiz, qohumumuz, qonşumuz, doğmamız olan adamlardır. Avşarın mətn yaratma məharəti o səviyyədədir ki, o, oxucu ilə mətn arasında zərrə qədər də olsun boşluq yaranmağına imkan verməz. Fəqət buna oxucunu çərçivəyə salmaqla deyil, özüylə bərabər yolçuluğa çıxararaq nail olur. Bu yolçuluğun axarında oxucu sıxılmadan hekayənin son dayanacağına qədər, sanki, yazıçıyla bərabər addımlayır.

İmdat Avşar hekayəçiliyini tamamlayan üçüncü qol hadisələrinin özəyini, əsasını təşkil edir. O, heç bir hekayəsində oxucusuna hər hansısa bir fikri, ideyanı aşılamağa cəhd etmir. Oxucuya don biçmir. Fəqət hər bir hekayənin ana özəyində alovlandırıcı məqam tapmaq olar. Ki, bu məqam da, əsasən, baş qəhrəmanın ilham qaynağıdır. Bədii üslubla işlənmiş bu mesaj oxucuda nəsihət havası oyatmır. İmdat Avşar, sanki, barama qozasını hörən bir tırtıl kimi hekayəsini ilmə-ilmə hörür. Müəllif bu yaradıcılıq prosesini başa vurduqda oxucunu xallı kəpənək gözləyir.

İmdat Avşarın ən böyük uğuru oxucusunu öz ədəbi çayında səyahətə çıxara bilməsidir. Şübhəsiz ki, bu yolçuluğun sonunda oxucunu dərin daxili təmizlənmə gözləməkdədir.

Enver Aykol

"Türk Ədəbiyyatı" dərgisinin Yazı İşləri müdiri

***

Hekayə kitablarını sevmək mənim üçün roman və şeirlə müqayisədə daha çətindir. Yeni bir yazıçı axtarışında ikən çox zaman məyus oluram. "Göyərçin sevdası" kitabını oxumaq isə mənə xəyal qırıqlığı yox, xoşbəxtlik bəxş etdi. İmdat Avşar kimi bir imzanı tanımaq, gözəl bir qələmin yazdıqlarını oxumaq xoşbəxtliyi...

Hekayə kitablarında axtardığım ilk məqam yazarın dili və üslub xüsusiyyətləridir. Üslubun əsərin janrına uyumlu olması, bədii həqiqətlə həyati reallıq arasında körpü qurmaq, reallığa çatanda isə ona ilişib qalmadan bədii əsərin verdiyi estetik zövqü yaşamağa davam edə bilmək... İmdat Avşarın hekayələrində bu sadaladıqlarımın ən üstün səviyyədə ifadə formasını gördüm. Bu hekayələrin təfəkkürümdə "insanı, cəmiyyəti, tarixi" dərk etməyim istiqamətində buraxdığı təsir psixologiya, sosiologiya, tarix kitablarında oxuduqlarımdan qat-qat üstün idi. Etiraf edim ki, İmdat Avşarın hər bir hekayəsini oxuyub bitirdikdən sonra içimdə o hekayələrə dərin bir rəğbət hiss edirəm.

FeyzaAras

yazar-şair

***

İmdat Avşar adı müasir türk hekayəçiliyinin ən önəmli isimlərindəndir. Hekayələrindəki şairanə və axıcı üslub, hadisələri bir-birinə ilmək-ilmək toxumaq istedadı onun özünəməxsusluğunu şərtləndirir. Abdalların həyatını və abdal mədəniyyətini çağdaş ədəbiyyatda İmdat Avşar səviyyəsində qələmə alan yazar olmayıb. Bu mənada, İmdat Avşar orijinal üslubi keyfiyyətləri ilə yadda qalan təkrarsız sənətkardır.

Avşarın hekayələrinin özünəxas keyfiyyəti iki kəlmədə axtarılmalıdır: səmimiyyət və gerçəklik... Gerçəkliyi-həyatı bütün rəngləri və rəngsizliyi ilə son dərəcə səmimi və inandırıcı təqdimatda yazıya almaq Avşar qələmini təkrarsız edən əsas xüsusiyyətdir. Onun obraz yaratmaqda və yaratdığı qəhrəmanlara münasibətində yazıçı səmimiyyəti heç kimlə müqayisəyə gəlməz.

Avşarın hekayə dünyasını bəsləyən ən önəmli qaynaq Anadolu, xüsusilə, doğulub böyüdüyü Mərkəzi Anadolunun bozqır həyatıdır. Türküsü bozlaq, quşu sərçə, çiçəyi süsən olan bu coğrafiyanı yazıçı rəssam incəliyi ilə təsvir edir. Bozqır həyatının rəngli simaları olan, ağalar qarşısında əzilən, xor baxılan, maddi sıxıntılar çəkən, bütün çətinliklərə baxmayaraq, sazları, davul-zurnaları, pərişan kamançaları ilə könüldən-könülə qapı açan abdallar ilk dəfə İmdat Avşarın hekayələrində Türk ədəbiyyatına daxil olmuş və Avşar hekayələrinin önəmli fiqurlarına çevrilmişdir. Yazıçı bozqır həyatının bu qədim bülbüllərini arxa fonunda bozlaq fəryadını duyduğumuz hekayələriylə ölümsüzləşdirmişdir.

Dr. Necati Tonqa

*****

İmdat Avşar Anadolu Türk kəndini və kəndlisini tragik, ironik və yumoristik ifadə tərzi və rəvan bir dillə oxucusuna təqdim edir. Xüsusilə, Türk millətinin yoxsul, əzabkeş, zəhmətkeş, məzlum, taleyin ümidinə tərk edilmiş, amma məsumiyyətini, içindəki insani dəyəri qoruyan, qənaətcil, qədəri ilə barışmış abdalların həyata tutunma mücadiləsini, yaşadığı sınaqları son dərəcə real boyalarla və təsirli təhkiyə ilə təsvir edir. Türkün "yetim" övladları olan Mərkəzi Anadolu abdallarının gerçək hekayələrini bu qədər səhih bir dillə ilk dəfə İmdat Avşarın mətnlərində oxuyuruq.

Ədəbiyyat aləmini müsəlman-türk millətinin ruhuna, kökünə yad söz yığınlarının istila etdiyi bir dönəmdə, yad ruhların türk bədənində dolaşdığı bu ortamda İmdat Avşar hekayəsi bir daxili arınmadır. Çağdaş Türk hekayəsində gerçək Anadolu yaşantısını İmdat qədər canlı bir şəkildə ifadə edən başqa müəllif yoxdur.

Prof.dr. Nurullah Çetin

***

İmdat Avşar çağdaş Türkiyənin istedadlı yazıçılarındandır.İmdat Avşar Azərbaycan sevdalısı və ədəbiyyatımızın təbliğatçısıdır, mənim əziz dostumdur.

Onun "Anamın saatları" kitabını bir nəfəsə oxudum. Bu qiraəti İmdat Avşarla Türkiyəyə səyahət də adlandırmaq olardı.

Ədəbiyyat bir xalqı daha yaxından tanımaqçün ən etibarlı mənbədir. Türkiyəyə açılan bütün qapılar üzümüzə bağlı olan zamanlar qardaş ölkəylə daha çox şəhər mövzularında yazılmış əsərlər vasitəsiylə tanış olurduq. Rəşad Nuri Güntəkin, Ömər Seyfəddin, Xalidə Edib Adıvardan üzü bəri Nazım Hikmətə, Əziz Nesinə və son illərdə Orxan Pamuka qədər oxuduğum bütün kitablar bizi böyük şəhərlərə və ilk öncə əlbəttə, İstanbula aparırdı.

İmdatın hekayələr kitabı məni türk köylərində, azəri türkcəsiylə desək, kəndlərində, qəsəbələrində gəzdirdi. Mətnə daldıqca, elə bil, yazda yaşıl yamacların, gül-çiçəkli çəmənlərin qoxusunu duyursan. Oxuduqca, sanki, dağların saf havasıyla ciyərdolusu nəfəs alırsan, güllərin, çiçəklərin min rəngini görürsən, rayihəsini duyursan, quşların civiltisini eşidirsən. Və bütün bu təbiət gözəllikləri kənd uşaqlarının, o cümlədən, çocuq İmdatın gözüylə görülüb, yaddaşında saxlanıb.

İmdatın hekayələrinin bir məziyyəti yumşaq, xəfif yumor, yüngül zarafat ovqatıdır. Bu cəhətdən İmdatın hekayələri mənə bizim klassik yazıçılarımızdan Əbdürrəhim bəy Haqverdiyevin bəzi əsərlərini xatırlatdı. İmdatın orijinal yumor hissi elə həmin Abdal Adəmlə bağlı "Evin yıxılsın, Hacı", habelə, "Ürəyində söyən uşaq", "Türbənin dəlisi", "Hökumətin imzası", "Bizim evin qibləsi", xüsusilə də, "Anamın saatları" hekayələrində duyulur.

İmdat Avşarın hekayələrini oxuduqca, sanki, tək Türkiyəyə səfər etmirsən, bir az da bizim öz keçmişimizə -Mirzə Cəlilin, Sabirin, hətta Mirzə Fətəlinin təsvir etdikləri dövrlərə düşürsən. İstedadlı yazıçıyla, səmimi dostumla birlikdə qardaş ölkəyə bu qiyabi, amma canlı təəssüratlarla, maraqlı tanışlıqlarla dolu səfərim üçün İmdat Avşara minnətdaram.

Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı

***

İmdat Avşarın nəsr əsərlərində çox zaman şairanə bir üslubla qarşılaşmış oluruq. Onun hekayələrinin hər biri oxucuya mənsur şeir təsiri bağışlayır. İmdat Avşar əsərlərində təsvir etdiyi hadisələrin fonunda tarixi dönəmi tarix kitablarında olduğundan daha səhih və təsirli təqdim edə bilir. "Eylül yanğını" hekayəsi bu dediklərimə bariz nümunədir.

Doç.dr. Hidayət Özcan

***

İmdat Avşarın bütün hekayələrində fərd və cəmiyyət münasibətlərini görmək mümkündür. Fərdin cəmiyyət qarşısındakı məsuliyyəti, cəmiyyət içərisində fərdin mövqeyi Avşarın bədii cəhətdən işıqlandırdığı, həllini axtardığı məsələlərdir.

Ömər Seyfəddinin, Xalidə Ədib Adıvarın, Yaşar Kamalın əsərlərində çarəsiz görünən insanlar İmdat Avşarın hekayələrində həyatın çətinliklərinə qarşı mücadilə aparır. Qəhrəmanların bu yenilməzliyi, həm də, müəllifin həyat fəlsəfəsini bizə göstərmiş olur.

Doç.dr. Vedat Yeşilçiçek

***

İmdat Avşarın hekayəçilik anlayışını bir kəlmə ilə ümumiləşdirsək "kənd" sözündən istifadə etməliyik. Kənd gerçəkliklərini, Anadolu insanlarının həyatını bütün yönləri ilə Avşar səviyyəsində qələmə alan ikinci yazıçı yoxdur. Onun hekayələrinə rəng qatan ünsürlərdən biri də bozqırın yanıq türküləri, abdalların əllərindən düşməyən davul, zurna, kaman və sazlarının səsləridir. Bozqır, Kaman, Baranlı dağı, Kırşəhər, Arpa çayı və s. onun hekayələrində məkan anlayışından çıxaraq bədii obraz səviyyəsinə yüksələ bilir.

Avşarın hekayələrində dialoqlardan daha çox monoloqlar özünü göstərir ki, bu monoloqlar da şairanə üslubu ilə yadda qalır.

Doç.dr. Erol Sakallı

***

Türk ədəbiyyatı ilə ilk tanışlığım 15 yaşımda Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı ilə olmuşdu. Bu gün isə Türk ədəbiyyatını öz hekayələri ilə elə Rəşad Nuri qədər zənginləşdirən İmdat Avşar imzasını tanımaqdan və oxumaqdan məmnunluğumu bildirməliyəm.

İmdat Avşarın kitablarını oxuduqca onun tamamən fərqli, heç kimə bənzəməyən yazı üslubu, dili və zəngin yaradıcılıq dünyası olduğu qənaətinə vardım. Onun yaradıcılıq dünyası bütün ana rəngləri, ahəng və ritmi ilə həyatın özünü əks etdirir.

Avşar hekayələrində uydurmaçılığa qətiyyən yol vermir. Sadəcə, gördüklərini, müşahidə edərək hiss etdiklərini, içindən keçib gəldiyi yaşantıları qələmə alır. Onun hekayələrinin ana xətti çox bəsit, hətta bəzən çoxlarının görməzdən gəldiyi hadisələrin üzərində qurulur. Ədib qəhrəmanlarını elə təbii və sadə dildə danışdırır, onlara elə səs, nəfəs verir ki, oxucu o qəhrəmanların şəxsində özünü görür, öz yaşadıqlarını xatırlayır.

Prof.dr. Vaqif Məmmədov

***

İmdat Avşar həyatı olduğu kimi - səsləri, rəngləri, quşları, böcəkləri, Yeri, Göyü, görünən və görünməyən tərəfləriylə ədəbiyyata daşıyan yazıçıdır...

İmdat Avşar sözün damarından axan işığın mənbəyinə can atan, sözlə dost olan, sözdən möcüzələr yaradan yazıçıdır...

İmdat Avşar insan hisslərinin ən dərin qatlarına enib min bir çaların içindən ən incə duyğuları seçən yazıçıdır...

İmdat Avşar yüksək ədəbi zövqüylə yaradıcılığında klassika ilə müasirliyi birləşdirib janrın yeni pöhrələrini yaradan yazıçıdır...

İmdat Avşar incə yumor hissi olan, kədərli hekayələrinin içindən belə, zər kimi zərif yumor keçən ustad yazıçıdır...

İmdat Avşar min illərin türk ruhunu, türk mənəviyyatını, türk arzularını içində yaşadıb böyüdən, şeirləri, mükəmməl tərcümələri, "Soyuq röya",Süsənləri solan boz çöl","Göyərçin sevdası" hekayələr kitablarıyla ədəbiyyata yeni rəng qatan bənzərsiz yazıçıdır...

Azərbaycan ədəbiyyatının yaxın dostu, tanıdığımız, yaradıcılığını sevdiyimiz İmdat Avşara Aşıq Veysəlin təbirincə desəm, uzun, incə bu yolda uğurlar arzulayıram.

Təranə Vahid

Yazıçı, publisist

****

Ümumiyyətlə, təkcə ədəbi-bədii nöqteyi-nəzərdən deyil, İmdat Avşarın fəaliyyəti bütövlükdə Azərbaycan üçün əhəmiyyətlidir. Məsələn; onun "Övliya Çələbinin izində Azərbaycan" kitabı tarixi baxımdan da olduqca qiymətli əsərdir... Yaxud millət vəkili Qənirə Paşayeva ilə birgə hazırladıqları və Türkiyədə uzunmüddətli silsilə proyekt kimi gerçəkləşdirdikləri "Qarabağ hekayəsi antologiyası" ciddi, təqdirəlayiq işlərdir. İmdat bəyin ümummilli lider Heydər Əliyevin nitqləri və çıxışlarını türkçə hazırlaması, yaxud "Keçmişdən günümüzə qədər Azərbaycan hekayələri" antologiyası... Bunlar bir ordunun görə biləcəyi işlərdir. Ona yorulmaz fəaliyyətində uğurlar arzulayıram!

Səlim Babullaoğlu

(şair, tərcüməçi, esseist)

***

İmdat Avşar hekayə və şeir yaradıcılığında Türk dünyasının qanayan yaralarını təsirli üslub və tünd boyalarla əks etdirən sənətkardır. Yazarın Qarabağ hadisələrinə söykənən "Qarabağ qaçqınları" hekayəsi də bu dediyimizin ən bariz təsdiqidir. Avşar bu hekayəsində təkcə türk insanını və onun düşüncələrini deyil, türk milli musiqi aləti olan tarı da şəxsləndirir. Tar, nağara müşayiətində şur, segah, muğamı hekayəyə gətirən gətirən yazıçı Qarabağ ruhunu oxucunun təsəvvüründə yüksək bədii sənətkarlıqla canlandıra bilir. Tar çalan Balaca boylu Adam yazıçının gözündə, sanki, bütün Türk dünyasından həsrət, hüzn, acı, kədər, cəfa gətirən, "üzündə və alnındakı cizgiləriylə dünyanı neçə ildir addımladığından" xəbər verən biridir. Qarabağ hadisələrinin fonunda uşaqların çəkdiyi izatirabları yazıçı Pünhanənin obrazında ümumiləşdirir.

İmdat Avşar Qarabağ adı altında, sanki, Kərkük, Uyğur, Balkanlar, Orta Asiya – bütün dünya Türklüyünün hüznünü, iztirabını, çarəsizliyini, vəfasını milli şüur yanğısı ilə qələmə alır; türk musiqisi, çalğı alətləri, geyimləri, havaları və vətən həsrətini özündə yaşadan yanıq səsləri ürək yandıran bir üslubla olduqca təsirli təsvir edir. Və oxucunu inandırır ki, türk övladlarının çilə dolu həyatı bitəcək, Seyfəddin obrazında bütünləşən türk gəncliyinin xəyalları gerçək olacaq. O zaman tarın nəğmələri könlümüzə acı deyil, sərinlik gətirəcək. Nağaranın hər vuruşu türk insanının qəlb döyüntüləri ilə həmhal olacaq.

İmdat Avşar bu hekayəsində hekayənin qəhrəmanıyla özünü bütünləşdirmiş, özü də hekayənin qəhrəmanına çevrilmişdir. Türkün dərdini, çiləsini, çarəsizliyini öz içindən keçirib qələmə alan yazar Azərbaycan türklərinin dərin acılarına tərcüman olmuşdur. Bir yazıçı kimi bu həssasiyyəti, hekayə qəhrəmanıyla özünü bütünləşdirə bilmə bacarığı yazarla uca Türk millətini bütünləşdirməkdə və İmdat Avşarı türk hekayəçiliyində zirvələrə daşımaqdadır.

Prof.dr. Bəkir Çinar

***

Nə zaman soyuqdan, qardan, qışdan söhbət açılsa, Arif Nihat Asyanın 1962-ci illərin gerçək həyat hadisələrini özündə əks etdirən "Cahidənin əli" əsəri ağlıma gəlir. Yazı qəzetdə verilən xəbərlə başlayır: "Bingölün Hepsor kəndində gecəyarısı sumaq üçün evdən çölə atdıqları beş yaşlı Cahidəni axtarmağa gedəndə uşağı heç yerdə tapmadılar. Səhərə qədər sürən axtarışların acı nəticəsi...uzaqlarda bir əl tapıldı..." Bu üç cümləlik qısa xəbərdən Arif Nihat Asyanın ürəyinə, sanki, ildırım düşər.

Arif Nihat Asyanın ruhunu silkələyən o ildırımın atəşini, yanğısını "Soyuq röya" hekayəsində İmdat Avşarın ürəyinin dərinliyində hiss etdim. Mirseyidin taleyində Cahidənin itmiş körpə vücudunu, itmiş dünyasını aradım. Yazıçı bu hekayəsində öz həyatından yola çıxaraq yaxın ətrafına, məslək həyatına, içində yaşadığı toplumun acılarına dayanaraq olduqca təsirli süjet qurur.

Təkcə "Soyuq röya" yox, Avşarın bütün hekayələri oxucuda yaşanmışlıq duyğusu oyadır. Yaşanmışların ədəbi mətn daxilində canlı təsviri və oxucuya ötürdüyü təsiri yazarın dildən istifadə zamanı özünəməxsusluğundan qaynaqlanır.

İmdat Avşarın bütün hekayələrini ümumiləşdirib bir ad verməli olsaq, "Anadoludan bir səs" deyə adlandırmağımız daha doğru olardı. Çünki bu səsə bizim kimi Anadoluda yetişən insanlar uşaqlıqlarından aşinadır. Bu səs bizim səsimizdir, bu torpaqların səsidir. Bir az yanıqlıdır, bir az həsrət qoxuludur. Amma hər zaman ümid doludur, ümid verəndir o səs! Əlinə, əməyinə, ürəyinə və ürəyinin səsinə sağlıq, İmdat Avşar!

Prof.dr. Məhərrəm Dayanç

***

İmdat Avşar Türkiyənin O`Henrisidir. Çünki hər bir hekayəsini gözlənilməz sonluqla bitirməyi, oxucusunu təəccübləndirməyi və hekayə bitdikdən sonra dərindən düşündürməyi bacaran sənətkardır. Onun hekayələrindəki realist yazıçı mövqeyi daha çox naturalist boyalarla özünü göstərir.

Uzun illərin pedaqoji fəaliyyəti, müəllimlik təcrübəsinə baxmayaraq, Avşar bir çox yazarlar kimi təhkiyə zamanı didaktik-öyrədici mövqe seçməmiş, gerçəkləri olduğu kimi təqdim etməklə oxucunu öz daxili səsinə qulaq asaraq doğru yola yönəltməyi bacarmışdır.

Funda Özsoy Erdoğan (yazar)

***

Altmış ildir ədəbiyyatla məşğul olan bir adam kimi mübaliğəsiz deyə bilərəm ki, İmdat Avşar ədəbiyyatımıza unudulmaz hekayə ustası kimi adını yazmışdır. Təhsil müfəttişi işlədiyi illərdən üzü bəri dərin müşahidələri, müəllimlik etdiyi kəndlərdə rastlaşdığı hadisələr yazıçının hafizəsində silinməz izlər buraxmış və o yaşanmışlar hekayələrin dərin realist çalarlarla ortaya çıxmasına səbəb olmuşdur. O, mənim gözümdə folkloru ədəbiyyata çevirə bilən nadir istedadlardandır. Elə buna görə də, Avşarın hekayələrində hər birimiz özümüzü görə bilirik, özümüzdən bir parça tapa bilirik. Hadisələri zəncir kimi sağlam süjetlə bir-birinə bağlayan İmdat Avşarın dili yaşayan Türkçədir. Danışıq dilindəki ünsürləri yazıya gətirən canlı dili və üslubu vardır. Təhkiyəçilik qabiliyyətinə görə, aid olduğu ədəbi mühitdə heç kimə bənzəməyən yazıçı ədəbiyyat araşdırmaçısı və tənqidçilər üçün geniş müzakirə mövzusu, böyük oxucu kütləsi üçün isə dəyərli materialdır.

Bəkir Oğuzbaşaran (yazar)

***

Cümhuriyyət dönəmi Türk ədəbiyyatında Anadolu hekayəsi deyiləndə ağıla gələn ilk adlardan biri İmdat Avşardır. Anadolu türklərinin "abdal" adlandırdıqları övladlarının mərhumiyyətlərlə dolu həyatı, abdalların taleyin hər sərt üzünü görmüş yaşantılarının içindəki şükranlığı və qənaətkarlığı, həyatın bütün sınaqlarını təvəkküllə qarşılayan əzmini, mətin duruşunu təsvir etdiyi hekayələrində yazıçı, sanki, yaşadığımız dünyanın içində xariqüladə bir aləm yaratmışdır.

Mübaliğəsiz deyə bilərəm ki, İmdat Avşarın hekayəçilik istedadı, təsvir və təhkiyədə nəqletmə ustalığı, bədii məharəti Çingiz Aytmatovun əsərləri ilə müqayisə oluna bilər. İmdat Avşarın hekayələrindəki yumorun, ironiyanın alt qatında insanın iliyinə işləyən dərin bir hüzn vardır. O, hekayələrində romantik detalları realist həyat tablolarının içərisində rəssam incəliyi və həssaslığı ilə yerləşdirən bir qələm sahibidir.

Kamil Uğurlu (yazar)

***

İmdat Avşarın hekayələrini oxuyanda insanda belə təsəvvür yaranır ki, yazıçı, sanki, uşaqlığından bir gündəlik yazmağa başlamış, hər gün gördüyü hadisələri qeyd etmiş, yaddaşda yazdığı o hadisələri sonra bütün təbii cizgiləri ilə hekayəyə gətirmişdir. O, hadisələri nəql edərkən "bir zamanlar" ifadələrindən istifadə etsə də, bu hekayələr realist çalarları ilə diqqəti çəkməkdədir. Avşarın hekayələrində yumor güldürən yumor deyil, oxucunu güldürərək düşündürməyə sövq edən yumordur.

Avşarı oxuyarkən özümüzü təbiətlə iç-içə hiss edirik. Bozqırın tən ortasında, uçurumlu yollarda, dağlardan axan şəffaf suları içməyimizin, çiçəklərə tamaşa etməyimizin, qarda bata-bata irəliləməyimizin, isti sobanın dövrəsində qızınmağımızın xəyalı bizi hekayənin bir obrazına çevirir.

İmdat Avşarın hekayələrində uşaq obrazları geniş yer tutur. Hətta o hekayələrin bəzilərini uşaq haqları bəyannaməsi kimi oxumalıyıq.

Bəzi hekayələrində isə yazıçı dövlətlə xalq, cəmiyyətlə fərd arasındakı uçuruma güzgü tutur. "Qarabağ qaçqınları", "Xocalıda qalan tar" hekayələrində tarixi hadisələri yüksək həssasiyyətlə və bədii dillə ədəbiyyata gətirir.

Yazıçının bədii təxəyyül gücü və təhkiyəsi olduqca inandırıcıdır. ""Durna bürcü" deyilən bir yer varmı?" sualı ilə yazıçıya müraciət etməyim onu deməyə əsas verir ki, oxucu əsər boyu qarşılaşdığı hadisələrin gerçəkliyinə inanır.

İmdat Avşarı oxuduqca onun şeir diliylə təsvir etdiyi təbiətin saflığını, uşaqların məsumluğunu ürəyimə nəqş etdim, bir tarın, bir nərgiz çiçəyinin duyğulara tərcüman ola biləcəyini gördüm, kasıblığı iliklərimə qədər hiss etdim, zaman içində keçmişə yolçuluq etdim. Bu gözəl əsərlərin yazarına oxucusunun və uğurlarının bol olmasını diləyirəm!

Süheyla Karaca Hanönü

Yazıçı, ədəbiyyat müəllimi

***

İmdat Avşar bozqır insanlarının taleyini, həyatını poetik ifadə tərzi ilə qələmə alan usta yazardır. Avşarın hekayələrindəki qəhrəmanlar hamımıza doğma, tanış simalardır. Bu adamları yazıçı o qədər sadə dillə təsvir edir ki, onları sevməmək üçün gərək sevgi anlayışından bixəbər olasan. İmdat Avşar yaratdığı obrazı elə sevdirir ki, bu gözəl insanlara azacıq yan baxan, yanlış baxan olanda, onlara qarşı edilən ən kiçik haqsızlıq oxucusunun ürəyinə toxunur.

Anadolu mühitinin - Türk insanının həyatını bütün cizgiləri ilə əsərlərində canlandıran yazıçı "Molla əmi" və "Kərəm" hekayələrində bizə qardaş Azərbaycandan salam gətirir.

O, bozqırın hekayələrini "quru" təsvirlə qələmə almır, bozqırın çiçəkləri solmasın deyə hekayələri ilə o çiçəkliyə, o çəmənliyə su daşıyır, həyat verir, əlvan rənglərə boyayır, ətir qatır. Yazan əlləri dərd görməsin! Süsənləri heç zaman solmasın; ilin hər mövsümü çiçək açsın!

R.Mithat Yılmaz

***

İmdat Avşar bozqırın ən ağacsız, ən quraq yerindən tərtəmiz bulaq kimi qaynamaqdadır. Bozqırı ədəbiyyata gətirən Abbas Sayar, Hüseyn Su, Ethem Baran adlarının yanında İmdat Avşarın adını böyük rəğbətlə yazıram. O, bozqırın süsənlərini solmağa, insanlarını unudulmağa qoymayan həssas ruhlu qələm sahibidir. Onun əsərlərindən oxuduğumuz qəhrəmanlar, əslində, qəhrəman olduğunu bilməyən adamlardır. Davulçu Adəm, kor Bektaş, Şahan əmi, Möhtərəm, Bəhri Usta, oğlu Tufan, sadəcə, hekayə qəhrəmanı deyil, bozqırın geniş ürəkli insanlarıdır.

İmdat Avşar Anadolunun şifahi mədəniyyətinə və bu coğrafiyanın dilinə dərindən hakim olduğundan heç kimi təkrarlamayan bənzərsiz avaz və üslubla yazır. Sünilikdən uzaq, tərtəmiz, duru kəlmələrlə çıxır qarşımıza... Uzun illər təhsil müfəttişi kimi fəaliyyəti və müəllimlik təcrübəsi də, öz növbəsində, İmdat Avşar qələmini püxtələşdirir, hekayə süjetlərini bir-birindən ibrətamiz həyat hadisələri ilə zənginləşdirir.

Zeki Bulduk

yazar

***

***

İmdat Avşar istedadlı, oxucuya qarşı isti, səmimi və yaxşı ünsiyyət qura bilən bir yazıçıdır. Onun yazdıqlarını oxuyanda həzz alıram. O, zaman-zaman oxucularını doğulduğu yerlə, boya-başa çatdığı, təhsil aldığı mühitlə, birlikdə işlədiyi, sevdiyi, duyğularını hiss etdiyi insanlarla tanış edir. Həm də, çox sadə və rahat bir ortamda: kənd məktəbində, sıradan bir Anadolu kafesində, əyri-üyrü bir küçədə, köhnə bir dükanda... Bu məkanlar elə yerlərdir ki, orada quramaçılıq, sünilik, saxtalıq, dəbdəbə yoxdur. Onun hekayələrini oxuyarkən, əslində, oxumursunuz, bir kafenin küncündə oturub stulun qoltuğuna dirsəklənərək, çayınızı içib siqaetinizi çəkərək ürəyini boşaldan bir yazarın göstərdiyi səhnələri izləyirsiniz, qulaqlarınızı şəkləyib söylədiklərini dinləyirsiniz. Mən onun hekayələrinin içinə enirəm və orada bir rahatlıq tapıram.

Əjdər OL

Yazıçı

***

İmdat Avşarın ədəbi yaradıcılığı, hekayələri onun istedadlı bir yazıçı olduğundan xəbər verir. Onun Bakıda yayımlanan "Anamın saatları" adlı hekayələr toplusu böyük bir maraqla qarşılandı. İmdat Avşarın bir insan kimi də, bir dost kimi də münasibətinə, həssasiyyətinə böyük qiymət verirəm. Zəhmətkeş dostumun durmadan çalışması, gördüyü işlərə şövqlə yanaşması öz bəhrəsini verir. Onun bundan sonra da həm Türk dünyası ədəbiyyatından edəcəyi tərcümələrlə, həm də, öz əsərləriylə ədəbiyyat dünyamızda önəmli işlər görəcəyinə inanıram.

Rəşad Məcid

"525-ci qəzet"in baş redaktoru, yazıçı-şair

***

İmdat Avşar yaradıcılığa gec başlayıb. Ona görə də, itirdiyi zamanın yerini doldurmaq üçün, sözün əsl mənasında, gecə-gündüz çalışır. Görünür, qısa müddətdə Türk dünyasının çeşidli yerlərində, ən nüfuzlu ədəbi orqanlarda çap olunmasının da, əsərlərinin müxtəlif ödüllər almasının da sirri bundadır. Zəhmətkeşliyi, özünə tələbkarlığı ilə də İmdat Avşar seçilir. O, Azərbaycanda Rəsul Rza Beynəlxalq mükafatına, Bəxtiyar Vahabzadə adına Türk dünyasına xidmət ödülünə, "Azərbaycanı xaricdə ən yaxşı tanıdan əsər" nominasiyasında ("Övliya Çələbinin izi ilə Azərbaycan" kitabına görə) Nəcəf Nəcəfov mükafatına layiq görülüb. Amma İmdat bəyin Azərbaycan ədəbiyyatı ilə bağlılığını, sayı-hesabı bilinməyən tərcümələrini, Qarabağ həqiqətlərinin Türkiyədə yayılması üçün gördüyü işləri düşünəndə bütün bu ödüllərin təsadüfi olmadığını görürsən. Artıq bioqrafiyasına yazılmış imzalara görə, yəni, çevirdiyi müəlliflərə görə, bir az da qibtə edirsən ona. Heç şübhəsiz ki, adını sadaladığım o müəlliflərin əsərlərini çevirəndə İmdat bəy Azərbaycan ədəbiyyatını bir az daha yaxından öyrənib, dilimizi daha yaxşı hiss edib. Elə davranışındakı, xarakterindəki azərbaycanlı elementləri bir az da bu əsərlərdən gəlir. Axı, Axundzadənin "Aldanmış kəvakib"ini, Rəsul Rzanın şeirlərini, Anarın "Kərəm kimi"sini, Ənvər Məmmədxanlının "Bakı gecələri"ni cümlə-cümlə oxuyan, söz-söz araşdıran, çevirən, dərinliyinə gedən adam necə düşməyə bilər bu əsərlərin təsirinə? Üstəlik, İmdat Avşar kimi sözə həssas, şair təbiətli, əsl türkçü, fədakar bir adam...

Son illərdə Türkiyədə minlərlə tirajla nəşr edilən "Qarabağ hekayələri" antologiyası İmdat bəyin şəxsi təşəbbüsü ilə araya-ərsəyə gəlib. Kitabda müxtəlif müəlliflərin Qarabağ mövzusundakı hekayələri yer alıb. Antologiyanın həmmüəllifi millət vəkili Qənirə Paşayevadır. İmdat Avşar Qənirə xanımla birgə Türkiyənin müxtəlif şəhərlərində, bölgələrində bu kitabın təqdimatlarını keçirir, həqiqətlərimizin təbliğatı üçün çalışır. Bütün bu nəcib əməllər İmdat bəy haqda ən təsirli sözləri, hətta tərifləri dilə gətirməyə imkan verir.

Pərvin Nurəliyeva

yazıçı, "Qobustan" sənət toplusunun baş redaktoru

***

İmdat Avşar yaşamadığı, bilmədiyi, hiss etmədiyi mövzulara toxunmaz. O, hər zaman ruhunun dərinliklərində iz salanları, özünə yaxın olanları qələmə alır. Bu mənada, "Qarabağ qaçqınları" hekayəsi Türk oğlu Türk olaraq onun ruhunun, daxili dünyasının tələbləri ilə yazılmışdır. Avşar, yeri gəldikcə, cəmiyyət tərəfindən kəskin etirazlarla qarşılanan sosial-siyasi məsələləri, ictimai haqsızlıq və ədalətsizlikləri bədii dillə təsvir edib oxucusuna göstərir.

Eyvaz Zeynalov

Yazıçı

***

İmdat Avşar adı sevə-sevə oxuduğum hekayəçilərin ən başında dayanır. Gözəl qələmi, doğma və özünəməxsus ifadə tərzi var. Hər bir Anadolu yazarında olduğu kimi, İmdatın hekayələrində də yerli ünsürlər diqqəti çəkməkdədir. Hekayələrində bozqırın təbiəti və insanı xüsusi sevgiylə təsvir olunur. Yaratdığı qəhrəmanlar həyatdan götürülmüşdür; bizim aramızdan çıxan insanlardır. Bozqır unudulmuş coğrafiyaların və unudulmaqda olan insanların məkanıdır. İmdat Avşardan ötrü puç olmuş bütün ömürlər bozqırın həyatıdır. Onun yazıçı ürəyi və qələmi bu insanların və bütövlükdə bozqırın həyatına bozlaqla, bayatıyla, ağıyla fəryad edir. Bu fəryadlar yoxsul, möhtac olmasına baxmayaraq, səmimi, comərd, igid insanların səsləridir. İmdat Avşar bu səsləri oxucuya ən yaxşı şəkildə çatdıra bilən usta yazıçıdır.

Emir Kalkan

Yazıçı

***

İmdat Avşarın "Qarabağ qaçqınları" hekayəsi son illərdə oxuduğum ən gözəl hekayələrdən biridir. Bu, adi bir hekayə deyil, iki dəfə təkrar oxumaq ehtiyacını duyduğum mükəmməl bir tablodur. "Qarabağ qaçqınları"nı oxuyarkən yaşadığım ağrını, keçirdiyim hissləri, hekayənin dərinliyində sezdiyim hüznün rəngini sözlə ifadə edə bilmirəm. Avşarı oxuyun, o zaman məni mütləq anlayacaqsınız...

Yavuz Bülənt Bakilər

Şair

***

"Süsənləri solan bozqır..." İmdat Avşarın hekayələri... Düzünü deyim ki, 186 səhifəlik bir kitabı əvvəldən sonacan birnəfəsə oxudum. Avşarın qələmə aldığı hər bir hekayə bədii təxəyyülün məhsulu deyil, gerçəyin özüdür, yaşanmış həqiqətlərdir...

Abdurrahim Karakoç

Şair

***

İmdat Avşarın əsərləri üslub sadəliyi, ifadə səlisliyi və axıcı dili ilə seçilir. Klassiklərimizdən ustalıqla bəhrələndiyi üçün müasirlərinin əsərlərində təkrarlanan yanlışlıqlara İmdat Avşar yaradıcılığında, ümumiyyətlə, rast gəlinmir. O, əsərlərindəki doğma və munis kəlmələrlə yeni cığır açır, heyranedici ahəng yaradır. Onun hekayələrində, sanki, hadisələrin təsir gücünü artıran incə yumor rüzgarı əsir. Məncə, Sait Faiq dənizin, İmdat Avşar bozqırın səsidir. Sait Faiqin adaları, balığı, qayığı, qayıqçını, yosunu, qağayını tanıdığı qədər İmdat Avşar söyüdü, qovağı, durnanı, qarğanı, sərçəni, göyərçini, laləni, süsəni, nərgizi tanıyır. İmdatın müraciət etdiyi mövzuları bu günə qədər yüzlərlə qələm yazıb. Amma bir siyasi fikri izah və sübut etmə məqamı gələndə səmimiyyət yoxa çıxır. İmdat Avşarı məhz bu səmimiyyəti bütün yaradıcılığı boyunca qoruya bildiyi üçün sevirəm. Mən İmdat Avşarın hekayələrində Cahit Küləbinin şeirlərindəki kimi sadəliyi, bir bozqır sevdalısı olaraq, bir az da özümü tapdım. Avşarın hekayələrindən romana doğru yol, geniş bir üfüq açılır. Kim bilir, bəlkə, yaxın gələcəkdə İmdat Avşar imzalı romanlar da oxuyacağıq...

Ali Akbaş

Şair

***

İmdat Avşar "Süsənləri solan bozqır"da bu günümüzün hekayəsinin tərk etdiyi bir dünyadan oxucuya səslənir. Avşar həyat təcrübəsindən yola çıxaraq Anadolu insanını adət-ənənələri, şipşirin ləhcəsi, tərtəmiz duyğuları ilə ədəbiyyat dünyamıza dəvət edir. Yazıçının gözündə bozqır bomboz görüntüsü ilə dünyanın bütün rənglərini özündə ehtiva edir.

Yakup Öztürk

Tənqidçi

***

İmdat Avşar bütün fəaliyyəti ilə milli mədəniyyətimizə müstəsna xidmət göstərən və əsərləri ilə milli dəyərlərimizə sahib çıxan istedadlı qələm adamıdır. Həsrətini çəkdiyimiz uşaqlıq dünyamız, qorxularımız, həyəcanlarımız onun "Süsənləri solan bozqır"ında, "Soyuq röya"sında boy verib özünü göstərməkdədir. Onun hekayələrində rastlaşdığımız insanların daxili həyəcanlarını öz içimizdə keçirir, qarşılaşdığımız hər bir xarakterin taleyini yaşamış oluruq. İmdat Avşarı oxuduqca, sanki, Anadolunun ucsuz-bucaqsız çöllərində çatlamış torpağa toxunur, o torpağın hərarətini öz canımızda hiss edə bilirik. Hekayə qəhrəmanlarına qoşulur, bozqırın təmiz havasını udur, tarlalarında dolaşır, bəzən ürəkdən gülür, gah da acı göz yaşlarına qərq oluruq. Və o an hiss edirik ki, orda gördüyümüz, qarşılaşdığımız, oxuduğumuz, bizi güldürən və ağladan hadisələr, əslində, öz yaşantılarımızdır. Məncə, İmdat Avşar qələmini bizə sevdirən ən ümdə xüsusiyyət o hekayələrdə öz həyatımızdan tapdığımız izlərdir.

İmdat Avşar bədii yaradıcılığı və tərcüməçilik fəaliyyəti ilə ilə çağdaş türk ədəbiyyatına mühüm töhfələr verən istedadlı qələm sahibidir. Bundan sonra da gözəl əsərlərlə oxucuları salamlayacağına inanır, ona uğurlar arzulayıram!

Vedat Ali Tok

Yazar

***

İmdat Avşar bozqırın ürəyində yaşamın kölgəsinə günəş yağdıran adamdır... Onun hekayələrində biz Anadolu torpağına ruhunu sürən, üfüqünə türkülər söyləyən bir yazıçı görürük. Bu həssas ürəyi hekayələrdə duymaq çox təsirlidir. İmdat Avşarın mətnləri modern və postmodern elementlərdən tamamilə uzaq, gerçəkliklə səsləşən realist mətnlərdir.

MehtapAltan

Jurnalist

***

"Hekayə seli"nin ədəbi mühitə kütləvi axın etdiyi bir dönəmdə İmdat Avşarın hekayələri mövzu, süjet, təsvir və təhkiyə xüsusiyyətləri ilə ümid verici mövqeyi ilə seçilir. Anadolu insanlarının daxili çarəsizliyini incə bir sızıltı kimi duymaq özü o qədər də asan iş deyildir. Avşarın hekayələrini oxuduqca, sanki, əhatəmdə olan doğmalarımın şəkillərinə baxıram, onların dilindən başlarına gələn hadisələri dinləyirəm. Yazıçı bu həyat hadisələrini nəql edərkən dil vasitələrindən o qədər uğurlu istifadə etmişdir ki, hekayələri oxuyub bitirdikdən sonra, sanki, süfrədən doymamış qalxan bir adamın iştahasını hiss edirik. İmdat Avşar qələminin sirri və özünəməxsusluğu məhz bundadır. Söhbətlərimiz zamanı ona bir neçə dəfə: "Gözəl şeir damarın var, şeir yazmağı unutma!"- demişdim. Amma hekayələrini hər oxuduqca bizim belə bir hekayəçiyə şairdən daha çox ehtiyacımızın olduğu qənaətindəyəm.

Muhsin İlyas Subaşı

Yazıçı, şair

***

"Soyuq röya" kitabıyla bozqırın qəlbindən səslənən müdrik bir hekayəçidir İmdat Avşar... Hekayələrində qəhrəmanlarının hər ovqatını təsvir edən usta yazıçı, həm də, oxucusunu haldan-hala salmağı bacarır. O, "postmodern" və "modern" adı altında süni bər-bəzəklə dolu əsərlərin yazıldığı, kənd həqiqətlərinin, kənd həyatının qələmə alınmasının bayağılıq sayıldığı bir dönəmdə Anadolu gerçəkliklərini bütün çılpaqlığı ilə canlandıran, oxucunun duyğu dünyasına dərindən sirayət edə bilən istedadlı yazıçıdır. Çap olunan ilk kitabı "Süsənləri solan bozqır"ın ədəbi aləmə qədəm qoyduğu ilk gündən bütün diqqətləri öz imzasına çəkməsi bacaran bir sənətkardır. Onun hekayələrinin gücünü və sevilməyinin səbəbini, öncə, hekayə qəhrəmanlarının həyatın içindən seçilməsində və müəllifin kəlmə oyunlarına fikir vermədən istifadə etdiyi sadə, duru, şairanə üslubda axtarmaq lazım gəlir.

Ercan Köksal

Yazar

***

İmdat Avşar qırx yaşında hekayə yazmağa başlayıb. "Qırxından sonra yazıçı olmaq olarmı?" – deyə bir sual ağıla gəlir. Və bu suala mən belə cavab verərdim: "Bəli, olar!" Qırx yaşdan sonra hekayə yazmağa başlayan və olduqca mükəmməl yazan İmdat Avşar bu düşüncəni öz zəhmətkeşliyi və istedadı ilə sübuta yetirmişdir. Divan ədəbiyyatı şairlərindən Koca Raqip Paşa: "Əgər məqsud əsərsə, misrayi bərcəstə kafidir!" -deyərmiş. Bu misranın daşıdığı mənaya əsaslanaraq deyirəm ki: "İmdat Avşar ilk kitabı olan "Süsənləri solan bozqır" ilə hekayə janrında özünü isbatlamış, bacarıqlı və məhsuldar yazıçı kimi qələmini tanıtmağı və geniş kütlə tərəfindən sevilməyi bacarmışdır."

Sırrı ER

Yazar

***

İmdat Avşar türk hekayəçiliyi üçün önəmli bir imzadır. Onu Qoqolun rus ədəbiyyatına etdiyini bizim ədəbiyyatımızda edə biləcək bir işıq olaraq görürəm. Bu torpağın üzərində yaşayan sadə insanları ədəbiyyata gətirərək onların məşəqqətli həyatından toplumun dərs alması üçün mükəmməl örnəklər ortaya qoydu İmdat Avşar. Və bunları qələmə alarkən folklora söykənən xalq dilindən istifadə etmədi; ədəbi dilin və folklorun qovuşuğunda yeni və bənzərsiz dil yaratdı. Onun yazdıqları, sadəcə, bu torpağın üzərində qazanılmış təcrübələrdən və müşahidələrdən qaynaqlanmır. Bu hekayələrin alt qatında bu torpaqların dərinliklərindən süzülən təbiilik və səmimilik dayanır. Bu torpağın dərinliklərindən qopub gələn canlılığa sahib olan Avşarı gələcəkdə daha canlı olmağı bacaracaq duruluqda və müdriklikdə görürəm!

Selim Tunçbilek

Şair, tənqidçi

***

İmdat Avşarın "Süsənləri solan bozqır"dakı hekayələri Anadolu gerçəkliyini bütün çılpaqlığı ilə oxucunun gözlərində canlandırır. Bizim nəslin adamları itirdiyi uşaqlığını axtararsa, mütləq o hekayələrin içərisində tapa bilər. Avşarın "Möhtərəm" hekayəsi adi bir hekayə deyil, Möhtərəmin timsalında bizim- Anadolu uşaqlarının məktəbdən qovulmağımızı özündə əks etdirən rəsm tablosudur.

Yavuz Bağcı

Təhsil işçisi

***

Hekayələrdə, romanlarda Anadolunu oxumaq istəyənlərin sevimli yazarıdır İmdat Avşar... "Süsənləri solan bozqır"ı oxuyanlar "Soyuq röya" kitabında yazarın qələminin daha da itiləşdiyini və mükəmməlləşdiyini görəcək, müdrik yazıçının təqdimatında ibrətamiz həyat hadisələrinin şahid olacaqlar. Qeyd edim ki, burda "oxumaq" sözünün yerinə "şahid olacaqlar" yazmağım əbəs yerə deyildi. Çünki İmdat Avşar təsvir etdiyi hadisələri oxucuya o qədər canlı təqdim edir ki, oxucu özünü hadisələrin içində zənn etdiyindən kitabda yazılanları oxuduğunu yox, onlara şahidlik etdiyini zənn edir. Bu, İmdat Avşarın doğulub boya-başa çatdığı Kamanda və Anadolunun müxtəlif bölgələrində müəllim və müfəttiş kimi yaşadığı, gördüyü və müşahidə etdiyi hadisələri naturalist boyalarla qələmə almasından və eləcə də, yazıçının yüksək bədii təxəyyül gücündən qaynaqlanır.

Suavi Kamal Yazgıç

Tənqidçi

***

Bozqırın yanıqlı bozlaqlarını Məhərrəm Ertaşın və oğlu Nəşət Ertaşın səsindən mənəvi zövqlə dinləyər və doymazdıq. Onların səsi hələ də qulağımızda ikən, "ozanlar diyarı Kırşəhər" yeni bir səsə, yeni bir nəfəsə, yeni bir "qələm"ə sahib oldu. Kırşəhərlilər "Süsənləri solan bozqır"ın yazarı İmdat Avşarla nə qədər öyünsələr, yenə də azdır.

Osman Erenalp

Yazar

***

Hər kəsin bir hekayəsi var, amma hər hekayəsi olan da hekayə yazarı ola bilmir. İmdat Avşar həyat hadisələrini bütün rəngləri ilə ədəbiyyata daşıya bilən yazıçıdır. O, hər bir hekayəsində fərd və cəmiyyət, insan və dünya münasibətlərinin işıqlı mövqelərdən həllinə çalışır.

Nazim Payam

Yazar, şair

***

Oxucularını realist hekayələri ilə salamlayan İmdat Avşar modern və postmodern elementlərdən tamamilə uzaq, klassik ədəbiyyatdan bəhrələnən müstəsna istedad sahibidir. Hekayələrində əsas mövzu olan Anadolu təbiəti və insanları ədibin yaxşı tanıdığı və dərindən bələd olduqlarıdır. Məhz bu xüsusiyyətinə görə də, onun hekayələrində inandırıcılıq ən yüksək səviyyədə özünü göstərir. Bu əsərlərdə heç bir mübaliğə və ya romantizmə meyil müşahidə etmək mümkün deyil. Əksinə, İmdat Avşar realist olmaqdan daha çox naturalist hekayəçidir.

Doç.dr. Zəhra Yazbahar

***

"Süsənləri solan bozqır"adlı ilk kitabı ilə Kırşəhər abdallarını oxucularına sevdirən, onların tərtəmiz, saf dünyalarını hekayəyə gətirən İmdat Avşar "Soyuq röya" kitabında Anadolunun göz önündə olmayan əzilmiş insanlarının həyatını qələmə alıb. Uzun illər müəllimlik etməsi, pedaqoji fəaliyyəti yazıçının bu hekayələrdə baş verən epizodları müşahidə etməyə imkan yaradıb. Həyatın bütün çətinliklərini çiyninə alan və heç zaman üsyan etməyən insanların taleyini ədəbiyyata gətirib İmdat Avşar. Zərif və incə yumor bu hekayələrin içində xəfif meh kimi əsir. Ədib ilk kitabını ədəbi mühitə təqdim etdiyi gündən istedadlı bir qələm sahibi kimi rəğbətlə oxunur. Sonrakı dönəmlərdə yazdığı hekayələri də ilk kitabının qazandığı uğurun təsadüfi olmadığını sübuta yetirir.

Dəniz Dengiz Şimşək

Yazar

***

"Yoxsulluq hansı dildə danışırsa, danışsın, anlayardım..."- deyən İmdat Avşarla birlikdə bozqırın dilini öyrənirik... Yazarın o qədər qüdrətli təsviretmə məharəti var ki, oxuduqca özümüzü hadisələrin içində zənn edirik. Bağdadın bulud kimi dolan gözlərinin yaşı bizim gözlərimizdən axır, Aslanın "davuluyla bərabər yarılan ürəyi"nin sızıltısını öz içimizdə hiss edirik. Avşar həyatın içindən yazıya aldığı hadisələrlə bizə həyat dərsi verir, insanın Allah qarşısında məsuliyyəti ilə bərabər, insanlar və insanlıq qarşısında daşıdığı məsuliyyət hissini də yadımıza salır. "Tövbəkarlar"ın iradəsizliyinə baxıb öz tövbələrimizi tərəziyə qoyuruq. Yazıçı "könlə xatir qalmamış" deyəndə həsrətlə keçmiş vaxtları xatırlayır, modern dünyadakı insanların qurduğu münasibətlərin "körpünü keçənə qədər" olduğuna təəssüf edir. Amma İmdat Avşarın qəhrəmanları insanlığa ibrət dərsi verir. Hamdi kirvənin, Rəhman dayının dərya kimi dərin, saflıq, təmizlik abidəsi olan könüllərindən bozqır insanının comərdliyini duyuruq.

Avşarın mətnlərini oxuduqca türkcənin doğma nəfəsi ruhumuza yayılır, kitabları səhifə-səhifə çevirdikcə türk dilinin təmiz havasını udur, ciyərlərimizə çəkirik.

Sümeyra Tulumcu

Şair

***

Ahi Evran, Yunus Emre, Hacı Bəktaş Vəli kimi Anadolunun ruh iqlimini yoğuranlar bozqırı özlərinə dərgah bildilər. "Bozqır" kəlməsi ədəbi motiv olaraq Süleyman Çobanoğlu, Mustafa Çiftçi kimi yazarlarımızla yanaşı, İmdat Avşar yaradıcılığında da özünü göstərməkdədir.

İmdat Avşar "Süsənləri solan bozqır" əsəri ilə, sanki, məmləkəti Kırşəhərə vəfa borcunu ödəyir. O Kırşəhər ki, Aşıq Paşa, Ahi Evran, Neşet Ertaş kimi uluların məmləkətidir... Anadolu insanı ilk dəfə Kırşəhərdə göyə baxmağı ağıl edib. Elə buna görə də, Cacabəy rəsədxanasını Kırşəhərdə qurub.

İmdat Avşar hekayələrində Anadolunun bu qədim tarixini, coğrafiyasını, doğma insanlarını təsvir edir. "Bozqırda bir türk evi necə olur?" – sualına ədib "Bizim evin qibləsi" hekayəsi ilə cavab verir. "Evin yıxılsın, Hacı" hekayəsində pərişan hallarına belə şükür edən bozqır insanını ədəbiyyata gətirməklə oxucusuna ibrətamiz mesajlar vermiş olur.

Enes Akçay

Yazar

***

"Azərbaycan ədəbiyyatında Qarabağ hekayələri" antologiyasını tərcümə edib nəşrə hazırlayan İmdat Avşar zəhmət və fədakarlıqla bir ölkənin haqlı davasını dünyaya çatdırmaq kimi müqəddəs bir vəzifəni çiyinlərinə götürmüşdür.

Həqiqətin və ədalətin səsini dünyaya hayqıran "Qarabağ hekayələri", həm də, Vətən təəssübüdür...

Bədir Acar

Jurnalist

***

Qarabağ Türk dünyasının qanayan yaralarındandır. Təəssüf ki, bu yara zaman keçdikcə qaysaq bağlamaqdadır. Qarabağ savaşından geriyə qalanlar bütün Türk dünyasının ortaq yazqısıdır. Bu nöqtədə türk millətinin üzərinə düşən missiya bu yazqını pozmaq və yeni şəkillənən coğrafiyada qədim hakimiyyəti sağlamaq olmalıdır. Bu mənada, Türk dünyasının yorulmaz müdafiəçisi, ortaq türk ədəbiyyatına böyük xidmətlər göstərən İmdat Avşarın tərcümə edib nəşrə hazırladığı "Azərbaycan ədəbiyyatında Qarabağ hekayələri" adlı antologiya Türk millətinin ictimai şüur və milli mənsubiyyət duyğusunu geri qazandırmaq istiqamətində çox önəmli bir addım olaraq dəyərləndirilməlidir.

Türk dünyasının qəflət yuxusu Avşarı ağrıdır, yaşadığımız çağın acı gerçəyini İmdat bəy çox təsirli bir ümumiləşdirmə ilə qələmə alır: "İnsanlığın ucaldığı ən yüksək mədəniyyətdə yaşayan biz, eyni zamanda, ədalət duyğusunun yox edildiyi, vicdanların susdurulduğu, "güclü" olanın haqlı sayıldığı zalımın məzlum göstərildiyi bir dünyada yaşayırıq". Tarix, əlbəttə, millətlərin mücadilə səhnəsidir. Bu mənada İmdat Avşar "Qarabağ hekayələri" antologiyasını Azərbaycan türklərinin mücadiləsini, ata-baba yurdlarından sürgün olunan soydaşlarımızın taleyini, türkün haqlı səsini dünyaya duyuran ən təsirli yol olaraq görür. İmdat bəyin bu xidməti ədəbiyyat, tarix və mədəniyyət tarixində müstəsna əhəmiyyətə malikdir.

Hakan Çalık

Ədəbiyyatşünas

*****

İmdat Avşar, zənnimcə, Türkiyənin Azərbaycanda, Azərbaycanın isə Türkiyədə Mənəvi Səfiridir. Bu insanın bütövlükdə fəaliyyəti Türk ədəbiyyatına, Azərbaycansevərliyə yönəlib. Bu gün erməni lobbisinin milyonlarla dollar vəsaiti hesabına türklüyə qarşı savaş aparan beyin mərkəzlərinə İmdat Avşar qardaşımız əvəzsiz cavab verə bilir və Azərbaycanın say-seçmə yazarlarının əsərlərini Türkiyə türkçəsinə çevirməsi buna misaldır. İmdat Avşar bu addımı ilə, əslində, Türkiyə ilə Azərbaycan arasındakı bütün sərhədləri aradan qaldırır.

Eldəniz Elgün

"Unikal" qəzetinin baş redaktoru

***

İmdat Avşar! İnsanların adlarına çəkdiyi həm elmə, həm də elə topluma yaxşı məlumdur. Bu mənada uzaqdan- uzağa da olsa öyrənəcəkdim ki, ruhuna ad və qanad verən "imdat" kəlməsi başdan-başa İmdat bəyin xarakterinə də aiddir.

Tale deyilən güc əlinə qələm aldığı gündən bu yana Anadolunun Azərbaycan ətri gələn bölgələrində çalışan İmdat bəyi Azərbaycan aurasına salmış və ona Anadolu azərilərinin ağrılı-acılı taleyinə tərcüman olmaq vəzifəsini yükləmişdir. Belə də olmalıydı, yəqin ki! Avşar soyadını boşuna daşımırdı ki! Azərbaycan türklərinin millət kimi təşəkkülündə "Avşar" türklərinin nə qədər rol oynadığını bilməyən yoxdur.Beləcə, adından və soyadından gələn bir qan bağı onu Anadolu və Azərbaycan türklüyü arasında bir körpüyə çevirmişdir. Bu günə qədər Azərbaycan ədəbiyyatından Anadolu türkcəsinə uyğunlaşdırdığı saysız-hesabsız ədəbi nümunələr dediyimizin birbaşa sübutudur.

"Qarabağ qaçqınları" hekayəsinin yanağa yox, ürəyə axan göz yaşlarıyla yazıldığına kimsədə şübhə qalmaz, bəlkə buna görə, daşdan belə göz yaşı çıxaracaq bir əsərdir bu!İnsanların bərabərliyinin, pisin yaxşıya, zalımın zəifə zülmünün, ədalətsizliyin və haqsızlığın sonsuz bir fəryadla qabardılması İmdat Avşar əsərlərinin ağrılı məqamlarındandır.

İmdat bəy gözəl ürəyə və incə ruha malik bir insandır. Bunu onun yazılarından hiss etməmək mümkün deyil.

Afaq Şıxlı

Şair, publisist. Moskva

***

İmdat Avşarın "İtmiş bahar nərgizi" hekayəsi vətənindən, torpağından, el-obadan, kökdən ayrı düşməyin faciəsini oxucunun təsəvvüründə canlandırır. Hekayədə məni heyrətləndirən ilk nüans bir insanın kiçicik bir çiçəyin həyatını bu qədər detalları ilə yaşamasıdır. Klassik poetikada "təşxis" adlandırılan şəxsləndirmə bədii fiqurundan məharətlə bəhrələnən yazar həyatımızın bir parçasına, xoş günlərimizin təcəssümünə çevrilən bir çiçək həyatını həm bir rəmz, həm də reallıq olaraq qarşımızda sərgiləyir: bizi sevindirən bu Tanrı lütfü sevindirərkən məhv olurmuş demə... İnsanın gündəlik iş-gücünün, məşğuliyyətinin qurbanı olurmuş demə... Yazıçı bunu demir, təlqin etmir, təbliğat aparmır; yazıçı bunu yaşadır...

Doç.dr.Təhminə Bədəlova

***

Müasir türk ədəbiyyatının önəmli isimlərindən olan İmdat Avşarın şeir üslubunda yazılmış hekayələri həqiqətə söykənərək gücünü səmimiyyətdən alan ədəbi mətnlərdir. İmdat Avşar mətnin intertekstuallığını ən yüksək səviyyədə bacarır. İç-içə keçirilən mətnlərin dil və ülubundakı təbiilik, obrazların mənsub olduğu sosial-mədəni cəmiyyətin danışıq dilindəki uyğunluq, özünü inkar etməyən təməl prinsiplər, motivin hadisə və zaman baxımından dəyişikliyə uğramaması "Süsənləri solan bozqır"ı həyatı olduğu kimi əks etdirən təhkiyə ənənəsi daxilində son dərəcə sağlam bir şəkildə təqdim edərkən inikas-gerçək türk hekayəçiliyində adət edilmişin xaricində siyasi-ideoloji bağları qoparıb atan, sadəcə, ədəbi dəyərlərə əsaslanaraq təzahür edən ədəbi mətnə çevirir.

Prof.dr. Yavuz Günəş

***

İmdat Avşar realist hekayələri ilə çağdaş türk nəsrində önəmli yer tutmaqdadır. Onun türk dillərindən etdiyi tərcümələr də bədii yaradıcılığı səviyyəsində uğurlu işlərdir. Müəllimlik məsləyi ilə əlaqədar Anadolunun müxtəlif bölgələrində çalışan Avşar Anadolu insanlarını çox dəqiq müşahidə etmək imkanı qazanmışdır. Dərin müşahidələrinə əsaslanaraq əsərlərində bozqır iqlimində yaşayan xalqın yoxsulluğunu, saflığını, günlük həyatını və dünyaya baxışını realist bir təqdimatda qələmə alır. Anladılan hadisələrin çoxunun mərkəzində uşaqları, onların taleyini təsvir edən yazıçı, sanki, yaşananlara güzgü tutaraq balaca insanların dramını qələmə alır. Bu uşaq obrazları bəzi hekayələrdə müəllifin özü, öz uşaqlığı, bəzi hekayələrdə isə müxtəlif ucqar kəndlərdə dərs dediyi illərdə müşahidə etdikləridir.

"Dolu vurğunu", "Sentyabr yanğını", "Anamın yalın halı" bütün bədii xüsusiyyətlərinə görə, Avşarın öz uşaqlığını, həqiqətən, əks etdirdiyi hekayələrdir. "Soyuq röya"da öz uşaqlığını dolayısıyla xatirələr fonunda dilə gətirən yazıçı Mirseyidin timsalında pansiyonlarda məskunlaşan, valideyn mehrinə möhtac qalan uşaqların xarakterlərini ümumiləşdirir.

"Şahnaz xanım adına kollec"ində davulçu Mansur ustanın oğlu Şərəf, "Möhtərəm" də zurnaçı Bağrıyanığın oğlu Möhtərəm, "Evin yıxılsın, Hacı"da davulçu Adəmin oğlu Güççük Bekteş, "Bahri usta"da oğlu Tufan... Bu qəhrəmanların timsalında isə müəllif abdal uşaqlarını obrazlaşdırır. "Qarabağ qaçqınları"ndakı Pünhanənin, "Dondurmaçı"dakı Sinanın taleyinə isə hekayənin yazarı kimi oxucusu da səssiz qala bilmir. Elə İmdat Avşar qələminin ustalığı məhz burda – oxucunu hadisələrin əhatə dairəsinə salmasında və öz arxasınca apara bilməsindədir.

Yunus Alıcı

Ədəbiyyatşünas

***

Yazıçını mənsub olduğu ədəbi nəsildən fərqləndirən ən ümdə xüsusiyyət özünəxas üslubunun olmasıdır. İmdat Avşar ilk hekayəsindən öz üslubunu yaradan sənətkardır. Biz onun təhkiyəsində uşaqlıq dünyamıza səyahət edə bilirik. Özümüzü o hekayənin içində "Möhtərəm"in sinif yoldaşı kimi hiss edirik. "Türbənin dəlisi"ndə "ananın bir kəlmə sözü" yazıçı ilə bərabər bizim də ürəyimizi sızladır. "Ayvazu usta"ya deyilən "kəsdiyi haramdır, yeyilməz!" mühakiməsi ağır bir şillə kimi üzümüzə çırpılır.

Yazıçı kitabın üz qabığında: "Hekayələrimin ana vətənidir bozqır. Mən qırx ildir ruhuma axan, sonra içimə sığmayan, könlümdən daşan bozqırın, bütün çarəsizliyə qarşı ümidlə həyata tutunan bozqır insanlarının şahidi oldum. Bozqırı yazdım..." – deyir.

Bu, əslində, "bəylik sıra ilə" deyən Türkmən ruhudur. Kitabdakı xarakterlər bizə yaxın, həyatdan tanıdığımız insanlardır. İmdat Avşar özü isə hər bir hekayəsi, anlatdığı həyat səhnəsiylə "bozqırın səsi"dir.

Mustafa Everdi

Ədəbiyyatşünas

***

İmdat Avşarın kitablarını oxumaq özü ilə söhbət etməyə bənzəyir. Eyni zamanda, hər bir hekayəsi insanın öz içiylə dərdləşməsi kimidir. Bu hekayələrin hər biri İmdatın ömür süzgəcindən keçirdiyi təcrübələrin məhsuludur. Orda qarşılaşdığımız hadisələr, coğrafiya, insanlar, yaşanmışlar, hətta ölümlər də bizə doğmadır.

Avşar hekayələrində xarakterlərinin hər birini özünəməxsus şivə ilə, öz ləhcəsi ilə danışdırır. İmdatın dili tərtəmiz türk dilidir. O dil ki, milləti millət edən ən önəmli ünsürdür. Onun üçün də, Qaspıralı İsmayıl "dildə, fikirdə, işdə birlik" fikrini həyat şüarına çevirmiş, bütün türklərin bu şüara əməl etməsi üçün ömür boyu "Türk dilini yabançı ünsürlərdən təmizləmək" uğrunda mücadilə etmişdir.

İmdat Avşarın əsərlərində istifadə etdiyi kəlmələr içərisində oxucunun anlamayacağı, lüğətdə axtaracağı kəlmə yoxdur. O, Yunus Əmrənin, Pir Sultan Abdalın, Arif Nihat Asyanın dupduru, tərtəmiz şeir diliylə yazır. Beləliklə, hekayələri ilə həm də Türkiyədə gözəl türkcənin dillərə yerləşməsinə xidmət etməkdədir. Digər tərəfdən də, qardaş Türk dillərindən, xüsusilə, Azərbaycan türkcəsindən etdiyi tərcümələrlə İsmayıl Qaspıralının röyasını çin etməkdə - Türk Cümhuriyyətləri arasında soydaşların tərcümansız anlaşmalarını təmin edəcək ortaq bir Türkcənin yaranmasına təməl olacaq əsərlər yaratmaqdadır.

İmdat Avşarın dili, lüğət tərkibi, kəlmə dağarcığı olduqca zəngindir. Anadolu türkcəsi, İstanbul türkcəsi, Anadolu ağızları, xüsusilə, Abdal ağzı kəlmələrinə, Azərbaycan türklərinin və Orta Asiya Türk Cümhuriyyətlərində danışılan ləhcələrin də zənginliklərini əlavə edəndə xəzinə dəyərində bir kəlmə dağarcığı ortaya çıxır. Və İmdat Avşar bu zəngin dili peşəkar zərgər həssaslığı, incəliyi ilə istifadə edir. Elə buna görədir ki, Avşarın oxucuları onun hekayələrinin aludəsi olur və yazıçıdan yeni hekayələr gözləyirlər. Mənim kimi...

Qələmi həmişə yazsın! Yazsın ki, qələmiylə bizi Türk birliyinə yaxınlaşdıran addımlar atsın!

Dursun Berkok (yazar)

***

İmdat Avşar imzası ilə tanışlıq məni inanılmaz,rəngarəng bir sevda dünyasına yolçuluğa çıxartdı. Bu yolçuluqda ruhum işıqlandı,damarlarımda axan qanım təzələndi, ürəyimin tutqun guşələrinə su sərpildi, yeniləndim sanki. Yanızlığımın qoxusunu hiss etdim onun sətirlərində, uşaqlığıma boylandım, gəncliyimə səsləndim, atəşdən yanan bir köynək geydim əynimə,nəhayət,Tanrıya tapındım,onun təsəllisinə, sevgisinə büründüm. Əsl sənətkar sevgisi özü elə İlahi sevgidir.Mən bunu İmdat Avşarın pıçıltılarında duydum.Pıçıltılarınız daima ürəyimizə işıq salsın,əziz İmdat bəy! Bu çətin sevda yolundan heç vaxt usanmayasınız!

Doç.dr. Sevinc Muğanna

***

İmdat Avşar çağdaş Türk hekayəçiliyinin önəmli imzalarındandır. Onun yaradıcılığında təkcə Türkiyənin, Anadolunun deyil, Azərbaycanın, Kərkükün, Krımın nəfəsi duyulur.

Anadolu isə İmdat Avşar yaradıcılığının özəyidir, ana xəttidir. Avşar bu coğrafiyanın insanlarını görən, duyan, möhtəşəm qələmi ilə biz oxuculara çatdıran nadir istedad sahibidir. Onun hekayələrində hər birimiz özümüzü görə bilirik. Avşarın hekayələri bizi elə bir şəkildə öz təsir dairəsinə alır ki, tarın, nərgizin taleyində də insanı görə bilirik. "İtmiş bahar nərgizi"ndə nərgizin taleyi fonunda savaş və sürgün kimi səbəblərdən dolayı doğma torpaqlarından uzaq düşən insanları görə bilirik. "Xocalıda qalan tar" hekayəsi Xocalıda yanan ürəyimizi bir tarın yanıqlı nəğmələrində dilə gətirir. Hər cür fırıldağı bacaran "Rəcəb yeznə"nin düzələcəyinə, dəyişəcəyinə inanır, Nurullah bəyin "Bitməyən roman"ının son aqibətini gözləyir, "Təftiş heyətinin övliyası"nın söylədiklərinə qulaq asa-asa yola çıxırıq. Oxucunun İmdat Avşarla çıxdığı yol onu maraqlı əsərlərin əhatəsində dərin düşüncələrə qərq edir.

İmdat Avşar, sadəcə, oxumağımız vacib olan bir yazar deyil, kitablarının mütləq kitabxanamızda yer alması vacib olan dəyərli imzadır. Oxuduqdan sonra mütləq dostlarımıza da tövsiyə etdiyimiz müəllifdir. Sevgili İmdat Avşara həyatında uğurlarına uğur qatacağı ümidiylə, bizi belə gözəl əsərlərlə görüşdürdüyü üçün təşəkkür edirik, duru qələminin daim ürəyimizə axmasını diləyirəm.

Rümeysa Bedirhanoğlu

Yazar

***

İmdat Avşarın zəhmətiylə ərsəyə gələn "Azərbaycan ədəbiyyatında Qarabağ hekayələri" kitabı tarixdə sənət mərkəzi kimi tanıdığımız, qanlı qətliamlarla üzləşən Qarabağa dair son əsrdə yazılmış hekayələri bir araya gətirir.

Müsahibələrimizdə Avşar söyləmişdi ki: "Məğlubiyyətin hekayəsini yazmaq asan bir iş deyil. Amma Azərbaycanlı yazar və şairlər Qarabağ həsrətlərini və Xocalıda uğradıqları vəhşəti qələmə alıblar. Bu faciə hekayə, roman və şeirlərdə öz bədii ifadəsini tapıb. Bunu yazmaq nə qədər çətin bir iş olsa da, bunu yazmaqla qələm adamları hadisələri unudulmağa qoymayıb." İndi bu fikirlərə dayanaraq söyləmək istəyirəm ki, bu istiqamətdə İmdat Avşarın etdikləri böyük fədakarlıqdır. O əsərləri toplamaq, seçmək, oxuyub dəyərləndirmək, tərcümə və tərtib etmək, nəşrə hazırlayıb geniş auditoriyaya çıxarmaq az iş deyildir. Avşarın bu xidmətləri tarixin böyük bir səhifəsinin unudulmaması üçün əhəmiyyətli olduğu qədər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da əvəzsizdir.

Murat Öztekin

"Türkiyə" qəzetinin müxbiri

***

İmdat Avşarla çoxdanın dostuyuq. İmdat Avşar Türkiyədə önəmli bir şəxsiyyət olmaqla bərabər, Türk dünyası üçün önəmli işlər görür. Azərbaycan ədəbiyyatı ilə bağlı gördüyü işlər isə misilsizdir.O, çox istedadlı, əməksevər adamdı. Taleyi elə gətirmişdi ki, o, Türkiyənin Ankara və İstanbul kimi mərkəzlərindən uzaqda yaşayırdı, Azərbaycan təbiri ilə desək, əyalət şəhəri Kayseridə, məktəbdə müəllim işləyirdi. Allahın verdiyi bəsirətlə yüzlərlə, bəlkə də, minlərlə milli düşüncəyə sahiblənən şagird yetirməklə bərabər, o, bir qələm sahibi kimi milli miqyasda da özündən söz etdirməyi bacardı. Anadoludakı bir əyalət şəhərinin müəllimi ümumtürk ədəbiyyatının ön sıralarında görünməyə başladı. Avrasiya Yazarlar Birliyi yaradılanda Kayseridə yaşayan İmdat Avşar onun əsas sütunlarından biri oldu. Bu qurumun buraxdığı "Kardeş kalemler" dərgisində dərc olunan türk xalqları dillərindən çevirmə materiallarının ərsəyə gəlməsində İmdatın xidmətləri misilsizdir. Xüsusən, Azərbaycan türkcəsindən etdiyi çevirmələrlə İmdat Avşar Azərbaycan ədəbiyyatını Türkiyədə yeni bir mərhələyə yüksəltdi.

O, ədəbiyyatda böyük işlər görən nadir adamlardandır. Dostum indi Türk Ədəbiyyatı Vəqfinin başqan yardımçısıdır və bu quruma gəldiyi gündən böyük işlər görür. Mən bu fəaliyyəti diqqətlə izləyirəm və işlərində ona uğurlar diləyirəm. İmdat hələ Kayseridə müəllim işləyəndə Azərbaycan ədəbiyyatının Türkiyədə böyük elçisi olmuşdu. Ədəbiyyat Vəqfində, eləcə də "Türk ədəbiyyatı" dərgisində nə gözəl işlər gördüyünü zamanla hamımız müşahidə edəcəyik. Allah hər kəsə niyyətinə görə verir; İmdat da ən təmiz niyyətlərlə yaşayan istedadlı bir insandır. Həm də, təmənnasız dostdur. Bir gün mənə zəng elədi ki, İstanbulda kitabın çıxıb. Mənim üçün sürpriz eləmişdi, şeirləri məndən xəbərsiz özü uyğunlaşdırmışdı türkcəyə, əgər nəşrin xərcləri var idisə, özü həll etmişdi. Bax, İmdat belə təmənnasız dostdur. İmdat mənim bozqurd dostumdur! Tanrı Onu qorusun!

Elxan Zal

Mahmud Kaşqari adına Uluslararası Fondun sədri, şair

***

İmdat Avşar hər bir hekayəsiylə bizi fərqli dünyalara səyahət etdirir. Gah uşaqlıq dünyamıza aparır, gah da gənclik həyəcanımızı, xatirələrimizi yaddaşımızda canlandırır.

"Durna çırağı"nda Çalıquşu kimi ölkəmizin aydınlıq sabahı üçün hər cür çətinliklərə sinə gərərək vəzifəsini icra edən müəllimlərin fədakarlığına heyran oluruq, "Yetim Abdal"da Haqverdinin zavallı halına üzülür, "Kafa kağızı"nda baş qəhrəmanın həyəcanlarına şərik oluruq. Yazıçı yaşadığımız əsrin ən acı səhnələrinin yaşandığı Xocalının haqq səsini dünyaya duyurmaq üçün tar ilə Xocalıya səs olmuş, qaysaq bağlamayan yaralarımızı tarın tellərində yenidən qanatmışdır. "Çək qapını, acından ölsün" hekayəsində yoxluğun, yoxsulluğun bizi ağrıtdığı, kədərləndirdiyi qədər "Bitməyən roman"da qəhrəmanın yaşantılarına, yazıçının düşündürən ironiyasına, yumoruna gülürük.

İmdat Avşar hər hekayəsində oxucunu ağuşuna alan axıcı dili, oxucunu gah sevindirən, gah hüznləndirən anlatımı ilə Türk ədəbiyyatına, sözün bütün mənalarında, canlılıq gətirən əsərlər yazmışdır.

Fatih Oğhan

Yazar

***

İmdat Avşardan ilk oxuduğum "Anamın saatları" hekayəsiydi. Onu evdə danışdım... İlham da, mən də oturub uzun-uzun anamızı düşündük. Öz anamızın saatlarını xatırlamağa başladıq. Və o gündən bu yana İlham kompyuterdə, telefonda hər texniki yeniliyi mənə öyrətməyə çalışır. Bilirəm niyə belə edir... Susuram və dediklərini cidd-cəhdlə öyrənməyə çalışıram."İtmiş bahar nərgizi" isə günümüzün insanının özünüdərkidir. Və bütün dövrlərdə olduğu kimi, bu özünüdərk də çox az adamın nəsibidir.

"Qarabağ qaçqınları" hekayəsini İmdat bəy özü göndərdi. Birnəfəsə oxudum. Elə bu hekayənin xətrinə qərara gəldim ki, İmdat Avşar yaradıcılığı ilə bağlı daha nəsə də oxumalıyam... İmdat Avşarın "Bir durnanı vurdular" şeiri də hekayə kimidi.

... Kitabını oxumadığım İmdat Avşarın oxuduğum hekayə və şeirləri haqqında, hələlik bu qədər yaza bilərəm. Danışmaqsa... Danışmağın ölçüsü yoxdu, harda desən, kimə istəsən danışaram "İtmiş bahar nərgizi"ndən, "Qarabağ qaçqınları"ndan, "gümüşü durna"dan... "Anamın saatları"nı isə asmışam ömrümün anam olan tərəfindən... Və gedirəm bu ömür yolunu, son mənzil hansı ayrıcda olar, olar...

Şəfa Vəli

Yazar

****

Can Türkiyəmizin SÖZ xəzinəsi - ədəbiyyatı bütün Turan ellərinin söz adamlarının zaman-zaman ziyarət etdikləri müqəddəs məbəd olmaqdadır. Bu ucalığı qoruyan qələm adamlarından biri də dəyərli yazıçı İmdat Avşar əfəndidir.
Onun "Göyərçin sevdası", "Durna çırağı" və " Yetim Abdal" hekayələrini dilimizə uyğunlaşdırdığım zaman yazıçının sənətkarlığı ilə yaxından tanış olmaq mənə də qismət oldu. Əsərlərinin ideyasından və orijinal üslubundan əlavə, məni bir məqam da çox maraqlandırmışdı: İmdat Avşarın bədii dili bizim xalq dilinə çox yaxındır. Əlbəttə ki, Azərbaycan və Türkiyə fərqli millət və mədəniyyətə deyil, eyni milli ruha sahibdir. Amma bir ölkənin belə müxtəlif bölgələrində fərqli ləhcə, şivə, dünyagörüşləri ola bilir. Buna rəğmən, İmdat Avşarın bədii dil və ifadə tərzinin Azərbaycan ədəbiyyatı, xalq təfəkkürümüz, xalq ədəbiyyatımızla doğmalığı, yaxınlığı diqqətimi çəkdi. Bu faktı özlüyümdə sənətkarın bizim ədəbiyyatımızı yetərincə mütaliə etməsi və Azərbaycandan olan dostlarının çoxluğu ilə əlaqələndirdim və bu doğmalıqdan xeyli məmnun oldum. Sonradan uyğunlaşdırdığım hekayənin başlığını kitabın üz qabığında oxuyunca, gerçəkdən də, bir ayrı sevindim.Göyərçin sülh və sevgi rəmzidir. Arzu edirəm ki, Türkiyə və Azərbaycanımız yalnız sülh və sevgi içində olsun ki, belə gözəl əsərlərin yazılması, kitabların yaranması mümkün olsun.

Aygün Yaşar

Yazar, şair

***

İnlədikcə vərəqdə bir yazıçı qələmi
Sətir-sətir düzülür həyat hadisələri.
O "Söylənməmiş sözlər", "Ölümün ən gözəli",
Könlümdə çiçək açır "Bozqırın süsənləri"...

Var-dövləti mənəvi zənginlikdə görənlər
Dünyaya səs salırlar Avşarın qələmindən.
Bir abdal dünyasını İmdat kimi bilənlər
Yaşadar sözü, sazı türklüyün iliyində.

O, bozqırın ruhundan dastan kimi söz açır,
Türküsündən güc alır buz tək donmuş ürək də.
"Soyuq röya" isidir üşümüş duyğuları,
"Göyərçin sevdası"nda dinir ən xoş dilək də.

İnlədikcə vərəqdə bir yazıçı qələmi
Kəlmə- kəlmə yol alır düşüncəyə,duyğuya.
Maddi dünyadan enir ruhun dərinliyinə,
Əsərləri nur saçır cismə, cana, dünyaya.

Cəvahir Tanrıverdi

Şair

****

İmdat Avşar yaxınında, uzağında olan hər kəsi qoruyub-qollamaqda nəhəng bir Palıd kimidir. Onun şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan qoşa qanaddır. O, həm insan kimi, həm şəxsiyyət kimi, həm də söz adamı kimi yetkin, bütöv bir varlıqdır. Hətta şəxsən tanımayanlar belə onun əsərlərini oxumaqla gənc yaşından necə müdrikləşdiyini müşahidə edə bilərlər.

İmdat Avşar yaradıcılığa şeirlə başlayıb. Əgər o, şeir yazmağa davam etsəydi, bu gün türk şeirinin usta qələmlərindən biri olacaqdı. Görünür, yaradıcılıq taleyi nəsrlə bağlı imiş. Və Avşar bu gün türk nəsrinin ən gözəl örnəklərini yaratmaqdadır.

Zamanın sınaqlarından üzüağ çıxan, bulunduğu bütün məqamlarda insanlığını, simasını qoruyub saxlayan İmdat Avşarın qələmə aldıqları elə öz yaşantılarıdır. Oxuduqca səhifələrin arasında yaşananların gerçək olduğunu dərk edən oxucu yazıçının əsər vasitəsilə çatdırdığı fikirləri içindən keçirərək durulur, təmizlənir və özündə dərin mənəvi aləm formalaşdırır. Bu, müəllifin insan psixologiyasını mükəmməl bilməsi ilə izah oluna bilər. O, təbliğ etmir, didaktik yol tutmur, hansısa bir şüarla oxucuya üz tutmur. Deyə biləcəyi ən sakit tonda qələmə alır fikirlərini... Amma bu sakitliyin fonunda bir insanın içində səs salacaq bir dəyişikliyə səbəb ola bilməsi yazıçının uğurudur.

Sümeyra Akcı (Tarixçi)

****

Ciyərləri Anadolunun nəfəsi ilə dolu olan İmdat Avşarın türk hekayəçiliyi artıq danılmaz bir nöqtədədir. Müasir hekayəçilərin bir çoxundan fərqli olaraq İmdat ənənəyə sadiq qalmaqla öz yolunu izləyir. Elə bu münasibəti onun türk hekayəçiliyinə verdiyi töhfələrə görə, onun imzasını ölümsüz edəcəkdir. Hekayələrində Anadolu insanının gerçək yaşamını qələmə alan yazıçı hadisələrin dərinliyinə çatanda bədii təxəyyülünü elə işləyir ki, oxucu nəyin gerçək, nəyin uydurma olduğunu qətiyyən bir-birindən ayıra bilmir. İmdat Avşarın yazarlığının bir üstün tərəfi də ondadır ki, olayları anladarkən təhlilləri nəzərdən qaçırmır, deyim, atalar sözləri, türkü, mani kimi xalq ədəbiyyatı nümunələrini ustalıqla mətnlərə yerləşdirə bilir və bu nümunələri qəhrəmanların nitqlərində istifadə edərək dilimizə gözəl töhfə vermiş olur. Onun dili, Yunus İmrədə olduğu kimi, şeir dilidir. Bozqırın susuz çöllərindən axıb gedən poeziya çayı kimi dumduru bir türkcə ilə yazılan bu hekayələr Dədə Qorqud ustalığı ilə könüllərimizə sirayət edir. Avşar öz bədii yaradıcılığı ilə yanaşı, ata torpaqlarında yazılan digər sənət nümunələrini də ana türkcəmizə çevirərək bizlərə çatdırır. Hekayələrində yumorla hüznün yan-yana addımlaması onun qələminin bozqır insanını nə qədər yaxşı tanıdığının göstəricisidir. İmdat Avşar ilə bir çay içimlik vaxtda belə bir anın içində hər şey Anadoluya çevrilir. Çünki İmdat Avşar Anadolunun özüdür.

O, mənim qədim dostumdur, bu sözləri söyləyəndə sevinc və qürur hissi keçirirəm. Əgər tərcümeyi-halımdan İmdat Avşar adını çıxarsaq, həyatımda böyük bir yer boş qalar. Belə insanla ünsiyyətdə olmaq adama hava, su kimi lazımdır. İmdatı mənə və hamıya sevdirən əsas xüsusiyyəti həm insan, həm də yazıçı kimi səmimiyyətidir. Onun boyu da sözü kimi ucadır! Mən ürəkdən inanıram ki, İmdat hansı zirvədə olsa da insanlığını və şəxsiyyətini qoruyacaq.

Nart Noyan

İmdat bəyin dostu

****

Ana övladları arasında fərq qoymaz. Hamısını eyni məhəbbətlə sevər, hamısının yolunda titrər, hamısı üçün eyni qədər qayğılanar, hamısı üçün bərabər yanar. Amma İmdat bambaşqa bir övladdır. O, mənim üzümün gülüşüdür! Dizlərimin taqətidir!

"Ana!" deyin qapıdan girməyi yetir ki, gözlərimin içi işıldaya... Gözümün də, evimin də işığıdır! O, çox məsuliyyətli övladdır. Çiyinlərinə aldığı yükü o qədər böyükdür ki... Ata yükü, övlad yükü, qardaş yükü...

Yurdumda ucalan, bütün ətrafına kölgə salan qocaman Ağacdır İmdat... Kimsənin könlünə toxunmaz; uşaqla uşaq kimidir, böyüklə də böyük... Dostunu da bilir, dostluğu da bilir, dostluq etməyi də... Hər məclisə yaraşır mənim oğlum. Düzgündür, dürüstdür, sözünün əridir. Allah hər kəsə İmdat kimi övlad nəsib etsin! Oğlum məni bu dünyada ziyadəsiylə məmnun etdi. Allah da hər atdığı addımında ondan məmnun olsun. İmdat mənim qarşımda övlad borcunu Allah qarşısında borcuymuş kimi yerinə yetirən comərd bir Oğuldu...

Sultan Xanım

İmdat bəyin Anası

***

Bu bölməni hazırlamaq üçün beş yüz səhifəyə yaxın material oxudum, İmdat bəyin haqqında yazan onlarla akademikin, professorun, elm adamının, yazıçının, ədəbiyyatşünasın məqaləsini oxuyandan sonra Türk dünyasına İmdat Avşar kimi töhfə verən Sultan ananı dinləmək keçdi ürəyimdən...

O nurani qadınla biz "Anamın saatları"ndan doğmalaşmışıq... Heç oxuma-yazması olmasa da, Sultan ana dünyanın ən müdrik adamıdır... Müəllimi dövlət, dediyi sözü fərman bilən böyük ürəkli ana... İmdat Avşar düşüncədə bir övlad yetişdirən ana... Dünyaya dürüstlük, xeyirxahlıq, yaxşılıq toxumu səpən səxavətli bir ana... Özünü balalarına fəda edən, onları qaranlıq dünyadan işığa çıxarmaq üçün ömrünü körpüyə çevirən ana...

Bu gün, bu yaşında belə "Oğlum!", "Övladım!" deyərkən sanki köksünə sığınmış körpəsini əzizləyirmiş kimi İmdat bəy haqqında dediyi sözlərini sığallayan, əzizləyən mehriban ana... Və mənə elə gəldi ki, bütün oxuduqlarımdan daha uca idi Sultan Ananın söylədikləri...

Müsahibələrinin birində doğulduğu günün qeyri-dəqiqliyini söyləmişdi İmdat bəy... "Kafa kağızı"nda da hekayəyə çevirmişdi bu yaşantılarını... O zaman oxuyanda kövrəlmişdim...

Amma bu gün Sultan Ananı dinlədikcə, onun həzin səsindən ruhuma, düşüncəmə sirayət edən işıqla nikbin baxdım yaşananlara... Düşündüm ki, bunca dəyərli yaşanmışların qarşısında zamanın, tarixin nə önəmi?!

Önəmli olan doğulmaqdı! Önəmli olan ömür sürmək yox, ömrü İmdat Avşar kimi dəyərləndirə bilməkdi... Önəmli olan yaşamaqdı, yaşamağı bacarmaqdı... Önəmli olan var olmaqdı... Varlığını təsdiq edə bilməkdi... Kimliyin, təqvimin, vaxtın mahiyyəti isə bu boyda varoluşun qarşısında bir heçdir... Sadəcə, rəqəm və ya kağız parçası...

Sözüylə, qələmiylə, düşüncəsiylə bütün bu nəsnələrin fövqündə dayanan İmdat Avşar şəxsiyyəti artıq ədəbiyyat adına, sənət adına, Uca Söz adına insanlığın mücəssəməsinə, istedadın və zəhmətkeşliyin simvoluna, fədakarlığın, dostluğun, bağlılığın kimliyinə çevrilib...

Bütün bu oxuduqlarımı, dinlədiklərimi təhlil edə-edə düşünürəm ki, həqiqətən də, Vaxtın nə önəmi?! Taleyinə meydan oxuyan, qədərinə qalib gələ bilən kəs vaxtdan uca adamdır... Zamana sığmayan adamdır... İmdat Avşar kimi...

Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ