"İlkini həbsdə öldürüb, intihar kimi rəsmiləşdirmək istəyirlər" - VƏKİL


Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb, 47 gün sonra öldürməkdə, meyiti isə yandırmaqda suçlanan İlkin Süleymanova qarşı sui-qəsd planlaşdırılması haqda məlumat yayılıb.

Bu barədə aprelin 11-də məhkəmədə onun vəkili Əlibaba Rzayev məlumat verib. Müdafiəçi bildirib ki, müvəkkilini həbsdə öldürüb, hadisəni isə intihar kimi rəsmiləşdirmək planı haqda mötəbər mənbələrdən informasiya alıblar.

"İlkin Süleymanovun özünü öldürmək, özünə xəsarət yetirmək, yaxud da həbsdən qaçmaq kimi niyyəti yoxdur. Əksinə, İlkin təqsirsizdir və bəraətini almaqda israrlıdır. Ümidlidir ki, məhkəmə bu işə ədalətli baxıb, qanuni hökm çıxaracaq. Ona görə də İlkin bildirir ki, ona qarşı sui-qəsd, yaxud başqa bir xoşagəlməz hadisə baş versə, ona qarşı təxribat olacaq", - vəkil belə deyib.

"Anlamıram ki, niyə şəklimi ora vurublar"

Süleymanov deyir ki, istintaq təcridxanasında onun adını qaçmağa meylli məhbusların siyahısına daxil edib, fotosunu da divara vurublar. Onun sözlərinə görə, vəkili Zabil Qəhrəmanov bu barədə ona məlumat verib:

"Mənim qaçmaq niyyətim heç vaxt olmayıb. Anlamıram ki, niyə şəklimi ora vurublar. Bu məsələ məni narahat edir. Xahiş edirəm, araşdırılsın…"
Vəkilləri isə bildirib ki, onu öldürüb, qaçmaq cəhdinə görə zərərsizləşdirilməsi kimi təqdim olunması da versiyalardan biridir.( Azadlıq radiosu)

"İlkini aradan götürüb…"

Təqsirləndirilən İlkin Süleymanovun ailə üzvləri isə bildiriblər ki, hər keçən məhkəmə iclasında onun təqsirsiz olduğu bir daha üzə çıxır:

"Gün kimi aydındır ki, bu cinayətin İlkinə aidiyyəti yoxdur. Onu bu qədər sübutlara baxmayaraq, məhkum eləmək qanunları tapdamaq, ictimaiyyəti saya salmamaq anlamına gələcək. Ona görə də görünür, ən yaxşı yol kimi, İlkini aradan götürüb, intihar kimi təqdim eləmək istəyirlər", - qardaşı İlkin Süleymanov belə deyir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan bütün şəxslərin təhlükəsizliyi təmin olunur. Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan şəxsə qarşı sui-qəsd planlaşdırılması haqda iddiaların heç bir əsası yoxdur.

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur.

Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. /anews.az/


MANŞET XƏBƏRLƏRİ