Pakistanın yeni Baş naziri Türkiyə ilə bağlı mövqeyini AÇIQLADI


Bu gün Pakistanın 23-cü Baş naziri seçilən Şahbaz Şərif bu vəzifədə ilk çıxışını edib.

Turkustan.azxəbər verir ki, o, parlamentdə çıxışı zamanı ölkənin xarici siyasi əlaqələrindən danışıb.

Şahbaz Şərif İmran Xan hökumətinin xarici siyasətini tənqid edib, Pakistanın strateji tərəfdaşları və dostlarının Kəşmir məsələsində səssiz qaldığını xatırladıb.

Çinin yaxşı və pis gündə Pakistanın ortağı olduğunu ifadə edən Şərif Pekinlə yaxşı münasibətlərin olmasının vacibliyinə diqqət çəkib. O, əvvəlki hökumətin Çin və Pakistan dostluğunu zəiflətməyə çalışdığını qeyd edib.

Şərif Səudiyyə Ərəbistanı, Türkiyə, Avropa Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İranla yaxşı münasibətlərin olmasının vacibliyini vurğulayıb və ABŞ ilə əlaqələrin bərabər əsasda gücləndirilməsinin önəmindən danışıb.

"Türkiyə ilə Pakistanın ayrılmaz əlaqələri var", - deyə Şərif Ankaranın hər zaman İslamabadın yanında olduğunu qeyd edib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ