"Brüssel görüşü sülhə olan ümidləri artırdı" - Aqil Məmmədov


"Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı verilən rəsmi bəyanatlar sülhə olan ümidləri artırır".

Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkilinin sözlərinə görə harada, kimin təşəbbüsü ilə keçirilməsindən asılı olmayaraq Azərbaycan 10 noyabr üçtərəfli bəyanatına istinad edir: "Bu bəyanatın tam şəkildə icrası, xüsusilə indiyədək yerinə yetirilməmiş - erməni silahlı dəstələrinin bölgədən çıxarılması müddəasının həyata keçirilməsi bu gün başlıca məsələlərdən biridir. Azərbaycan iki ölkə arasında, eyni zamanda, regionda gələcək sabitlik və təhlükəsizlik naminə Ermənistana 5 maddəlik təklif göndərib. Azərbaycan Prezidentinin sonuncu Brüssel görüşündəki mövqeyi də məhz Azərbaycanın bu 5 təklifinə əsaslanır".

A.Məmmədov bildirir ki, görüşdən sonra Aİ Şurasının prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda, eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunları ilə bağlı açıqlamasından da görünür ki. tərəflər məhz Azərbaycanın irəli sürdüyü təkiliflər əsasında prosesin irəli aparılması haqda razılığa gəliblər. Bunun başqa alternativi də yoxdur. Və Azərbaycanın irəli sürdüyü təkliflər yalnız öz maraqlarına uyğun deyil, beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Bu prinsiplərdən imtina beynəlxalq birlik tərəfindən dəstəklənə bilməz və sülhə, sabitliyə birbaşa təhlükədir".

Millət vəkili qeyd edib ki, görüşün nəticələri ilə bağlı açıqlanan bəyanatlar prosesin sürətlənəcəyindən xəbər verir: "Əgər erməni cəmiyyəti bu prosesə daxildə maneə yaratmasa, burada bölgənin hər iki dövləti, xalqı qazanacaq. Erməni xalqı qəbul etməlidir ki, əsassız tarixi iddialarla yaşamaqla nəyəsə nail olmaq mümkün deyil. Bunu ötən tarix də göstərdi. Ona görə də, bundan sonrakı mərhələdə bütün əsassız iddaları kənara qoyub Azərbaycan və Türkiyə ilə normal qonşuluğa əsaslanan birgəyaşayış qaydalarını qəbul etmək zamanıdır. Erməni cəmiyyəti özündə bunun üçün güc tapmalıdır. Əks halda onları növbəti faciələr gözləyir".

A.Məmmədov həmçinin bildirib ki, Aİ çərçivəsində başlanan proses 30 ilə yaxın uğursuz fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupunu da əhəmiyyətsiz bir missiyaya çevirir: "Ötən müddətdə Ermənstan ciddi cəhdlə Minst qrupunu aktivləşdirməyə cəhd etdi. Lakin, elə Ukrayna ətrafında baş verənlər də göstərir ki, bu qrupda olan ölkələr hansısa beynəlxalq münasiqə ilə bağlı ortaq mövqe nümayiş etdirə bilməzlər".


MANŞET XƏBƏRLƏRİ