Rubl bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR


Dollar fevralın 23-dən bəri ilk dəfə olaraq 81 rubldan aşağı düşüb.

Moskva birjasında valyuta hərraclarının açılışında dolların məzənnəsi 3,45% azalaraq 80,33 rubla, avronun məzənnəsi 0,5% azalaraq 92,03 rubla düşüb.

Dolların məzənnəsi sonuncu dəfə fevralın 23-də 81 rubldan aşağı olmuşdu.

Maraqlıdır, rublun bahalaşması davam edəcəkmi? Rublun bahalaşması manatın məzənnəsinə necə təsir edəcək?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsinin həqiqəti əks etdirmədiyini deyib:

"Rublun bahalaşması şişirdilmiş məlumatdır. Ona görə ki, Rusiyada dollar rubl ticarəti, valyutaların satışı normal həyata keçirilmir. Çox ciddi məhdudiyyətlər var. Ümumiyyətlə, fiziki şəxslərə satılmır, hüquqi şəxslər isə əksinə əllərində, dövriyyələrində olan valyutanın 80 faizini Mərkəzi Banka satmaq məcburiyyətindədirlər.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Rusiyada məzənnə inzibati qaydada tənzimlənən məzənnədir. Rublun əsas məzənnəsi "qara bazar"da müəyyənləşdirilir. Orada da çox fərqli rəqəmlər var, şəhərdən şəhərə rəqəmlər dəyişir. Yəni indiki Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsi reallığı əks etdirmir".

İqtisadçı bu proseslərin manata təsir etməyəcəyini vurğulayıb:

"Bunun birbaşa Azərbaycan manatına heç bir təsiri yoxdur. Ümumiyyətlə, Azərbaycanda da uzun illərdir ki, inzibati məzənnə rejimidir. Yəni bizdə birja yoxdur. Uzun müddətdir ki, manat inzibati qaydada tənzimlənən sabit məzənnə rejimindədir. Neft qiymətlərinin indiki səviyyəsində bir təhlükə görünmür.

Neft yüksək qiymətlərdə olduqca Azərbaycan manatına hansısa təhlükələrin olması, hansısa devalvasiya riskinin olması real deyil. Neftin qiyməti 60 dollardan da yuxarı olsa, manatı saxlamağa imkanlar yerində qalır. İndi isə qiymətlər 100 dollar civarındadır, ona görə də Azərbaycan manatına hansısa təhlükələr görülmür".


MANŞET XƏBƏRLƏRİ