Rusiyadan Azərbaycana CAVAB GƏLDİ


Rusiya Jurnalistlər İttifaqı Azərbaycan Mətbuat Şurasının Azərbaycanın kütləvi informasiya vasitələrinin Rusiya ərazisində yayımının bloklanması ilə əlaqədar bəyanatına reaksiya verib. Bununla bağlı MŞ sədri Əflatun Amaşova ittifaqın sədri Vladimir Solovyovun imzası ilə məktub göndərilib.

Məktubda bildirilib ki, Rusiya Jurnalistlər İttifaqı Azərbaycan Mətbuat Şurasının məlum bəyanatı ilə tanış olub. Sənəddə müxtəlif fikir, düşüncə və baxışların konstruktiv dialoqa və qarşılıqlı hörmət prinsipinə xələl gətirməməsinin vacibliyinin ittifaqa üzv təşkilatlar, Rusiyanın müxtəlif bölgələrindən olan jurnalistlər tərəfindən dəstəkləndiyi vurğulanıb və İttifaqın Şura ilə mövcud istiqamətdə dialoqa hazır olduğu önə çəkilib.

RJI eyni zamanda hadisə və proseslərin obyektiv işıqlandırılmasının ölkələrdə, regionlarda əhalinin vəziyyətinin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Qurum bu prinsipə söykənərək Azərbaycan əhalisinin Ukraynada baş verən proseslərdən obyektiv şəkildə məlumatlandırılmasının vacibliyindən söz açıb. Buna görə sənəddə Azərbaycan Mətbuat Şurasının Azərbaycan media məkanının Rusiya tərəfindən irəli sürülən baxışlarla tanışlığına kömək göstərməsinin, beləliklə Azərbaycan auditoriyası üçün tam mənzərənin formalaşmasına dəstəyin zəruriliyi üzərində dayanılıb.

Rusiya Jurnalistlər İttifaqının məktubunda həmçinin qurum tərəfindən ən qısa zamanda Bakıya səfər təşkil etməyə, Rusiya Jurnalistlər İttifaqının üzvləri və rusiyalı ekspertlər tərəfindən vəziyyəti dəyərləndirmək üçün müzakirələr aparmağa hazırlıq ifadə olunub. "Əminik ki, biz birlikdə yaranmış müvəqqəti çətinlikləri aradan qaldıra, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini davam etdirə biləcəyik", - deyə məktubda vurğulanıb.


MANŞET XƏBƏRLƏRİ