"Azad olunmuş ərazilərdə aparılan işlərə köçkünlər də cəlb olunmalıdır" - Aqil Məmmədov


Aqil Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında Baş nazir Əli Əsədov tərəfindən Milli Məclisə təqdim olunan hesabat hər il əvvəlki illə müqayisədə daha da inkişaf edən ölkəmizin real mənzərəsini əks etdirən bir sənəddir.

Təbii ki, 2021-ci ildə ölkənin bütün sahələrində olduğu kimi Nazirlər Kabinetinin fəaliyyətində əsas istiqamətlər ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi, pandemiya ilə mübarizə və onun yaratdığı fəsadların aradan qaldırılması, 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin icrasıdır.

Hesabatdan da göründüyü kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi fəaliyyət 2021-ci ildə də dinamik tempdə davam edib. Cənab Prezidentin qeyd etdiyi kimi "2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşıya qoyduğumuz bütün məqsədlərə çatdıq".

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Nəzərə almaq lazımdır ki, bu işlər Azərbaycanın kənardan heç bir maliyyə yardımı almadan, dövlətrin öz imkanları hesabına həyata keçirilir.

Müharibənin nəticələri ilə bağlı görülən digər işlərdən biri müharibənin təsirlərinə məruz qalmış vətəndaşların və ya onların yaxınlarının sosial müdafiəsi sahəsində aparılan sistemli işlərdir. Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyətinə dair hesabat çıxışında qeyd etdiyinə görə 2021-ci ildə 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə, xəsarət almış və əlil olmuş hərbi qulluqçulara bütövlükdə təqribən 55 milyon manatdan çox sığorta ödənişləri verilmişdir.

Eyni zamanda, müzəffər ordumuzun yeni standartlara uyğun şəkildə qurulması da hökumətin əsas prioritetlərindən biridir.

Dövlətimizin başçısının 2021-ci il 7 iyul tarixli Fərmanına əsasən iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Respublikamızda iqtisadi rayonların sayı 14-ə çatdırılıb, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılır.

Möhtərəm cənab Prezident işğaldan azad edilmiş şəhər və kəndlərimizə mütəmadi səfərlər edir, dağıdılmış ərazilərimizdə bərpa-yenidənqurma işlərinə şəxsən nəzarət edir. Təmsil etdiyim – işğaldan azad olunmuş Kəlbəcər rayonuna cənab Prezidentin və Birinci Vitse-prezidentin səfəri də 2021-ci ildə gerçəkləşmişdir. Burada, cənab Prezident tərəfindən bir sıra infrastruktur və nəqliyyat layihələrinin təməli atılmışdır.

Hesabatdan aydın olur ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı 2021-ci ilin dövlət büdcəsindən ayrılmış 2,2 milyard manat vəsait əsasən istifadə olunmuşdur.

İşğaldan azad olunmuş ərazilərdə görülən mühüm işlərdən biri də ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsidir ki, bu iş də hökumətin qarşısında dayanan və 2021-ci ildə uğurla davam etdirilmiş prioritet istiqamətlərdəndir.

Minatəmizləmə işinin sürətli və effektiv şəkildə davam etdirilməsi işğaldan azad edilmiş torpaqlarında kənd təsərrüfatının dirçəldilməsində mühüm əhəmiyyət daşıyır. Xüsusilə, dünyanın iqtisadi risklərlə üz-üzə qaldığı, bir sıra strateji ərzaq məhsularına ehtiyacın artacağı dövrdə münbit torpaqlarımızın mümkün qədər tez istifadəyə təhlükəsiz vəziyyətə gətirilməsi zəruridir. Bu həm də, insanlarımınız uzun illərdən sonra doğma torpaqlara qayıdışını təmin edən amillərdən biri olacaqdır.

Təmsil etdiyim Kəlbəcər rayonunda da nəqliyyat xətləri ilə yanaşı yerli təbii potensialdan istifadə edilməklə elektrik infrastrukturunun yaradılması və respublikanın enerji sisteminə inteqrasiya olunması ilə bağlı işləri aparılır.

Bütün bu işlər bütün xalqımız kimi kəlbəcərlilər tərəfindən də böyük rəğbətlə qarşılanır. 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan insanlar nəhayət ki, doğma yerlərə daha tez qayıtmağın ümidi ilə yaşayırlar. İşğaldan azad olunmuş ərazilərdə aparılan işlər insanlarımızın inamını daha da artırır.

Seçicilərlə keçirdiyimiz görüşlərdə qeyd olunan əsas məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə aparılan işlərə məhz həmin rayonlardan olan köçkünlərin cəlb edilməsidir. Hesab edirəm ki, həm əhalinin məşğulluğunun təmin edilməsi, həm də, azad olunmuş ərazilərə inteqrasiya, həyatın canlandırılması və Böyük Qayıdışa hazırlıq baxımından bu çox əhəmiyyətli məsələdir.

Digər bir məsələ də məcburi köçkün seçicilərin sosial-məişət şəraiti ilə bağlıdır. Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra məcburi köçkünlər üçün yaşayış massivlərinin salınması, onların mənzillərlə təmin edilməsi işləri dayandırılıb. Bununla belə, bir sıra yerlərdə, o cümlədən, seçicilərin müraciətinə əsasən deyə bilərəm ki, Gəncə, Şəmkirdə yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin sosial-məişət şəraiti ilə bağlı müəyyən problemlər mövcuddur. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərimizə qayıdışın təmin edilməsinədək vətəndaşlarımızın hazırda məskunlaşdığı, ağır şəraitdə olan yataqxanaların vəziyyəti yenə də diqqətdə saxlanılmalıdır. İnanıram ki, hökumətimiz indiyə qədər olduğu kimi yenə də, məcburi köçkünlərin məskunlaşdığı bu kimi yerlərdəki problemlərin aradan qaldırılmasına diqqətini artıracaqdır.


MANŞET XƏBƏRLƏRİ