Murtaza Karaçanta: Bu yarışa dünyanın hər yerindən hər bir kəs qatıla bilər.
Xalqımızın və türk dünyasının ən gözəl bayramı olan Novruzla bağlı hazırlıqlar davam edir. Bu arada ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bayramla bağlı müxtəlif tədbirlər keçirirlər.
İzmir Çağdaş Azərbaycan Kültür Dərnəyi isə Novruzla bağlı maraqlı bir qərar qəbul edib. Həmin qərara əsasən "Ən gözəl Novruz xonçası və süfrəsi" yarışı keçiriləcək. Bu barədə bayraqdar.info -ya Dərnəyin sədr müavini Murtaza Karaçanta məlumat verib.
Qeyd edilib ki, bu yarışa dünyanın hər yerindən hər bir kəs qatıla bilər. Yarışda iştirak etmək şərti isə sadədir: "Dünyanın hansı nöqtəsində yaşamasından aslı olmayaraq soydaşlarımız hazırladıqları bayram xonçasının, yaxud bayram süfrəsinin şəklini çəkib Dərnəyə göndərməlidirlər. Ancaq onu deyim ki, yarışda iştirak üçün iki ədəd foto göndərmək vacibdir. Birinci fotoda hazırlanmış olan süfrə, yaxud xonça əks olunmalıdır. İkinci fotoda isə həmin xonça, yaxud süfrənin yanında onu hazırlayan şəxsin də durduğu əks olunmalıdır".
M.Karaçantanın sözlərinə görə yarışa qatılmaq arzusunda olanlar martın 24-nə qədər iki ədəd fotonu [email protected],[email protected] e-mail adreslərinə və ya 0090533 2714949 whats app nömrəsinə göndərməlidirlər: "Sonra bu fotolar münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək. Martın 30-da isə qalibin adı bəlli olacaq. Onu da deyim ki, münsiflər heyətinə Bakı, İzmir, Kars, Bursa, Rusiyanın Yaroslav şəhəri, Tehran, Ankara, İstanbuldan olan xanımlar daxildir, Qalibə qiymətli hədiyyələr, bütün iştirakçılara isə iştirakçı və təşəkkür sertifikatı veriləcək. Yarışa qatılan bütün xonçaların və süfrələrin şəkli internet səhifələrimizdə yerləşdiriləcək".
"Mən fürsətdən istifadə edib bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Kimsə bu yarışa satın alınan xonça ilə qatılmasın. Yəni xonça və süfrə şəxsən hazırlanmalıdır. Satın alınan xonçalar müsabiqəyə buraxılmayacaq. Yarışla bağlı ətraflı məlumatı bu link vasitəsilə almaq olar", – deyə M.Karaçanta bildirib.