AY Partiyadan Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinə etiraz


Avropa Parlamentində 635 nəfərin lehinə, 2 nəfərin əleyhinə səs verdiyi, 47 nəfərin bitərəf qaldığı Qarabağın mədəni-tarixi irsi ilə əlaqədar anti-Azərbaycan qətnaməsi qəbul edilib.

Erməni vandalları 30 ilə yaxın müddətdə işğal altında olan Azərbaycan torpaqlarını viran qoyanda, oranın sakinlərinin bir qismini məhv edəndə, yüz minlərlə insanı öz əzəli torpaqlarından didərgin salıb qaçqın-köçkün edəndə, tarixi, dini, mədəniyyət abidələrini, qəbiristanlıqları, şəhərləri, kəndlərin yerlə-yeksan edəndə "Qarabağda tarixi irsin keşiyində duran" bu 635 parlamentarinin səsi çıxmayıb.

Azərbaycan dövlətinin illərdir, beynəlxalq hüquqla tanınan suveren ərazilərimizdə ermənilərin vəhşilikləri, vandalizmi barədə Avropaya, onun müvafiq institutlarına, o cümlədən Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına, ATƏT-in komitələrinə çoxsaylı müraciəti cavabsız qalıb.

Belə çıxır ki, avropalılar dini, mədəniyyət abidəsi deyəndə təkcə xristian kilsələrini nəzərdə tutulur?! Dini, irqi, milli ayrıseçkiliyə qarşı qəbul edilən konvensiyalar, razılaşmalar İslama, Şərqə aid dini və mədəniyyət abidələrini ehtiva etmir?

Azərbaycanın işğalda qalmış suveren ərazilərində hər hansı beynəlxalq təşkilat çoxşaxəli, dərin monitorinq aparmayıb, ermənilərin törətdikləri vandalizm aktları araşdırılmayıb. Amma nədənsə birdən-birə Avropa Parlamentinin üzvləri bu məsələdən narahat olmağa başlayıb. Bütün bunlar erməni lobbisinin yalan, saxta məlumatlar üzərində qurulmuş fəaliyyətinin nəticəsidir. Bu, Azərbaycanın beynəlxalq miqyasda nüfuzuna xələl gətirməyi hədəfləməklə yanaşı, eyni zamanda Ermənistanla münasibətlərin normallaşmasına kövrək ümidlərin yarandığı indiki kritik zamanda ölkəmizdən daha çox güzəştlər əldə etmək, siyasi bazarlıq üçün müəyyən "geosiyasi material" hazırlamaq cəhdindən başqa bir şey deyil.

Qarşı tərəfin təqdim etdiyi sənədə görə, işğaldan azad olunmuş torpaqlarda guya 1446 tarixi-mədəni abidə var imiş. Naməlum səbəblərdən Naxçıvanın da daxil edildiyi siyahıya görə, guya azərbaycanlılar onların 86 kilsəsini, o cümlədən 20 min erməni qəbrini, 5 min qəbirüstü abidəni məhv edib. Bu sayda kilsə heç Ermənistan Respublikasının indiki ərazisində yoxdur.

Bu ağır ittihamlar Avropa Parlamenti səviyyəsində multikultural, çoxmillətli və hələ də ərazilərində 30 min erməninin yaşadığı, paytaxt Bakının mərkəzində nəfis üslubda təmir olunmuş, içərisində erməni dilində minlərlə nəşrin olduğu kitabxanası ilə birlikdə qorunub saxlanan erməni kilsəsinin mövcud olduğu Azərbaycan Respublikasına yönəlib.

Azərbaycan Yüksəliş Partiyası bəyan edir ki, saxta məlumatlar əsasında Avropanın ən mötəbər siyasi təşkilatının ölkəmizə qarşı qəbul etdiyi bu qətnamə qərəzlidir, dövlətlərarası münasibətlərə ciddi zərbə vurmaqla yanaşı, bölgədə barışa, sülhə, birgəyaşayışa dair xoşməramlı çağırışları şübhə altında qoyur.

Müvafiq məsələ ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilatlar, xüsusilə UNESCO Azərbaycan dövlətinin dəvətini qəbul edərək bölgəyə gəlməli, hər şey yerində araşdırılmalı, şəffaf monitorinq aparılmalı və faktlar ortaya çıxarıldıqdan sonra qərəzsiz, obyektiv rəylər əsasında bir qətnamə çıxarılmalıdır.

Beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdən bu qətnaməni dünyanın böyük hərbi-siyasi, hüquqi, sosial-iqtisadi, humanitar sınaqdan keçdiyi indiki mərhələdə birmənalı şəkildə Avropa ilə Azərbaycan arasında yaranmış qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə vurulmuş zərbə hesab edirik.

Cənubi Qafqazda sülhyaratma, barış, birgəyaşayış prosesində yaxından iştirak etmək istəyən Avropa İttifaqının destruktiv, avantürist, revanşist iddialarından vaz keçməyən erməni lobbisinin əlində alət olması Azərbaycan ictimaiyyətini məyus edir.

AY Partiya hesab edir ki, Cənubi Qafqazın üç ölkəsinin xalqlarının birgəyaşayışı, sülh və barış içində öz gələcək inkişaf xəttini tutması yalnız azad, demokratik, plüralist prinsiplərin bərqərar olduğu, hüququn və ədalətin, hesabatlılığın, şəffaflığın idarəetmədə əsas prinsipə çevrildiyi Qafqaz Evi ideyası çərçivəsində mümkün olacaq.


MANŞET XƏBƏRLƏRİ