"Dublyaj edə-edə mən də ağlayırdım" – "Ərtoğrul"u Azərbaycan dilində səsləndirən aktyor


Azərbaycan Televiziyasında yayımlanan Türkiyə istehsalı "Diriliş. Ərtoğrul" serialı artıq yekunlaşmaq üzrədir.

Azərbaycan dilində yayımlanan serial AzTV-nin reytinqində ilk pillədədir. Əvvəllər yalnız həftəiçi hər gün yayımlansa da, tamaşaçıların çoxsaylı xahişləri nəzərə alınaraq 6 gün efirə verilməyə başladı. Serialın Azərbaycan türkcəsində yayımlanması ilk gündən böyük tamaşaçı diqqəti görüb.

Bu diqqəti nəzərə alaraq serialın baş qəhrəmanı olan Ərtoğrul obrazını dublyaj edən Əməkdar artist Cəlal Məmmədovla həmsöhbət olduq.

C.Məmmədov deyir ki, bəzən 8 saat bir bölümün dublyajı ilə məşğul olub:

"Çünki Ərtoğrul hər səhnədə, hər bölümdə müxtəlif vəziyyətlərə düşürdü, bu da onun reaksiyalarını dəyişirdi. Gah sərt olurdu, gah mülayim... Bunu tamaşaçıya çatdırmaq lazım idi. Söhbət aktyor oyunundan getmir, tarixi şəxsiyyəti dublyaj etməkdən gedir. Seriala baxa-baxa xarakteri tutmaq özümə də ləzzət edirdi.

Türk dünyasının böyük sərkərdəsini səsləndirmək mənim üçün böyük qürur oldu. Təxminən 8 saat dublyajla məşğul olurdum. Ən çox sözü olan obraz məndə idi".

C.Məmmədov uğurlu dublyajın reytinqə ciddi təsir etdiyini düşünür:

"Bəzən qınayanlar olur ki, niyə türk dilini dublyaj etmisiniz. Əslində isə bu, əski türk dilində idi, bəzi sözlər ümumiyyətlə anlaşılmırdı. Sözün mənasını axtarırdıq, dilimizə uyğunlaşdırırdıq. Serialın reytinqdə birinci olmasında uğurlu dublyaj 90 faiz rol oynayır. Mən də əlimdən gələni etdim ki, Ərtoğrulun xarakterini səsimlə çatdıra bilim.

Kastinqdə məni seçdiyinə görə AzTV rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkür edirəm".

Əməkdar artist bəzi səhnələrdə həqiqətən ağladığını deyib: "Mənə ən çox təsir edən səhnə ömür-gün yoldaşını itirməsi, onun dəfn olunması oldu. Seriala baxıb kövrəlməmək mümkün deyil. Bəzi səhnələrdə Ərtoğrul ağlayanda onu dublyaj edə-edə mən də ağlayırdım. Bu da filmin dublyajına xüsusi gözəllik verir".


MANŞET XƏBƏRLƏRİ