İMDAT AVŞAR: "Ədəbiyyatla edilən mücadilə hərbi mücadilədən daha dərin izlər qoymaqdadır..." - VİDEO


Ötən gün Türk dünyasının tanınmış qələm adamı, istedadlı yazar, tərcüməçi, "Türk ədəbiyyatı" dərgisinin baş redaktoru İmdat Avşar müxbir Mehmet Taşın moderatorluğu ilə qatıldığı televiziya proqramında Xocalı soyqırımının 30 ildönümü ərəfəsində tarixi faktlara söykənərək Azərbaycan türklərinin bu illər ərzində yaşadığı faciələrdən, Qarabağın azadlığından, Türkiyə-Azərbaycan ictimai-mədəni münasibətlərindən geniş söhbət açdı:

Bütün dünya bu hadisəyə səssiz qalsa da, Azərbaycan və Türkiyə bu mövzunu 30 ildir ki, gündəmdən düşməyə qoymadı. Xocalıda bir faciə yaşandı, orda günahsız, müdafiəsiz, sivil xalqa qarşı cani ermənilər tərəfindən böyük bir qətliam törədildi. Sadəcə Xocalıda deyil, Xocalıya qədər Dağlıq və Aran Qarabağda yeddi rayon tamamilə türk nüfuzundan təmizləndi. Bu təkcə etnik təmizləmə deyildi, həm də o coğrafiyadakı türk maddi-mənəvi mədəniyyətinin talan edilməsi demək idi. O dönəmdə bir milyondan çox Azərbaycan türkü Gəncəyə, Bakıya, Şamaxıya, Şəmkirə köç etmək məcburiyyətində qaldı. Və 30 illik bu faciəyə dünya dövlətləri təəssüflər olsun ki, çox səssiz qaldılar. Hətta bir aldatma taktikası ilə dialoq və barış yolu ilə məsələnin həllini söyləsələr də, deyilənlər əfsus ki, kağız üzərində qaldı, Qarabağın dərdinə dərman olacaq heç nə edilmədi. 44 günlük ikinci Qarabağ savaşında Azərbaycan ordusu çox professional və ciddi əməliyyat tədbirləri nəticəsində öz torpaqlarını erməni işğalçılarından təmizlədi. Demək ki, onların anladığı dil bu imiş. Azərbaycan Ordusu onlarla anladığı dildə danışaraq bu coğrafiyanı azad etdi. Təbii ki, azad etməklə məsələ bitmir, işğal zamanı dağıdılan həmin ərazilərin memarlığı, oradan didərgin salınan yerli əhalinin ata-baba torpaqlarına qaytarılması, talan edilən həmin coğrafi ərazinin yenidən inşası da xeyli zaman və zəhmət tələb edir. Məsələnin dərin mahiyyətinə varanda bu məqamı xüsusi vurğulamaq lazımdır ki, mücadilə təkcə əsgəri və siyasi mücadilədən ibarət deyil. Mədəni mücadiləni ədəbiyyatla, sənətlə edilən mücadiləni də xüsusi qeyd etməliyik.

Qarabağda olan faciənin əsas tərəfi qurulmaqda olan, dünyadan heç bir dəstək ala bilməyən Azərbaycan dövləti ilə bağlı idi. 1990-cı illərdə Azərbaycan dövlətçiliyi çox ağrılı bir dönəm keçirməkdə idi. Azərbaycanın müstəqilliyi olduqca ağrılı keçdi. Baltikyanı dövlətlər Sovetlər birliyindən heç bir sıxıntı yaşamadan ayrılmasına baxmayaraq, Azərbaycanın Sovetlər birliyindən ayrılır-ayrılmaz özünü bir savaşın içərisində tapdı. Bu savaşın planını ermənilər illər uzunu hazırlamışdılar. Və bu təxribat Rusiya tərəfindən də silah gücü ilə dəstəklənməkdə idi. Qarabağda hazırlıqsız olaraq müharibənin dəhşəti ilə üzləşən əliyalın Azərbaycan xalqı nizami bir ordunun olmamağı səbəbiylə ciddi itkilər verərək geri çəkilmək məcburiyyətində qaldılar.

No description available.

Mən Heydər Əliyevin nitqlərini tərcümə etmişdim, onun həmişə söylədiyi bir fikir vardı ki, biz bu məsələni sülh yolu ilə həll etmək arzusundayıq, amma əgər qarşı tərəflə barış yolu ilə həll edə bilməsək, bir gün mütləq nəyin bahasına olursa olsun, bu tarixi torpaqlarımızı alacağıq,- deyirdi. Təbii ki, nizami bir ordunun qurulması, bir dövlətin öz ayaqları üzərində dayanması üç-beş ilin məsələsi deyildi. Azərbaycanın 30 il ərzində ərsəyə gətirdiyi nizami ordusunun çox ciddi hazırlığı nəticəsində 44 günlük qısa bir zaman çərçivəsində öz torpaqlarını azad etdiyini gördük. Məsələnin siyasi tərəfi bu cür izah oluna bilər.

Bir məqamı da unutmayaq ki, bu gün dünyada məzlum rolu oynayan dövlətlər var, məzlum rolu oynayan xalqlar var. Bunların biri də İsraildir. Baxmayaraq ki, özləri tarixən zülümlərə məruz qalıblar. Amma uğradıqları zülmün daha böyüyünü Fələstinə yaşatmışdılar.

Ermənilər də onun kimi olduqları hər bir dövlət içərisində xəyanətdən əl çəkməmişdilər. Birinci Dünya Savaşında Ərzurumda, Bayburtda, İğdırda, Vanda, Bitlisdə, Çukurovada 1914-1915-ci illərdə sivil insanlara qarşı qətliamlar törətmişdilər. Fəqət bütün bunlara baxmayaraq etdikləri zülmü ört-basdır edərək türklərin onları qətl etdiklərinə dair təxribatlarla çıxış etmişdilər. Təəssüf ki, onlara inananlar da az deyildi. Yüz illərdir ki, İsveç, Fransa, Amerikanın bəzi əyalətləri türklərin onlara soyqırımını tanımaqdadır. Bir də sənətlə edilən təxribatlar var. Məsələn: çəkilən filmlər təxribat yönümlüdür. Siyasi arenada bu hadisələrin rəngi tamamilə başqa görünməkdədir. Ermənistanla Azərbaycan arasında 44 günlük savaş bir gün gələcək ki, tarixin tozlu səhifələri arasında yer alacaq. Fəqət bu hadisələri özündə əks etdirən filmlərin təsir gücü yüz illərlə davam edəcək ki, bu da sənətlə edilən mücadilənin əbədiyaşarlılığını göstərməkdədir.

Biz də Qənirə xanım Paşayeva ilə Qərbin bu etinasızlıqlarına qarşı ədəbiyyatla tutarlı bir cavab vermək amacında bulunduq. Bu bir həqiqətdir ki,Ədəbiyyatla və sənətlə edilən mücadilə hərbi və siyasi mücadilədən daha dərin və ciddi izlər qoymaqdadır. Və biz ədəbi mücadiləmizi reallaşdıra bildiyimiz qədər daha böyük zəfərlər qazanmış olacağıq!

"Qarabağ hekayələri antologiyası"nı hazırlamaqda məqsədimiz də bundan ibarət idi. Bu kitab yalnız türk dilində deyil, Başqırdıstanda, Qazaxıstanda, Qırğıstanda, Özbəkistanda da yayımlandı. Qarabağ həqiqətlərinin bu türk ölkələrində də yaxından öyrənilməsi istiqamətində müəyyən işlər görməyə çalışdıq. Ədəbiyyatla və sənətlə edilən mücadilənin təsir gücünün daha uzunömürlü olduğunu düşünərək Qarabağdan bəhs edən qırxa yaxın hekayəni bu kitabda topladıq. Filmlərin titrlərinə, fotoqrafların obyektivlərinə yansıyan bu acı gerçəklərin bir də ədəbiyyatda əks olunan üzü olmalı idi ki, biz də həmin qırx hekayə ilə o qətliamın ədəbiyyatda yansıyan tərəflərini işıqlandırmağa çalışdıq. Bir məqamı qeyd edim ki, biz o kitabı 2015-ci ildə nəşrə hazırlamışdıq, indiyə qədər 6 dəfə yüksək tirajla yayınlandı. Bu kitabda yer alan hekayələrin filmə çevrilməsi də təsirli ola bilər.

Bu il Şuşa Türk dünyasının Mədəniyyət Paytaxtı elan olunub. Bu məqsədlə də Azərbaycan Mədəniyyət Nazirliyi bir sıra tədbirlər həyata keçirməkdədir. Əvvəllər Şuşada keçirilən Xarıbülbül festivalı və Vaqif Poeziya günləri də artıq bu ildən etibarən ənənəvi qaydada keçirilməyə davam edir. Bu il Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsi çox uğurlu bir təşəbbüsdür. Gələcək aylarda inşallah orada düzənlənən tədbirlərdə Bizlər də iştirak edəcək, Cıdır düzündə açan xarıbülbül çiçəklərini köksümüzə taxacağıq.

Mehmet Taşın bu gün dünya gündəminin əsas mövzusu olan Rusiya -Ukrayna müharibəsi ilə bağlı sualına verdiyi cavabında İmdat Avşar ictimai-siyasi prosesləri yüksək analiz təfəkkürü ilə aydın və cəsarətli mövqeyini ortaya qoyaraq bu müharibəni Ukraynanın ortada qurban edildiyi bir savaş adlandırmış, Soyuq müharibənin bitdiyi tarixdən bu yana sosialist və kapitalist bloklu dünya düzənini, dünyada baş verən siyasi-iqtisadi prosesləri təhlil edə-edə günahsız insanların ədalətsiz siyasət nəticəsində gördüyü zərər və tələfatlara təəssüflənmiş, o cümlədən tarixi türk torpağı olan Krımla bağlı narahatlığını dilə gətirmişdir.

Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ