"Türk Dünyasına Üstün Hizmət Ödülü" Sadi Somuncuoğluna Türk millətinin vəfa borcu idi...


Türk dünyasının aydınlarını – elm, sənət, ədəbiyyat, mədəniyyət adamlarının böyük əksəriyyətini "Türk ədəbiyyatı" dərgisinin səhifələrindən tanımışam. Bu mənada, "Türk Ədəbiyyatı Vəqfi" və Vəqfin mətbu orqanı olan "Türk ədəbiyyatı" dərgisi məndən ötrü Türk dünyasına açılan bir pəncərə olub. O pəncərədən böyük ziyalıları görmüşəm, imzasını, yazısını arayıb-axtarıb oxumuşam. Bir neçə gün öncə Ankarada TÜRKSOY Genel Mərkəzində "Türk ədəbiyyatı Vəqfi"nin Ödül törəni keçirilirdi. Həmin Ödül törənini izləyərkən bir məqam diqqətimi çəkmişdi:

Ömrünü türklük davasına həsr etmiş, ictimai-siyasi fikrin formalaşmasında misilsiz xidmətləri olan, bugünə qədər qurulan bütün milli təşkilatlarda qurucu və ya üzv olaraq çalışan Türk milliyyətçilərinin böyüyü, ağsaqqalı Sadi Somuncuoğlu Vəqfin təsis etdiyi "Türk Dünyasına Üstün Hizmət Ödülü" ilə təltif olunmuşdu. Fəqət özü törənə qatıla bilmədiyindən ödülü qızı Gökçen Somuncuoğluna təqdim etdilər.

Etiraf edim ki, ülkücü hərəkatın ağsaqqallarından olan bu dəyərli adı, imzanı məhz həmin tədbirdə eşitdikdən sonra gördüyü işləri araşdırıb oxuduqca tanımışdım Sadi Somuncuoğlunu...

Bu sabah isə Haqqa yürüdüyünü öyrəndim... Qələminə, mövqeyinə böyük sayğı duyduğum Yağmur Tunalının vida yazısını göz yaşları içində oxudum. Yağmur bəyin hüzünlə qələmə aldığı yazı həm də Sadi Somuncuoğlunun portreti kimi gözümdə canlandı... Nöqtəsinə, vergülünə toxunmadan Yağmur Ağabəyimin yazısını ana türkcəmizə uyğulayaraq Azərbaycan gəncliyinin Sadi Somuncuoğlu kimi ülkücünü, milli fikir adamını ölümündən sonra olsa da, tanımasını istədim:

"Sadi Somuncuoğlu müstəsna bir dəyər idi. Bütün həyatını Türklüyə həsr etmişdi. Bənzərsiz lider, çoxyönlü bir siyasət adamı, örnək nazirlərdən idi. Həyatı çətin yollarda yürüməklə, yol açmaqla keçmişdi. 1960-cı illərdən etibarən milli mücadilənin önündə gedənlərdən idi. Türkün yüksək mədəniyyətinə, qabiliyyətinə, əsalətinə inanmışlar arasında yeri önlərdə idi. Türkün tarixi missiyasını təmsil edən yüksək bir xarakter idi. Heç bir zaman ümidsiz olmamışdı. Heç bir durumda əyilməmişdi. Özü üçün yaşamamışdı. Son nəfəsinə qədər məmləkəti və Türklüyü düşünən adam idi Sadi Somuncuoğlu. Dörd gün öncə ziyarətinə getmişdim. Gözləri yumulurdu, taqəti qalmamışdı. Fəqət yenə də güclə eşidilən səsi ilə Türklük dərdiylə yanmaqda idi... Xərçəng kimi amansız xəstəliyin pəncəsindəykən belə böyük bir inancla türklük üçün çarpışmaqda və ətrafını yönləndirməkdə idi. Bu izahı olmayan bir güc və inanc idi. Sadi Somuncuoğlu belə bir insan idi. Son böyük əsəri Milli Düşüncə Mərkəzi idi. Siyasətdən ayrıldıqdan sonra bu mərkəzi qurdu. 13 il içərisində bu mərkəzdən, mədəniyyət-sənət və siyasət adamlarımızla məmləkətimizə işıq saçdı. Ən çətin məqamlarda millətin önündə dayandı. Anayasadan Türk ibarəsi çıxarılmaq üçün hərəkətə keçildiyində 300 aydınla 3 maddəlik tarixi bir ültimatum mətni hazırladı. O bildiri televiziyalarda müzakirələrə səbəb oldu. Millət sahib çıxdı. Ankara Sürməli Otelində oxunduqdan sonra yaşanan bu oyanışla Türk ibarəsinin Anayasadan çıxarılmayacağı anlaşıldı.

No description available.

Bu gün Türk övladları Sadi Somuncuoğlunu yetirən bir toplumun övladı olmaqla öyünə bilər. Adı hər zaman qəlbimizdə yaşayacaq və tərtəmiz həyatı insanlığa örnək olacaqdır!"

Yağmur Tunalının vida yazısını oxuduqca Ankaradakı həmin Ödül törənini xatırladım və bu Ödülü təsis etdikləri, ömrünün son günlərində Sadi Somuncuoğlu kimi Mücadilə Adamını belə bir ərməğanla sevindirdikləri üçün Vəqfin bütün yetkililərinə içdən-içə bir minnətdarlıq duydum...

"Türk Ədəbiyyatı Vəqfi"nin Ona təqdim etdiyi "Türk Dünyasına Üstün Hizmət Ödülü" təkcə Vəqfin mükafatı deyil, sanki Sadi Somuncuoğluna uca Türk millətinin vəfa borcu idi...

Ruhu şad, məkanı uçmaq olsun! Uca Yaradan şəhidlər qatında rəhmətiylə muamele etsin!

Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ