Rusiyanın çəkindiyi iki dövlət: "Biri Türkiyədir, digəri isə..."


"Qərb tarix boyu kimə görə savaşıb, kim üçün tədbir görüb? Almaniya İkinci Dünya Müharibəsində Polşanı işğal edəndə Qərb dövlətləri ona qarşı müharibə elan etdilər, amma hərbi əməliyyat keçirmədilər. Almaniya növbəti dəfə Fransaya hücum edəndə müharibə başladı. Yəni Qərb o halda müharibə edir ki, onun ərazilərinə müdaxilə olunur. Belə bir durumda isə Qərb Ukraynaya görə savaşan deyil. Nəticəsiz sanksiyalar tətbiq edirlər, bəyanat verib qınayırlar və sair".

Politoloq Əhəd Məmmədlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya başçısı Vladimir Putin Ukraynanın işğal edilmiş Donbas bölgəsindəki qondarma respublikaların müstəqilliyini tanıdı. Bundan sonrakı gedişat barədə proqnozunuz nədir: Ukrayna hansı addımı ata bilər?

- Ukrayna Rusiyaya qarşı hansı addımı ata bilər ki?! Ukraynanı elə bir vəziyyətə qoydular ki, gözü görə-görə ərazilərini işğal etdilər, heç nə edə bilmədi. Onsuz da işğaldaydı, indi Rusiya bunu rəsmiləşdirdi. Bir aydan çox idi ki, Qərb Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını bildirirdi. Tarixini də qeyd edirdilər ki, Çin olimpiadasından sonra... Demək, bu məlumat Qərbdə var idi. Niyə Qərb bu müddətdə öz ordularını bölgədə yerləşdirmədi? Qərb ən azı təmas xəttində öz hərbi qüvvəsini yerləşdirməliydi, orada hərbi bazalarını qurmalıydı. Niyə indiyədək bunu etmədilər?

"Niyələr" çoxdur. Məlumat da vardı, hər şeyi bilirdilər. Gah deyirdilər, Putin Baydenlə görüşəcək, nə bilim, Polşa-Ukrayna-İngiltərə ittifaqı qurulur, Putin Makronu sındırıb yola saldı və s. Bunların hamısı boş söhbətlərdi, vaxtında iş görmək lazım idi. Vaxtilə Qərb dünyanın gözü önündə necə Polşanı, Çexoslovakiyanı Hitler Almaniyası və Sovet Rusiyası arasında parçalamışdısa, bu gün də Ukrayna ərazilərinin bir hissəsinin Putin Rusiyası tərəfindən işğalına göz yumdu. Belə desək, bu əraziləri ona verdi. Rusiya isə real iş görür, Putin bu addımla yeni status-kvonu qoydu. Yenə Rusiya bu addımla Qərb liderlərini qabaqladı və onları fakt qarşısında qoydu.

- Bəs Qərb və ya ABŞ niyə vaxtında bunun qarşısını almaq üçün tədbir görmədi?

- Qərb tarix boyu kimə görə savaşıb, kim üçün tədbir görüb? Almaniya İkinci Dünya Müharibəsində Polşanı işğal edəndə Qərb dövlətləri ona qarşı müharibə elan etdilər, amma hərbi əməliyyat keçirmədilər. Almaniya növbəti dəfə Fransaya hücum edəndə müharibə başladı. Yəni Qərb o halda müharibə edir ki, onun ərazilərinə müdaxil olunur. Belə bir durumda isə Qərb Ukraynaya görə savaşan deyil. Nəticəsiz sanksiyalar tətbiq edirlər, bəyanat verib qınayırlar və s.

Vaxtilə Kiyevdə inqilab etdilər, insanları meydana çıxardılar, Ukraynanı Rusiya ilə düşmən etdilər. Bu gün də Ukraynanı Rusiya ilə tək qoyublar.

- Rusiya niyə belə bir addım atdı? Yəni Rusiya üçün Ukraynadan hansı "təhlükə" vardı ki, özündə buna getmək zərurəti duydu?

- Putin sovetin kəşfiyyat məktəbinin məzunudur, KQB-nin agenti olub. Bu adam əmin olsaydı ki, Rusiya Donetsk və Luqanskı tanıdıqdan sonra qarşısında Qərbin ordularını görəcək, Putin bunu etməyəcəkdi. Putin bilirdi ki, qarşısında heç kimi görməyəcək və bunu da etdi. Putin bacardıqca Rusiya üçün ərazilər qoparır. Düzdür, SSRİ-ni qura bilməyəcək, buna gücü yoxdur, amma bacardıqca, keçmiş sovet ölkələrindən ərazilər qoparıb Rusiyaya birləşdirir.

- Putin qərarını açıqladıqdan sonra Qərb və ya ABŞ Rusiyanı hədələməyə başlayıb, tarixdə misli görülməmiş sanksiyaların tətbiqindən danışırlar. Sizcə, bu, mümkündürmü?

- "Misli görülməmiş sanksiyalar" nə deməkdir? Krım ilhaq olunandan "misli görülməmiş sanksiyalar"dan danışırlar. Bununla nə edəcəklər? Rusiya və Çin kimi dövlətləri sanksiyalarla yıxmaq olmaz. Belə dövlətləri ancaq daxildə qarşıdurma yaratmaqla və ya hərbi əməliyyatlarla sıradan çıxarmaq olar. Bunu da Rusiyaya qarşı hansı Qərb dövləti edəcək? Heç biri. Hər dəfə hədələyib, axırda sanksiya yolunu seçirlər. Ruslar kartof və qara çörək yeməyə, araq içməyə, acqarnına qalmağa öyrəşmiş xalqdır. Onlar üçün əsas olan "Böyük Rusiya"dır, ona görə də bu sanksiyalara da dözəcəklər.

Ola bilsin ki, orta təbəqənin bəzi nümayəndələri çıxıb aksiya keçirdilər, onların lideri Navalnı da həbsdədir. Baxın, onun səsi çıxır? Yəni sanksiyaların Rusiyanı dayandıracağını gözləmirəm.

- Keçmiş sovet ölkələrinə qarşı aqressiyasını açıq büruzə verən Rusiyanın hədəfində Qazaxıstan, Belarus və Ukraynadan sonra daha hansı ölkələr ola bilər?

- Bunu proses göstərəcək. Hazırda Rusiyanın qarşısında heç bir dövlət dayana bilmir. Son beş-altı ildə müxtəlif cəbhələrdə Rusiyanın qarşısında yalnız Türkiyə dayanır. Bunu da uğurla edir. Biz bunu Suriya və Liviyada, son olaraq da Azərbaycanda - Qarabağda gördük. Bir də Çin var. Yəni Rusiyanın az-çox çəkindiyi iki dövlət var: Türkiyə və Çin. Rusiya Qərbdən çəkinmir, onu heçə sayır. Nə qədər ki, Rusiya öz qarşısında Qərbin əməli addımlarını görməyəcək, istədiyini edəcək. Məsələn, sabah bir ittifaq qurub, Belarusu ora birləşdirəcək, Baltikyanı ölkələri təhdid edəcək. Mümkündür ki, Ukraynanın digər ərazilərinə də hücumlar olsun. Hər şey ola bilər.


MANŞET XƏBƏRLƏRİ