Sabiq nazirdən sensasiyalı AÇIQLAMALAR - "Qarabağda iki-üç günə..."


Azərbaycanla Ermənistan arasında sülh təşəbbüslərinin artması fonunda ermənilər tərəfindən Qarabağda növbəti təxribatlar törədilir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə hazır olduğunu bəyan edir, Arazdəyən-Horadiz dəmir yolunun Zəngəzurdan keçən hissəsinin inşası üçün rəsmi İrəvan layihənin hazırlanmasına başlayıb. Ermənistan Azərbaycanın tələbini yerinə yetirərək Birinci Qarabağ müharibəsində itkin düşmüş 108 nəfərin cəsədinin qalıqlarını təhvil verib. Fevralın 24-də isə Vyanada Türkiyə və Ermənistan nümayəndələrinin münasibətlərin normallaşdırılmasına dair növbəti danışıqları keçiriləcək. Bu ərəfədə Qondarma rejimin "parlamenti"nin "işğal olunmuş ərazilər" haqqında "qanun" qəbul etməsi, ermənilərin Suqoşvuşan-Ağdərə yolunda Azərbaycana məxsus hərbi maşın karvanının qarşını kəsərək geri qayıtmağa məcbur etməsi bölgədə vəziyyəti yenidən gərginləşdirib.

Turkustan.az xəbər verir ki, son hadisələrin səbəbləri və mümkün nəticələri ilə bağlı "Cümhuriyət"in suallarına sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:

-Müharibədən sonra biz iki taktikadan bir-birinə qarşı istifadə olunduğunu görürük. Birincisi, Rusiyada və Ermənistanda yaşayan erməni dairələri çalışırlar elə bir siyasət həyata keçirsinlər ki, Qarabağ mövzusu yeni şəraitdə davam etsin. İstəyirlər Rusiyanın sülhməramlı adlanan qoşunlarının himayəsi altında Qarabağ ərazisində separatçı əhval-ruhiyyə qalsın, ona aid qurumlar fəaliyyət göstərsin. Bu, yəni münaqişəni idarəetmə üsulu kimi istifadə etmək Rusiyanın köhnə taktikasıdır. Amma Azərbaycan tərəfi strateji təmkinlik taktikası yürüdür. Bunun mahiyyəti ondan ibarətdir ki, Qarabağda yaşayan separatçı ermənilər əvvəl-axır oranı tərk edəcəklər. Bölgədə yalnız Azərbaycanın qanunlarını və vətəndaşlığını qəbul edən ermənilər qalacaq. Bu iki taktika bir-birinə qarşıdır. Biz görürük ki, Rusiya öz taktikasını icra etmək üçün hansisa layihələr həyata keçirir, ermənilər su çəkir, işıq çəkir, evlər tikir və s. Ancaq ermənilərin köç prosesinin qarşısını almaq mümkün deyil. Azərbaycan Prezidenti də daim bu mövzu barədə danışır. Dövlət başçısı da qeyd edir ki, Laçın dəhlizi nəzarətimiz altındadır və nə qədər erməninin Qarabağa daxil olduğunu, neçə nəfərin ərazini tərk etdiyini dəqiq bilirik. Lakin nə Rusiya, nə də Azərbaycan bu vəziyyətin açıq qarşıdurma səviyyəsinə çatmasını istəmir. Bundan fərqli olaraq, ermənilər gərginliyin artmasında maraqlıdır. Onlar çalışır ki, Azərbaycan-Rusiya və Rusiya-Türkiyə münasibətlərini pozsunlar və köhnə siyasi oyunlarını Rusiya qoşunalrının himayəsində davam etdirsinlər.

Son hadisələrin səbəbi də bununla bağlıdır. Mən belə qənaətə gəlirəm ki, Rusiyanın erməniləri Qarabağda öz himayəsi altında saxlamaq layihəsi baş tutmur. Onun uğurla nəticələnəcəyinə şübhə edirəm. Çünki adi insanlar bu oyunlarda iştirak etmək istəmir. Ermənilər yaxşı başa düşür ki, sabah vəziyyət dəyişsə, onlar yenə də bu oyunların qurbanı olacaq. Ona görə də ailəsi və özü barəsində düşünəndə, ermənilər əmin-amanlığın olduğu yerə köçməyə üstünlük verir. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərə qayıdışı çox sürətlə baş verir, infrastruktur yaradılır, hərbi imkanlar artırılır. Azərbaycan öz siyasətindən dönən deyil.

Bu baxımdan, ermənilərin kiminsə layihəsində iştirakı çox spektik yanaşmadır. Hesab edirəm ki, hazırkı mərhələdə Azərbaycan tərəfi çox effektiv siyasət yürüdür. Bizim məqsədimiz aydındır. Ermənilərin yaşadığı ərazilər üzərində Azərbaycanın suverenliyi tam bərpa edilməlidir. Buna heç kimin şübhəsi yoxdur. Amma bunun yolları var. Buna açıq toqquşma ilə yoxsa, siyasi yolla nail olmalıyıq? Hələlik ki, siyasi yola ümidlər var və fikrimcə, mövcud vəziyyət bir müddət davam edəcək. Azərbaycan hazırkı mərhələdə təxribatlara uymamalı və tutduğu xətti davam etdirməlidir.

-Azərbaycan nə vaxta qədər strateji səbr nümayiş etdirməlidir? Belə çıxır ki, ermənilər yolu kəsməkdə davam edəcək, biz də səbr göstərib heç bir tədbir görməməliyik? Rusiya sülhməramlıları belə təxribatların qarşısını alımaq üçün onsuz da öz missiyasını yerinə yetirmir. Azərbaycan nə vaxta qədər gözləməlidir?

-Bir anlıq ermənilərin məqsədlərini müəyyən edək. Onların niyyəti bizi ruslarla toqquşdurmaqdan ibarətdir. Bizim məqsədimiz qeyd etdiyim kimi, suverenliyi bərpa etmək, amma bu prosesi itkisiz həyata keçirməkdir. Yəni hamı başa düşür ki, Azərbaycan Rusiya ilə bir çox məsələlərdə toqquşma səviyyəsinə çatsa, bizim üçün ağır olacaq, hansısa hərbi əməliyyatların bərpasına gətirib çıxaracaq. Bu, ola bilsin ki, ruslarla deyil, başqa qüvvələrlə də ola bilər. Məqsəd bəlli olsa da, yollar müxtəlifdir. Strateji təmkinliyin nə qədər davam edəcəyi sualına mən cavab verə bilmərəm. Bu işlə məşğul olan səlahiyyətli şəxslər var və onlar vəziyyəti bizdən yaxşı dərk edirlər. Hesab edirəm ki, onlar optimal yolu tapacaqlar.

Bir məsələni də qeyd etmək istəyirəm. Rusiya ilə Gürcüstansayağı da davranmaq olar, Ukraynasayağı, da Azərbaycansayağı da. Nəticə etibarı ilə Azərbaycasayağı siyasət özünü doğrultdu. Təbii ki, ermənilər bizim əsəblərimizlə nə qədər oynayacaqlar? Onların da nöqsanları var. Amma biz bu siyasətlə itkisiz çox şeyə nail ola bilərik. Hazırda çox hay-küylə deyə bilərik ki, gəlin gedək, belə edək, elə edək. Nəticədə, gənclər qurban gedəcək.

-Azərbaycan oyun qaydalarını pozmur. Son təxribatlar da bunu göstərdi...

-Biz də ermənilərə real və psixoloji təzyiq göstəririk. Şuşada festival keçiririk, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələr tikirik. Bu da onların siyasətinə qarşıdır...

-Erməninin xoşuna gəlməyəcək deyə, biz öz torpaqlarımıza qayıtmamalıyıq?

-Söhbət ondan gedir ki, biz düşməni məhv etmişik, biri də var ki, onlara psixoloji təzyiq göstəririk. İnanın ki, bunun nəticəsi olacaq. Şuşada dayanıb yuxarıdan Xankəndinə baxanda gələcək qələbəmizə əminlik artır. Düşmənin ərazisi ayağımızın altındadır.

-Son vaxtlar MDB məkanında Rusiyanın hərbi-siyasi fəallığının artdığını nəzərə alsaq, Qarabağdakı təxribatların Moskvanın siyasətinə aidiyyəti yoxdurmu? Bu, yalnız ermənilərin əməlidir?

-Əlbəttə, baş verənlərə görə Rusiyanın ciddi məsuliyyəti var. Məgər biz bunları görmürük? Erməni özbaşına bu qələti edə bilməz. Burada Rusiyanın birbaşa əli var. Burada mən bayaq dediyim iki taktikanın qarşı-qarşıya gəldiyini görürük. Bir tərəfdən biz qayıdırıq, möhkəmlənirik, buna qarşı da Rusiya Fövqəladə Hallar Nazirliyi ermənilərə ev tikir, su borusu çəkir. Amma ermənilər qaçır. Yəni mübarizə davam edir, sadəcə başqa formada.

-Rusiyadan yalnız 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək və sülhməramlılardan təxribatların qarşısını almaq tələb olunur. Qarabağdakı axırıncı olaylardan sonra Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla həmkarı Sergey Lavrov arasındakı telefon danışığında da, məhz üçtərəfli Bəyanatda qeyd edilmiş razılaşmaların yerinə yetirilməsi müzakirə olunub...

-Rusiya sözdə buna əməl edəcəyinə söz verəcək, amma əməldə "yox" deyəcək. Biz buna hazır olmalıyıq. Beynəlxalq münasibətlərdə səmimilik, etibar olmur. Rusiya istəyər ki, ona qarşı çıxan güclü bir ölkə yaranmasın. Ukraynaya baxın. Qərb onu Rusiyaya qarşı necə istifadə edir. Ukraynanın əli ilə Rusiyaya təzyiq edirlər. Yəni hər kəs öz oyununu oynayır.

-Həmişə bütün suallar bir nöqtəyə gəlib çıxır. Biz nə vaxta qədər gözləməliyik? Bu, nə qədər davam edəcək?

- Müharibəni nə vaxt başlamaq qərarı veriləndə bu sualın cavabı tapılacaq.

-Siz həm səbrdən danışırsız, həm də müharibənin vacibliyindən. Hansını seçmək lazımdır?

-Mən Azərbaycanın iki-üç günlük antiterror əməliyyatları aparacağını istisna etmirəm.

-Baş prokurorluq Araik Arutunyanın qısa müddətdə kəşfiyyat əməliyyat tədbirləri ilə saxlanılaraq məhkəmə qarşısına çıxarılacağı barədə məlumat yayılıb. Sizcə bu, nə qədər realdır?

- Mən hesab edirəm ki, lazımdırsa, təkcə Araiki deyil, başqalarını da tutub gətirmək olar. Həmin qərarı bununla məşğul olan insanlar verməlidir.

-Rusiyanın razılığı olmadan sülhməramlı qüvvələrin müvəqqəti nəzarət zonasında belə bir əməliyyat keçirmək mümkündürmü?

-Bəlkə də Rusiya hansısa mərhələdə göz yumub belə əməliyyatın baş tutmasına imkan yaradar ki, digərlərinə dərs olsun. Yəni mənsiz sən heç nəsən. Ola bilər ki, Araik itaətdən çıxıb. Bəyəm Rusiya öz dostlarını satmır? Əlbəttə, satır. Mən istərdim ki, daha təmkinli iş görək, itkilərimiz olmasın, Araik də həbsxanada yatsın.


MANŞET XƏBƏRLƏRİ