Məmməd Əmin Rəsulzadənin yaradıcılığında türkçülük, azərbaycançılıq və milli həmrəylik

Məmməd Əmin Rəsulzadənin yaradıcılığında türkçülük, azərbaycançılıq və milli həmrəylik

MEDİA Agentliyi “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsinin  təşkili ilə bağlı fikirlərə münasibət bildirib - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

 

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

 

VI Yazı

 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı

elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Azərbaycanda milli həmrəylik, yaxud da solidarizm cərəyanının tanınmış siması da M.Ə.Rəsulzadə olmuşdur. Bizcə, Rəsulzadədə Milli həmrəylik məsələsinə ilk maraq 1910-cu illərdə yaranmış və müsavatçılıq təlimində öz əksini tapmışdır. 20-ci əsrin ilk yarısında yaşamış Rəsulzadə sosial demokratiya, liberalizm/liberal-demokratiya və onların mahiyyətin­dən irəli gələn təlimləri (bolşevizm, menşevizm, faşizm, hitlerizm və b.) çox yaxşı bildiyi üçün, onlardan fərqlənən üçüncü bir yolu daha doğru görmüşdür. Rə­sul­za­də kom­mu­niz­mə (sosializmə), və liberalizmə və onlardan törəyən ifrat təlimlərə qar­şı mil­li təsanüdçülük, ya da milli həm­rəy­lik (so­li­da­rizm) təlimini müdafiə etmişdir. Əslində Rəsulzadənin Milli həmrəylik (solidarizm) təliminə müraciət etməsi təsadüfi deyildi.

1920-ci illərin ortalarından etibarən yenidən solidarizm məsələsinə qayıdan Rəsulzadənin yaradıcılığında həmrəylik təlimi daha da önəmli ter tutmuşdur. Məsələn, o, 1926-ci ildə İstanbulda verdiyi iki konfransda inqilabi sosializmlə mütləqçi liberalizmin oxşar və fərqli cəhətlərini müqayisə etməyə çalışmışdır. Onun həmin məruzələrinin (“İxtilalçı sosializmin iflası” və “Demokrasinin gələcəyi”” əsasında inqilabi sosializmin nədən iflasa uğraması, eyni zamanda liberalizmdən çox demokratiyanın (daha çox da milli demokratiyanın) vacibliyi və burada da həmrəylik (solidarizm) təliminin əhəmiyyətini izah etmək dayanmışdır. “İxtilalçı sosializmin iflası” məruzəsində “Dünya cənnəti məfkurəsi”nə aydınlıq gətirməyə çalışan Rəsulzadə bu məsələyə öz əsərlərində müəyyən yer vermiş Russo, Kant, Hegel, Kont, Spenser, Marksın və başqa mütəfəkkirlərin düşüncələrinə yer vermişdir.[1] [2]

Rəsulzadəyə görə xüsusilə də, Kant, Hegel, Kont, Spenser bəşəriyyətin yaxın gələcəkdə sosial bərabərlik içində xoşbəxt yaşayacağı mülahizəsinə daha nikbin yanaşmışlar. O, yazırdı: Başqa əsaslar və ifadələrlə olsa da, Kont dəxi bəşəriyyətin istiqbalını eyni qətiyyət və nikbinliklə təbşir eləmişdir. Müsbət fəlsəfənin müəssisi “bəşəriyyətin mümtaz qiami təbiətə ən ziyadə uyan ictimai intizam dövrünün hüsuluna yanaşmaq üzrə bulunuyor” deyə müntəzirləri təsəlli etməkdədr. Bunun üçün filosof hər şeydən əvvəl, fikir və mühakimələrin fünuni-müsbətə əsası üzərinə tövhidini tələb ediyor; fikir və mühakimələrdəki anarşiyi bərtərəf etməyə lüzum görüyordu. Konta görə bəşəriyyət Russo, Kant və Hegeldə olduğu kimi hüququn mütəkamül şəkillərni tətbiq etməklə deyil, elm və fənnin sözgötürməz həqiqətlərinə tabe olmaqla nicat bulacaqdır”.[3]

Daha sonra Marksla Engelsin sosial bərabərlik, ya da kommunizm cəmiyyətini təhlil edən Rəsulzadəyə görə onların birgə yazdıqları “Kommunist manifesti”ndə məzlumların zalım­ları devirməsi ilə dünyanın bir gün cənnətə çevriləcəyi ideyası ən qüvvətli, məntiqli səviyyədə ifadə olunmuşdur. [4] Ancaq marksizmə görə proletariatın kapitalizm üzərində qələbəsindən sonra yalnız ailə, milliyyət, din, sinifi məsələlər deyil, eyni zamandavətən, dövlət və mülkiyyət anlayışları da aradan qalxacaqdır. Şübhəsiz, bu cür yanaşma Russonun, Hegelin baxışlarının tam tərsi idi. Rəsulzadə hesab edir ki, marksizmin bu cür tutumuna qarşı Russonun (“İctimai müqavilə”), Hegelin (“Dövlətin təntənəsi”) ideyalarını ən yaxşı davam etdirən Ferdinand Lassal olmuşdur. O, yazırdı: “Almaniya sosial-demokrat firqəsində əskidən bəri “lassalyanizm” namilə məruf bir cırıyan vardır; bu cərəyan marksizmlədaimi bir təsadüm halında idi. Marksın yuxarıda gördüyümüz vəchlə dövlət həqqindəki nəzəri mənfi idi. Halbuki Ferdinand Lassal bu xüsusda tamamilə Hegelə sadiq idi. Müsbət bir görüşü vardı. Dövləti inkar deyil, qəbul ediyordu. Lassala görə dövlət bir sinfin digər siniflər üzərindəki təğəllüb və hakimiyyətindən ibarət deyil, cəmiyyətin idarəsinə yarar, siniflər fövqündə bir makinadır. O, liberalizmin dövləti iqtisadi münasibata müdaxilədən mən edən nəzəriyyəsini cərh ediyor, böylə bir müdaxilə demokratik dövlətin vəzifəsindən olduğunu iddia ediyordu. Lassala görə əsaslı qanunlar cəmiyyət içindəki ictimai siniflərin bilfeil haiz olduqları qüvvət və iqtidarın həqiqi təvazinini təsbit edən vəsiqələrdir”. [5]

Lassalın dövlətin missiyası ilə bağlı irəli sürdüyü mülahizələri qəbul edən Rəsulzadənin də fikrincə, dövlətin əsas vəzifəsi bir tərəfdən insanların azadlıqlarını təmin etmək, digər tərəfdən isə fərdlərin birləşdirilməsi, onların müsbət xassələrinin aşkar edilməsidir. Ən əsası da odur ki, dövlətləri yıxmaq deyil, onları təkamül əsasında inkişaf etdirmək və sosial ədalətli cəmiyyətlər təşkil etməkdir. Rəsulzadə hesab edirdi ki, marksizmin irəli sürdüyü sosial inqilabın (marksist iniqlabçılar) baş verməsi gününü gözləmək, bunun üçün də fəhlələrin qulaq-başını doldurmaq əvəzinə, ən yaxşısı dövlətin sosial islahatlar həyata keçirməsinə (Russo, Hegelə əsaslanan Lassalyanizm- təkamülçülər) təkan vermək idi. Rəsulzadə yazırdı: “Lassal ruhunu idealizə edən alman sosialistləri, mövcud inqilab günü uzaqlaşdıqca “Manifest”in firqə proqramında tarixə və keçmişə hörmətən sadə bir bəyannamə rolu oynadığına qane olmuş “Manifest” ilə bərabər “Kapital”ın belə ortaya qoyduğu qəti üqnumları tədiqi və təhqiqə lüzum görmüşlərdir. Bernşteyn tərəfindən təmsil olunan bu təqlidçiliyə Almaniya sosializm tarixində “reviziyonizm” deyilir. Reviziyonizm sinif mücadilə­sinin əhəmiyyətini idrak etməklə bərabər, bunun Marksda olduğu kimi qəti və mütləq bir qiyməti haiz olmadığını iddia eləmiş, sinfi mənfəətlərini müdafiə etməklə bərabər əmələnin milli mənafe naminə dövlət daxilində digər siniflərlə təşriki-məsai edə biləcəyi ilə, sinif təsanüdünə dəxi mənfi bir nəzərlə baxmamaq lazım gəldiyini irəli sürmüş; eyni zamanda kapitalizm inkişafının Marksın iddia etdiyi vəchlə mütləqa sosializm inqilabına aid olacağı qəziyyəsini dəxi şübhə altına almışdır”. [6]

Beləliklə, alman sosialistlərin (Lassal, Bernşteyn, Bebel və b.) zamanla sinfi həmrəyliklə yanaşı milli həmrəylikdən bəhs etmələri marksizm üçün ciddi zərbə olmuşdur. Xüsusilə də, Lassaldan sonra Bernşteyn, Bebel və Libknextin Almaniya vətənpərvərliyindən, alman milli hisslərindən bəhs etmələri sosial-patriotizmi və milli həmrəylik təlimini ortaya qoymağa başlamışdır. Rəsulzadə hesab edirdi ki, onlar Marksın hər növ xüsusiyyətləri məhv edən internasionalizminə müqabil reformizm və sosial-patrotizmdə insanın öz vətəninin istiqlalını müdafiə etmək lüzumundan bəhs edirdilər. Rəsulzadə yazırdı: “Vətən nədir? Üzərində yaşadığımız torpaqmı? Bu, yalnız yaşadığımız torpaq deyil, Bebelin üsulətlə işarət etdiyi kimi bu, ana-babalarımızdam bizə keçən mənəvi qiymətlərin yekunudur. Bu, həm din, həm dil, həm ədəbiyyat, həm gözəl sənətlər, xülasə bir millətin həqiqi siyasi və mənəvi şəxsiyyətini təşkil eədn bütün qiymətlərin məcmuidir!”.[7]

Alman sosioloqlarının bu fikirlərinin az sonra digər xalqlar arasında yayıldığını deyən, Rəsulzadəyə görə 1-ci Dünya mühari­bəsi dövründə və ondan sonrakı dövrdə də Rusiya təcrübəsi istisna olmaqla, Avropa ölkələrində inqilabçı sosializmdən daha çox sosial islahatçılıq, milli demokratiya fikirləri geniş yayılmışdı. O, yazırdı: “Milyonlarca cana, milyonlarca sərvətə mal olan rus təcrübəsi dəxi isbat ediyor ki, yer üzündə hər növ milli və tarixi əlaqə və rabitələrdən ari cahan cənnəti təsis etmək fikri xam bir xəyaldır. Bu xam xəyal üçün cahan tarixinin müsbət bir həqiqət olaraq meydana gətirdiyi milli demokrasiyi fəda etmək olmaz. Sosializmin təsisi ilə zərurət dünyasına intəha verilərək hər növ qeyddən azadə bir hürriyyət dünyasına atılmaq xülyası ilə şəxsi hürriyyətimizi bizə ən əmin və ən təbii surətdə təmin edəcək milli istiqlal və milli demokrasi şüarından uzaqlaşmayalım! Biləlim ki, tarixi-ibtida və intəhası bəlli olmayıb daima yüksək­lərə doğru gedən layətənahi bir yoldur. Bu yolun irə biləcəyi müxəyyül aqibət şəxsin mümkün olduğu qədər daha hürr, daha sərbəst, daha mütəkamil bir vücud olmasıdır. Insandakı fərdi məziyyət və nöqsanların əksəriyyətlə mühit və cəmiyyətdən alınan xislətlər olduğunu nəzərə alırsaq, insan cəmiyyətlərinin milliyyət və demikrasi əsalsaırnda hürr və müstəqil olmalarının cahan tarixindəki rolunu həqqilə anlar, milli dövlət məfkurəsinin ülviyyət və xəllaqiyyətini bütün vücudu­muz­la hıss və əqlimizlə dərk edəriz!”. [8]

Dahi mütəfəkkirimiz bu məqaləsində əsil bir sosioloq-mütə­fəkkir kimi özünü ortaya qoymaqla yanaşı, Milli həmrəylik təliminin necə meydana çıxmasını da əsaslandırmağa çalışmışdır. Bizcə, “İnqilabi sosializmin iflası” məqaləsinin davamı kimi az sonra məruzə etdiyi “Demokrasinin gələcəyi” mövzusunda isə, Rəsulzadə artıq Milli həmrəylik təliminin əsil mahiyyətini aydınlaşdırmağa xeyli dərəcdə yaxınlaşmışdır. Bizcə, “Demokra­sinin gələcəyi” məqaləsində o, bir tərəfdən müsavatçılığı, digər tərəfdən isə solidarizmi (həmrəylik fəlsəfəsini) təsadüfən izah etməyə çalışmamışdır.

Hər halda Rəsulzadənin 1910-cu illərdə müsavatçılıq ideyasını müdafiə etməsi və həmin müsavatçılıqda da milli-dini ideyalarla sosial-demokratizmin uzlaşdırılması məsələsi, ancaq onun uzaqgörənliyi ilə izah oluna bilər. Başqa sözlə, Rəsulzadənin 1910-cu illərdə ortaya ataraq əsaslandırmağa çalışdığı müsavatçılıq əslində milli-sosial dövlətçilik təlimi idi. Deməli, Rəsulzadənin 1920-ci illərin ortalarından etibarən müdafiə və təbliğ etdiyi Milli təsanüd­çülüyün (solidariam-həmrəylik təlimi) kökü müsavat­çılqla (milli-sosial bərabərliklə) bağlıdır. Hər halda Rəsulzadənin demokrat­iyanın əsas təməl prinsipləri ilə bağlı yazdıqları bunun bariz örnəyidir: “Məlum olduğu üzrə demokrasi­yi təşkil edən üç mühüm əsas vardır. Bunlardan birincisi hürriyyət, ikincisi müsavat, üçüncüsü də hakimiyyəti-milliyyə əsaslarıdır. Demokrasi bu üç əsasın tərkibindən hasil olma mənzumədir. Bu əsasları birər-birər təhlil və onların demokrasi­dəki rollarını tədqiq edəlim. Əvvəla, hürriyyət prinsipini alalım: bu, şübhəsiz demokrasiyə tərkib edən ünsürlərdən ən mühümüdür. Fəqət böylə olmaqla bərabər öz-özünə demokratiyanı təşkil edəməz, hətta hürriyyət prinsipi ilk dəfə olaraqbu gün hamımızın alışqın olduğu kimi, hürrəndiş zəvat tərəfindən deyil, ingilis kəlisalarından  müstəqil məzhəblər tərəfindən irəliyə sürülmüşdür. Müsavat fikri də ilk zühurunda bu gün bizim anladığımız mənada zühur etməmişdir. Müsavat fikrini ilk dəfə olaraq hökuməti-mütləqə tərəfdarları irəli çəkmişlərdir. Kralın hakimiyyətini təmin və krallığa mərkəziyyət verdirmək üçün hökuməti-mütləqə tərəfdarları müsavat prinsipini feodalizmə qarşı müdafiə etmişlərdir. Dövlət işlərinin yalnız feodallara xas bir iş olmayıb, qanun nəzərində bütün vətəndaşların müsavi bir həqqə malik olmasını tərvic eləmişlərdir. Sonra hüquqi-tərbiyə tərəfdarları bu fikri daha çox dərinləşdirmiş, insanların bitəb müsavi olmadı fikrini yapmışlardır”. [9]

 

 

 

 

[1] Resulzade M.E. Yeni Kafkasiya yazıları (1923-1927). Ankara, Türk tarih kurumu yayınları, 2017, s.338

[2] Rəsulzadə M.Ə. Əsərləri (Mühacirət dövrü: Türkiyə, 1922-1929). I cild, Bakı, “OL” npkt, 2016, s.345

[3] Yenə orada, s.346

[4] Yenə orada, s.351

[5] Yenə orada, s.353

[6] Yenə orada, s.357-358

[7] Yenə orada, s.359

[8] Yenə orada, s.368

[9] Yenə orada, s.372


MANŞET XƏBƏRLƏRİ