"Hər şey qışqırır ki, İlkin günahsızdır, amma..." – Nərminin qətl işində etiraz


Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Turkustan.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə Nərminin əmisi oğlu Ayxan Quliyev ifadə verib.

Məlum olub ki, Ayxanla Nərmin həm də sinif yoldaşı olublar. Cinayət işinin materiallarına görə, yaxınlarından Nərmini sonuncu görən Ayxan olub.

2019-cu il noyabrın 21-də günorta saatlarında o, əmisigilə gəlib, Ayxandan öz atasının gödəkçəsini alıb. Ondan sonra azyaşlı qızı görən olmayıb.

Bir də 2020-ci il yanvarın 6-da yandırılmış vəziyyətdə meyiti tapılıb.

Ayxan ifadə verən zaman bir sıra ziddiyyətlər ortaya çıxıb. Ziddiyyətlər ondan ibarətdir ki, Nərmin həmin gün onlarda cəmi 2-3 dəqiqə dayanıb, hətta gödəkçəni qoymaq üçün onun torba gətirməsini belə gözləmədən gedib.

Amma o gün Nərminin üzərində olan bütün geyimləri dəqiqliklə xatırlayıb.

Lakin Ayxan həmin gün evdə olan valideynlərinin, qardaşının, nənəsinin, onlarda qonaq qalan əmisi oğlu Qorxmazın nə geyindiyini xatırlamayıb.

Azyaşlı şahid bildirib ki, içəri otaqdan torba götürərək çıxanda əmisi qızının getdiyini görüb və daha onun arxasınca küçəyə çıxmayıb. Qeyd edib ki, Nərminin onlardan çıxandan sonra hansı tərəfə getdiyini bilməyib.

Bu məsələ həm də Nərminin təqsirləndirilən İlkin Süleymanovgilin evi tərəfə gedib-getməməsi baxımından əhəmiyyətlidir.

Digər tərəfdən isə Ayxan bildirib ki, evlərində küçəyə baxan bir pəncərə var, nənəsinin otağında yerləşır. Nərmin onlardan çıxandan sonra o istiqamətdə getməyib.

Vəkillər soruşub ki, əgər o, əmisi qızının hansı tərəfə getdiyini görməyibsə, hardan bilir ki, həmin pəncərə yerləşən istiqamətdə gedib, yoxsa getməyib.

Azyaşlı şahid sualı cavablandıra bilməyib.

Ayxan vəkillərin suallarını cavablandırarkən ondan kənddə Nərmini görən və bu barədə danışan məktəblilərin olub-olmadığını soruşublar. O, həmin məktəblilərin adlarını çəkib: "Sevinc və Şəmsiyyə bizim yanımızda yaşayan Səlminaz müəllimənin yanına hazırlığa gedirlər. Onda yolda Nərminin görüblər".

Ayxan deyib ki, əmisi qızının oğurlanıb öldürülməsilə əlaqədar 5-6 dəfə polis və prokurorluqda dindirilib.

Vəkillər Ayxanın istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər olduğunu bildiriblər.

Növbəti məhkəmə iclasında onun istintaqdakı ifadələri araşdırılacaq.

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib ki, azyaşlı şahidin sualı sonadək dinləmədən hazır cavabı səsləndirməsi onun öncədən təlimatlandırılmasına şübhələr yaradır. Nərminin geyimilə bağlı bütün qohum-əqrəbanın bir-birinin ifadələrini uyğunlaşdırmağa çalışdıqlarını deyən vəkilin sözlərinə görə, bununla belə, yenə də ziddiyyətlər ortaya çıxır: "Yalan olan yerdə mütləq ziddiyyətlər də olacaq. Ayxanın ifadələrində də kəskin ziddiyyətlər var. Onun istintaqdakı ifadələri araşdırılanda ortaya çıxacaq".

İlkin Süleymanovun qardaşı Adil Süleymanov da Ayxan Quliyevin yalan danışdığını deyib: "Necə ola bilər ki, bir uşaq həmin gün 2-3 dəqiqə gördüyü Nərminin bütün geyimlərini dəqiqliyilə yadında saxlayıb, amma gün ərzində onunla olan valideynlərinin, qardaşının, nənəsinin yox? Əmisi oğlu Qorxmaz da eyni cür ifadə verib. Nə olur-olsun, yanan meyitin üstündəki geyimləri təsdiqlətdirmək istəyirlər. Açıq-aşkar görünür ki, bu uşağı öyrədib göndəriblər. Hər şey qışqırır ki, İlkin günahsızdır, amma sanki hamı qulağını tutur".

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ