Abidəsi könüllərdə və könlümüzün paytaxtı Bakıda ucalır - Qənirə Paşayeva yazır

Abidəsi könüllərdə və könlümüzün paytaxtı Bakıda ucalır - Qənirə Paşayeva yazır

(Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.)

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bugünlərdə, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışını etdi, önəmli ismarıclarla dolu nitq söylədi. Açılış “20 Yanvar”ın 32-ci ildönümündən 2 gün qabaq, Qarabağdakı Zəfərimizdən sonrakı 2-ci təqvim ilinin birinci ayında baş tutdu. Heykəlin tarixi qala divarının önündə qoyulması, açılış tarixi və “Şuşa İli”nin ilk mühüm mədəni hadisəsi olması etibarı ilə hər şey təvafüdür!..

Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı məsələ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 01 mart 2019-cu ildə mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə qaldırılmışdı. O zaman dövlət başçısı məsələyə öz ilkin müsbət cavabında demişdi: “Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır.” Və budur, Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması – ilimizin ilk böyük mədəni hadisələrindən biri kimi bu təqvim ilinə xeyirxahlıq səciyyəsi gətirməkdədir: Xeyirxah Şuşa İli!..

Azərbaycan Prezidentinin 2020-ci ildə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı imzaladığı müvafiq Sərəncam əsasında keçirilmiş açıq müsabiqədə Xalq rəssamı, məşhur heykəltaraş, Xalq rəssamı Xanlar Əhmədovun işi qalib gəlib.

Yuxarıda da vurğuladığımız kimi, böyük xeyriyyəçinin möhtəşəm abidəsi onun adına layiq yerdə ucaldılıb: bu yer paytaxtın tarixi yeri olub, paytaxt sakinlərinin də ən sevimli yerlərindən sayılır. Ömrü boyu Bakının, ümumən Azərbaycanın inkişafına, abadlaşmasına böyük töhfələr vermiş Hacı Zeynalabdin Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsi həm rəmzi anlam daşıyır, həm də bir qədirşünaslıq aktıdır. – Prezidentin heykəltaraşa dediyi kimi: “Çox gözəldir. Necə deyərlər, həm onun əzəmətini əks etdirir, həm də memarlıq baxımından çox gözəldir”.

Tarixdə də, bizim şəhərimizdə və ölkəmizdə də varlı, imkanlı insanlar çox olub, əlbəttə. Əlbəttə, heykəllər varlılara deyil, könlü varlılara, xeyirxahlara ucaldılır. Hacı Zeynalabdin Tağıyevin dövründə ondan daha zəngin insanlar olsa da, o, xeyriyyəçilikdə ən öndə olan, digər milyonçuları da buna təşviq edən könül zəngini olub. Özü də, o özü çox kasıb ailədə böyümüş və sərvət qazandıqdan, böyük imkanlar sahibi olduqdan sonra da, nə kasıblığı, nə kasıbları unutmayıb. Dövlət başçısının heykəlin açılış mərasimindəki nitqində vurğuladığı kimi, əgər Tağıyevin xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, xalqın yaddaşında bugünkü səviyyədə əziz qalmazdı...

Tağıyevin təşəbbüsü, dəstəyi, bir çox hallarda biləvasitə maliyyələşdirməsi ilə ölkəmizdə bir çox önəmli layihə həyata keçirilib. Bakımızda teatr binası, bir çox sənaye müəssisəsinin tikilməsi, Azərbaycanda ilk dünyəvi Qız Məktəbinin açılması, paytaxtda ilk tramvay xətlərinin çəkilməsi böyük xeyriyyəçinin adı ilə bağlıdır. Günü bu gün də Bakının gözəlliyinə, memarlığına zənginlik qatan, şəhərimizə rövnəq verən bir çox gözəl binanın inşası o, yanarürəkli, xalq, vətəncanlı xeyriyyəçinin adı ilə sıx bağlıdır. Ayrıca, Tağıyevin təhsillə bağlı özəl təşəbbüsləri yalnız paytaxt Bakı ilə sınırlanmır; o cümlədən, Şamaxıda, Gəncədə, Naxçıvanda, habelə qonşu Gürcüstanda soydaşlarımızın sıx yaşadığı bölgələrdə onun ayrıdığı vəsaitlə məktəblər açılmışdır. Yüzlərlə azərbaycanlı gənci Rusiyanın, Avropanın aparıcı ali təhsil ocaqlarına oxumağa göndərən də məhz o, olub.

Paytaxt Bakıya təmiz, keyfiyyətli içməli suyun çəkilməsi (“Şollar su kəməri”) də Tağıyevin çoxsaylı xeyriyyəçilik fəaliyyəti içində aparıcı yerdədir. Yalnız onu deyək ki, o kəmər bu gün də fəaliyyətdədir və Bakı, Sumqayıt, Abşeron sakinlərinə xidmət edir.

Yeri gəlmişkən, Bakıya ikinci böyük su kəməri Prezident İlham Əliyevin təşəbbüsü və Sərəncamı əsasında çəkilib. 28 dekabr 2010-cu ildə açılışı olan “Oğuz-Qəbələ-Bakı su kəməri” xalqcanlılığın, əhalinin rifahının, sağlamlığın dərindən düşünülməsi ənənələrinin yeni keyfiyyətdə davam və inkişafını ifadə edir.

Hacı Zeynalabdin Tağıyev həmçinin müqəddəs “Qurani-Kərimi” Azərbaycan dilinə tərcümə etdirib, bir çox dini abidə tikdirib yaxud əsaslı təmir etdirib.

Mədəni irsə münasibətdə özünəməxsus həssaslıq göstərən ali dövlət rəhbərliyinin təşəbbüsü ilə hələ 2000-ci illərin əvvəllərində Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılıb, 2003-cü ildə isə böyük xeyriyyəçinin evi (hazırda Tarix Muzeyinin binası) əsaslı təmir olunub. Yəni, dövlətimiz də, xalqımız da Hacı Zeynalabdin Tağıyevin ölkə qarşısında, tarix qarşısında xidmətlərini, ümumən belə xidmətləri olan hər kəsi öz könlündə uca tutur. Bu ucalıq Azərbaycan xeyriyyəçilik institutunun, ən gözəl ənənələrin müstəqil respublikamızda yeni çağırışlarla davam və inkişafı ilə səciyyələnir. Xeyriyyəçilik sahəsində Azərbaycanda, ümumən Güney Qafqazda bu gün ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu iki on illikdir qayğıya ehtiyacı olan insanlara kömək göstərir, mədəniyyətimizi dünyada təbliğ və tərənnüm edir, mədəniyyət, incəsənət, elm, təhsil, səhiyyə sahələrinə töhfələr verir.

Azərbaycanın multikultural dəyərlərinin, ümumən çağdaş dövlətimizin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri danılmazdır. Hörmətli Mehriban xanım Əliyevanın mükəmməl rəhbərliyi ilə Fondun gerçəkləşdirdiyi fəaliyyətlər sonucunda respublikamız getdikcə daha da çox tanınır, Azərbaycan dostlarının sayı artır. Və biz bu amillərin təsirini 44 günlük Vətən Müharibəsi dövründə aydın şəkildə gördük. – Xalqımız çox yaxşı bilir ki, həmin vaxt güclü erməni lobbisi, dünya erməniliyi və onun havadarları Azərbaycan haqqında olmazın yalanları beynəlxalq media məkanında tirajlayır, informasiya təxribatları ilə məşğul olurdu; buna baxmayaraq, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, çoxşaxəli humanitar fəaliyyəti və Azərbaycanın çağdaş, qabaqcıl ölkə olaraq tanıdılması saxta erməni təbliğatını alt-üst etdi.

Heç təsadüfi deyil ki, Vətən Müharibəsindən sonrakı dönəmdə Heydər Əliyev Fondu öz qarşısında yeni – potsmüharibə vəzifələri müəyyənləşdirib. Yəni ənənəvi fəaliyyətlə yanaşı, Fond bu gün azad edilmiş torpaqlarımızda geniş fəaliyyəti ilə seçilir. Örnəyi, azad edilmiş torpaqlarda Fondun təşəbbüsü ilə hazırda dini abidələrimizin əsaslı təmir-bərpası və tikintisi prosesinə başlanıb: əziz Şuşada tarixi Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhərindəki Cümə məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eləcə də, Şuşa şəhərində, habelə Daşaltıda, Ağoğlanda (Hadrut) yeni məscidlərin tikintisi də Fondun təşəbbüsü ilə həyata keçirilir. Vaqifin Məqbərəsi, Şuşadakı bir sıra mədəniyyət ocağı Heydər Əliyev Fondunun hesabına yüksək zövq və peşəkarlıqla əsaslı təmir-bərpa edilib, həyata qaytarılıb, yenidən canlandırılıb. Ayrıca, bu işlərə, ötən il bərpa edilən “Xarı bülbül” festivalı, “Vaqif Poeziya Günləri” ilə xüsusi rəng, ahəng və ritm qatılıb...

Müharibədən sonra yaradılmış “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondu da xalqımızın xeyriyyəçilik ənənələrin inkişafına, bu institutun davamlılığına, çiçəklənməsinə xidmət etməkdədir. Vətəndaşlarımız, dünya azərbaycanlıları, Azərbaycan dostları, eyni zamanda, özəl şirkətlər könüllü olaraq həm “YAŞAT” Fonduna, həm də Qarabağ Dirçəliş Fonduna vəsait köçürür və bu vəsait hesabına yüzlərlə qazimiz ölkəmizdə və xaricdə müalicə alır, öz sağlamlığını bərpa edir.

Bir sözlə, Hacı Zeynalabdin Tağıyevdən, onun möhtəşəm heykəlinin ucaldılmasından danışarkən, sövq-təbii, xeyriyyəçilikdən, ənənələrin davamından danışırıq. Nə xoş ki, günümüzdə onlarla örnəklər verə bilir, xalqımızın qədirşünaslığı, öz kökünə, irsinə bağlılığı ilə qürur duya bilirik!

DÖVLƏTİMİZ VAR OLSUN!


MANŞET XƏBƏRLƏRİ