Bu məsələlərlə bağlı irəliləyiş gözlənilmir - Politoloq

Bu məsələlərlə bağlı irəliləyiş gözlənilmir - Politoloq

Turkustan.az Publika.az-a istinadla politoloq Elxan Şahinoğlu ilə müsahibəni təqdim edir. 

- Elxan müəllim, Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı açıqlama verməsi hansı məqsədi daşıyır?

- Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan edib. Yəni, biz istəyirik ki, Zəngəzur dəhlizi açılsın, sülh müqaviləsi bağlansın, ancaq Ermənistan tərəfi bununla bağlı heç bir addım atmayıb. Paşinyan bu cür çıxışlar etməklə Qərb dövlətlərinə və Rusiyaya sülhə hazır olduqları mesajını verir. O, həm sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayır, həm də bu məsələnin Qarabağdan ayrı olmasını söyləyir. Ermənistan Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməlidir. Paşinyanın söylədikləri yalandan ibarətdir, çünki Ermənistan tərəfindən real addım atılmır. Gələcək 1 ayda parlamentdə seçki keçirilməlidir, çünki prezidentləri istefa verib. Başlarının öz daxili işlərinə qarışdığı müddətdə bu məsələlərlə bağlı irəliləyiş gözlənilmir. Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl, müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq.

- Ermənistan baş nazirinin Qarabağla bağlı ikili açıqlaması nəyə hesablanıb?

- Nikol Paşinyan guya erməni cəmiyyətini Azərbaycanla sülh müqaviləsi bağlanmasına hazırlayır. Ancaq o, həm sülhlə bağlı çıxışlar edir, həm də Qarabağın statusu ilə bağlı sərsəm fikirlər söyləyir. Paşinyan çalışır ki, bu mövzuya yenidən ATƏT-in Minsk qrupunu daxil etsin. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev də qeyd etmişdi ki, biz Minsk qrupunun fəaliyyətini qəbul etmirik. Yəni, Ermənistan hakimiyyətinin açıqlamaları ilə atdığı addımlar uyğunluq təşkil etmir. Paşinyanın Qarabağla bağlı çıxışı göstərir ki, Azərbaycanla Ermənistan arasında fikir ayrılıqları mövcuddur. Çünki Azərbaycan rəsmi olaraq bəyan edib ki, Qarabağ münaqişəsi bitib və status məsələsindən söz gedə bilməz. Ermənistan baş naziri Nikol Paşinyan müharibədən sonra qulağa xoş açıqlamalarını davam etdirir. Deyir ki, Azərbaycanla sülh sazişi imzalanacaq, sərhəd müəyyənləşəcək, kommunikasiya xətləri açılacaq. Ancaq reallıqda heç bir addım atılmır. Bu səbəblərə görə indiki şəraitdə sülh müqaviləsinin bağlanması real deyil. 

- Ermənistan hakimiyyətinin sərhədlərin dəqiqləşdirilməsi prosesinə xüsusi diqqət yetirməsinin səbəbi nədir?

- Bu məsələ Ermənistan tərəfinin səriştəsizliyi səbəbindən uzanmağa davam edir. Soçidə keçirilən görüşdə ortaq bəyanat belə idi ki, 2021-ci ilin sonuna qədər komissiya yaradılmalıdır. Ancaq ermənilər hələ də bu bəyanata uyğun addım atmırlar. Onlar bu cür məsələlərdə qeyri-adekvat addımlar atmağa öyrəşiblər. Rusiya tərəfi isə çox təəssüf ki, Ermənistana təzyiq göstərməkdən imtina edir. İndi isə Paşinyan açıqlama verir ki, sərhədlərin demarkasiya və delimitasiya olunmasına maraqlıdırlar. Bu, bir daha göstərir ki, Ermənistan hakimiyyətinin indiyə qədər söylədiyi sözlərlə atdığı addımlar eynilik təşkil etmir.


MANŞET XƏBƏRLƏRİ