Paşinyanın dünənki açıqlaması nəyə işarədir? - "Proseslər sürətlənəcək"


"Sərhədlərin açılmasında maraqlıyıq. Xüsusi nümayəndələrimiz görüşüb. Bu müddət belə davam edərsə, Ermənistan böyük ehtimalla Antalyadakı Diplomatiya Forumunda iştirak edəcək. Əvvəl uğurlu ola bilmədik. İndi həmin təcrübədən yararlanmalıyıq. Müzakirələri davam etdirmək fürsətini əldən vermək məntiqsizlik olar".

Bunu Ermənistan baş naziri Nikol Paşinyan onlayn keçirdiyi mətbuat konfransında Türkiyə və Azərbaycanla münasibətlər barədə danışarkən deyib.

Maraqlıdır, Paşinyanın bu açıqlaması nəyə işarədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, Nikolun son açıqlamaları bizim və regionun maraqlarına cavab verir. Onun sözlərinə görə, Ankara ilə İrəvan əlaqələrinin gələcəkdə daha da sürətlənməsi mümkündür:

"Çünki regiondakı yeni reallıqlar, daxili kataklizmlər və xarici aktorların mövqeləri fonunda Paşinyan administrasiyası başqa çıxış yolunun olmadığını anlayır. O başa düşür ki, Türkiyə ilə yaxınlaşmasa, Qərb və Rusiya arasında manevrlərini davam etdirməyə məcbur qalacaq. Bu isə işi onsuz da çətin olan Paşinyanı daha mürəkkəb duruma salacaq. Müşahidələr göstərir ki, erməni xalqı da İrəvanla Ankara arasında diplomatik münasibətlərin əleyhinə deyil. Əks halda, indiyədək daxildə aksiyalar olardı. Müharibə vaxtı hakimiyyətə etiraz edən ictimaiyyət də dincliyin, sabitliyin Türkiyə ilə əlaqələrdən keçdiyini bilir".

Müsahibimiz bildirib ki, Ermənistan-Türkiyə əlaqələrinin inkişafı həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün yeni imkanlar, perspektivlər yaradır:

"Təsadüfi deyil ki, Paşinyan keçirdiyi mətbuat konfransında rəsmi Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Əlbəttə, baş nazirin yekun sülh müqaviləsinə "iki əlli" hazır olması ilə bağlı verəcəyi açıqlama daxildə ona qarşı istifadə oluna bilərdi. Odur ki, Paşinyan müzakirələrə ehtiyac olduğunu söyləyib. Bunun vaxt qazanmaqdan ötrü deyildiyini də düşünmək olar. Çünki son vaxtlar erməni rəsmilərinin dilindən ATƏT- in Minsk Qrupunun yenidən "oyuna" daxil olmasına dair bəyanatlar eşidilir. Bəlkə də, baş nazir məhz buna çalışır".

K.Novruzov vurğulayıb ki, bundan sonra regional əlaqələrin, o cümlədən Bakı-İrəvan, Ankara-İrəvan münasibətlərinin inkişafı ehtimalı daha çoxdur:

"Ermənistandakı bəzi siyasilər, o cümlədən keçmiş prezident Armen Sarkisyan da bunu hiss edir. Elə ona görə də, Paşinyanın siyasəti ilə barışmadı və tutduğu postundan getdi. Əslində bu, Paşinyanın işini daha da asanlaşdıracaq faktordur. Dediyim kimi, bundan sonra əlaqələrin normallaşması prosesi sürətlənəcək. Böyük ehtimalla, Ermənistan Antalya diplomatiya forumunda iştirak edəcək. Beləliklə, tərəflər arasındakı münasibətlərdə yeni mərhələnin əsası qoyulacaq".


MANŞET XƏBƏRLƏRİ