Həbsdəki sabiq icra başçılarının müqaviməti


Yanvarın 24-də İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əmək haqqı kartlarına köçürülən məbləğlərin V. Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib. V.Hacıyev rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini müntəzəm nağdlaşdıraraq mənimsəyib.

Məhkəmə Vilyam Hacıyev haqqında qərar verdi

İttiham aktında qeyd olunub ki, Vilyam Hacıyev İmişli Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunan şəxsdən təyinat müqabilində 70 min manat, rayon Olimpiya İdman Kompleksinə rəhbər təyin olunan şəxsdən isə 10 min manat pulu rüşvət qismində alıb. Həmçinin ittiham aktında qeyd olunub ki, sabiq icra başçısı tərəfindən kənd icra nümayəndələrindən və bələdiyyə sədrlərindən himayədarlıq məqsədilə rüşvət alınıb.

Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib. Məhkəmədə ifadə verən sabiq icra başçısı cinayət işi üzrə özünü təqsirli bilmədiyini deyib.

Bu isə yeni deyil. Belə ki, indiyədək məhkəmə qarşısına çıxarılan digər sabiq icra başçıları da öz cinayət əməllərini nəinki etiraf edirlər, hətta suçsuz olduqlarını deyirlər. Bu isə vaxtilə rəhbərlik etdiyi rayonların yüz minlərlə sakininə, cəmiyyətə qarşı çıxmaq deməkdir. Üstəlik, dövlət başçısı da bir neçə dəfə onların etdikləri cinayətlər haqda danışıb.

Bu adamlar niyə özlərini günahsız sayırlar, həbsdən müqavimət göstərməklə nə demək istəyirlər?

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, əslində qanunda törətdiyi cinayəti etiraf etmək və səmimi peşmanlıq hissi keçirməsini həm istintaqda, həm məhkəmə prosesində bildirmək sonda ona təyin edilən cəzanın həddinə təsir edir, məsuliyyəti yüngülləşdirən hal kimi qeydə alınır: "Praktikada belədir. Amma çox təəssüf ki, rüşvət və korrupsiyaya görə həbs olunan icra başçıları, həmçinin digər vəzifəli şəxslərin də böyük əksəriyyəti qanunun verdiyi bu imkandan yararlanmaq-günahlarını etiraf etmək, peşman olduqlarını dilə gətirmək əvəzinə müqavimət göstərirlər, günahsız olduqlarını deyirlər. Bu isə başadüşülən deyil. Bu da əxlaqa bağlı bir məsələdir. Yəni "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" atalar misalına bənzər vəziyyət yaranıb, bu oğrular yenə də hay-küy salmaqla həm cəmiyyəti, hakim və istintaqçıların fikirlərini yayındırmağa, onları çaşdırmağa çalışırlar. Görünür ki, bu insanların şəxsi, əxlaqi keyfiyyətləri də kifayət qədər normal olmayıb. Həbsdə olan həmin sabiq məmurların bu cür dirəniş göstərmələri qəbuledilən deyil. Hətta məndə olan məlumata görə, onlardan biri həbs edilərkən əməliyyatçılara özünün siyasi məhbus olduğunu bəyan edib. Bu adam uzun illər xalqın, dövlətin vəsaitlərini mənimsəməklə harınlayır və sonra da özünü siyasi məhbus kimi qələmə verir. Bir hüquqşünas, hüquq müdafiəçisi kimi hesab edirəm ki, qaldırılmış cinayət işləri kifayət qədər əsaslıdır və bu adamlar qanun qarşısında cavab verməli, günahlarını etiraf etməlidirlər. Mən çox istərdim ki, məhkəmə onların törətdiyi əməllərə hüquqi qiymət verib cəza təyin edərkən onların həm istintaq, həm məhkəmədəki davranışlarını-günahların etiraf etməmələrini də nəzərə almaqla yüngülləşdirici halları onlara tətbiq etməsin. Dirəniş göstərib sanki qanunlara meydan oxumağa çalışan belə adamlara yüngülləşdirici hal tətbiq edilə bilməz".

Deputat Razi Nurullayev isə bildirdi ki, bu məsələyə bir neçə rakursdan yanaşmaq lazımdır: "Heç kim vəzifədən elə-belə çıxarılmır. Vəzifədən çıxarılanların hamısının ancaq iqtisadi və korrupsiya cinayətləri olduğu inandırıcı deyil. Ola bilsin ki, vəzifəli şəxslər hər hansı bir siyasi səhvə yol verir və bunun nəticəsində vəzifədən alınırlar. Azərbaycanın indiki siyasi vəziyyəti və onların mənsub olduqları iqtidarın özünün bütün bu məsələlərə münasibəti həmin şəxslərə məlumdur. Çünki onlar da o qazanın içində qaynayıb bişiblər. Ona görə də əslində səssiz qalsalar xeyirlərinə işləyər. Daha çox çaba göstərəcəklərsə, daha çox atılıb-düşəcəklər və dirəniş göstərəcəklərsə, daha çox ağırlıqla üzləşəcəklər. O sabiq məmurlar bunu bilmirlərsə, deməli, onların başları ancaq başqa məsələlərə işləyirmiş.

Məsələnin ikinci tərəfi bundan ibarətdir ki, bu adamlar ona görə müqavimət göstərirlər ki, onlar qurbana çevrildiklərini bilirlər. Onlar əslində bəyan etməyə çalışırlar ki, guya bizdən başqa kimlərsə rüşvət və korrupsiya ilə məşğul olmayıb? Yəni hamı aydan arı sudan duru idi, ancaq biz günahkarıq, ancaq biz bu ölkəni talamışıq? Biz bir neçə milyon oğurlamışıq, insanlar var milyardları oğurlayıb və bu gün də oğurlamaqdadırlar, o zaman niyə ancaq biz həbs olunmalıyıq? Bütün bunları demək istəyir və həbsdən çıxmaq istədiyini bəyan edirlər. Hətta deyirlər ki, mən bir çoxlarından təmizəm. Mən şəxsən düşünürəm ki, əslində o sualları boşuna vermirlər və yalan demirlər. Müqavimət göstərmələrinə səbəb kimi mən bunları görürəm".(Musavat.com)


MANŞET XƏBƏRLƏRİ