Paşinyan "türk düşmənilərini" bir-bir yola salır?


Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq niyyətindədir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində keçirilən onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İrəvan Ankara ilə danışıqların dinamikası saxlanıldığı təqdirdə Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvəti qəbul edilə bilər. "Artıq Ermənistan - Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Biz söhbəti davam etdirmək imkanını qaçırsaq, məntiqsiz olar" , - deyə Paşinyan bəyan edib.

Görünən odur ki, Nikol Paşinyan bu yolda Armen Sarkisyan da daxil olmaqla qarşısındakı bütün maneələri bir-bir aradan qaldırır.

Turkustan.azbildirir ki, Cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, hazırda Ermənistanın əsas istəyi Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ibarətdir:

"Təbii ki, Türkiyə ilə diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması Ermənistan iqtisadiyyatı üçün yaxşı nəticələr vəd edir. Qeyd etmək lazımdır ki, regionda ciddi geosiyasi proseslər gedir. Bütün bunların başlanğıcı isə 44 günlük Vətən müharibəsi ilə birbaşa bağlıdır. Görünür, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində xüsusi nümayəndələrin Moskvadakı görüşü yaxşı nəticələrlə yekunlaşıb. Əgər danışıqların dinamikası bu şəkildə davam edərsə, Antalyada keçiriləcək diplomatik forumda Ermənistan da iştirak edə bilər. Düşünürəm ki, bu, xüsusi nümayəndələrin görüşündən sonra ən mühüm addım olacaq".

Politoloq qeyd edib ki, Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaqla əlehdarlarını da vəzifədən kənarlaşdırır:

"Armen Sarkisyanın da vəzifəsindən getməsini buna aid etmək olar. Lakin bəzi gözlənilməz təhdidləri də nəzərə almaq lazımdır. Çünki Türkiyə ilə münasibətləri qaydasına salmaq üçün həyata keçirilən fəaliyyət fonunda ASALA-nın təhdid dolu çıxışlarını unutmaq olmaz. Hətta bir sıra güclər Türkiyə və Ermənistan arasındakı münasibətlərin normal məcraya gəlməsinin əleyihə çıxırlar. Lakin ABŞ-da olan qüvvələrin əsas istəyi də İrəvan və Ankara arasındakı münasibətlərin daha isti formaya keçməsidir. Nikol Paşinyan da başa düşür ki, artıq bu, zərurətə çevrilib. Həmçinin, Prezidentin istefasından sonra Ermənistanda konstitusiya islahatlarının keçirilməsinə böyük zərurət var. İlk növbədə, Türkiyəyə qarşı ərazi iddialarının geri götürülməsinin mühüm addım olacağını düşünürəm. Əlbəttə ki, bu da Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə müsbət təsir göstərəcək".


MANŞET XƏBƏRLƏRİ