Məmməd Əmin Rəsulzadənin yaradıcılığında türkçülük, azərbaycançılıq və milli həmrəylik

Məmməd Əmin Rəsulzadənin yaradıcılığında türkçülük,  azərbaycançılıq və milli həmrəylik

Open photo

 

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

 

I I I Yazı

 

 

 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı

elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

M.Ə.Rəsulzadədə azərbaqycançılıq ideyasının ən parlaq və möhtəşəm mərhələsi Azərbaycan Cümhuriyyəti ilə bağlıdır. 1918-ci illərin əvvəllərində Azərbaycan türklərinin ortaya qoyduğu  mübarizə, milli istiqlala doğru aparırdı. Azərbaycan xalqı nicatını nə bolşeviklərdə, nə də digər qeyri-milli təşkilatlarda axtarırdı. Artıq bu funksiyanı yerinə yetirən milli təşkilat olan «Müsavat» və onun lideri Rəsulzadə var idi. Bu, müstəqilliyə doğru atılan addımlarda özünəqayıdışın nümunələrindən idi. Rəsulzadə yazırdı: «Şurayyi-Milli elanı milli istiqlalla bərabər Azərbaycan hökumətini dəxi təşkil elədi. İlk hökumət Tiflisdə Azərbaycan hərəkati milliyyəsinin düşmənləri tərəfindən qətl edilən mərhum Fətəli xanın təhti-riyasətində təşəkkül etmişdi».[1] Yeni cümhuriyyət isə müsavatçılıq və azərbaycançılıq  ideyalarının əsasında quruldu. Bu dövlətin ictimai-siyasi quruluşu məhz müsavatçılığa və azərbaycançılığa (türçülük, müasirlik və islamçılıq), milli-demokratik dəyərlərə söykənirdi.

Rəsulzadənin sədri olduğu Milli Şura mühüm səlahiy­yətlərə malik olmasına baxmayaraq, hökumətin işinə müdaxilə etməmiş, ən zəruri hallarda taleyüklü məsələləri öz boynuna götürmüşdü. Milli-demokratik dəyərlərə həmişə hörmətlə yanaşan Rəsul­zadənin rəhbərlik etdiyi Milli Şura və "Müsavat" Partiyası ölkənin parlament üsuli-idarəsi ilə idarə olunmasına şərait yaratmışdı. «Millət Məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlanmaz, heç bir barışıq bağlanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə də yox idi. Parlament hakimi-mütləq idi. Burada Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu».[2] Əslində Rəsulzadənin bu formuləsi tarix üçün gözəl bir örnəkdir.

Rəsulzadə müstəqil Azərbaycan respublikasının birinci ildönümü ilə bağlı yazır: "Azərbaycan türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saxlayırlar: İstiqlal bayramı! Əvət, Zaqafqaziya millətləri bilməcburiyyə elani-istiqlal etmişlərdi. Bilməcburiyyə elani-istiqlal! İstiqlalımıza düşmən olanlar bu iki "məcburiyyət" və "istiqlal" sözlərinin bir araya toplanmasını "ictimai ziddin" qəbilindən ədd etməklə, Zaqafqaziya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək istəyirlər. Fəqət, bu mülahizə zahirdə doğru görünsə də, batində elə deyildir. Bir növzadın məsəmməyi-madərdən xilas olub da, dünyaya gəlməsi heç şübhəsiz, bir vaqieyi-istiqlaldır. Qadının vəzi-həmlinə digər təbirlə bizdə "azad olmaq" deyirlər. Halbuki bu "azadlıq" eyni zamanda bir zərurəti-təbiiyyə, bir məcburiyyətdir".[3]

Azərbaycan Parlamentin açılışında "bir kərə yüksələn bayraq bir daha enməz"- söyləyən Rəsulzadəyə görə həmin gün milli bayraqlara boyanmış Azərbaycan paytaxtı bəzi bədbinlərin qəlbinə də işıq salmışdır. O, yazırdı: «Cəmaət istiqlala, o qədər munis olmuş, hürriyyət və istiqlal fikri o qədər xalqın qanına sinmiş, ruhuna işləmişdir ki, indi artıq istiqlal fikri bir firqənin, bir kütlənin arzusu deyil, bütün cəmaət Vətəni istiqlalsız və dövləti hürriyyətsiz təsəvvür etmir. Ona görə demokratiya biltəbii qapı­sında şübhəli adamlar durmasına hər vəchlə razı olmaz və vahid vücud kimi hürriyyət və istiqlalının müdafiəsinə hazırdır».[4]

M.Ə.Rəsulzadə bəyan edirdi ki, yeni cümhuriyyət yalnız milli olmaqla kifayətlənmir, eyni zamanda müasir dövrün bütün müsbət tələblərinə cavab verən dövlət kimi fəaliyyət göstərir: «Azərbaycan müsəlman aləmində ilk respublika və türk aləmində ilk dövlətdir. Mənim ilk baxışda qəribə görünən bəyanatımın ikinci hissəsi ola bilsin, sizi təəccübləndirir. Lakin əslində elə də var. Türk mənşəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda Azərbaycan Respublikası müasir milli-mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət qurumu zəmininə əsaslanır və bu baxımdan bizim respublikamız ilk türk dövlətidir». [5]

Rəsulzadə gənc dövlət üçün ən önəmli hal kimi onun iqtisadi cəhətdən ayaq üstə durmağını göstərirdi. Onun fikrincə, müstəqilliyə qovuşmuş Azərbaycan Şərq ölkələri arasında ən inkişaf etmiş bir diyardır. Şərqdə bütün yeniliklər öncə bu ölkədə baş verir. Buna görə də Rəsulzadə bu hökumətin və onun vətəndaşlarının özəlliklərini göstərməyi də unutmurdu: «İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdır... Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insan möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanırdı».[6]

Dinindən və millətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarına eyni gözlə baxan Cümhuriyyətin qurulma­sın­da müstəsna rol oynayan Rəsulzadə deyirdi ki, əgər Az­ər­baycanda milli hökumət möhkəmlənərsə, ölkədə istənilən müsbət ideyalar həyata keçəcək. Mütəfəkkirin fikrincə, bu zaman Rusiyadakı inqilabın Azərbaycana təsiri də azalmış olacaq. Yəni bu zaman Moskva bolşevikləri milli hökumətə təsir etmək gücündə olmayacaqlar: «Rusiya inqilabi-əzəmi, hər nə deyirlərsə desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab nə yapacaqdır? Bu sualla «Böyük Rusiya» fikri ilə məsum olan rus inqilabçıları nöqteyi-nəzərindən deyil, inqilabın kəndi təbiəti təhlil edərək cavab verməlidir... Bili­yoram əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət nəzəriyyələrlə elan etdiyi əqanimi-hür­riy­yətdən son dərəcə istifadə edəcəkdir. İştə müstəqil bir Az­ər­baycan: siyasətin kəsbi-hürriyyət və istiqlal edəcək Azər­bay­canda ictimai hürriy­yətlər və hüquq-bəşərə aid düstur­lar, hər halda, müstəbid Rusiya zamanından daha geniş, daha müsaid olacağına şübhə etməm. Hətta əfəndilər söylə­mək istərəm ki, Azərbaycan Qaf­qasiyada ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hür­riyyətlərimizə icrai-nüfuz edən və edəcəyi mütəsəvvir bulunan qüvvət yabançı bir qüvvət deyil, öz qüvvətimizdir».[7]

Azərbaycan parlamentinin açılışında (7 dekabr 1918-ci il) Rəsulzadənin söylədiyi nitqdən bəzi məqamlara toxun­maq da yerinə düşərdi: «Rusiyada zühur edən inqilabi-kəbir (böyük inqilab) digər həqiqətlər arasında bir həqiqəti-bahirəyi (aydın həqiqəti) də elan etmiş idi. Bu həqiqət millətlərin hürriyyət haqqı və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsə idi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl təsis edəcəkdi. O vaxt təbii idi ki, Rusi­yada yaşayan müsəlmanların da siyasi həyatları digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi. Millətlər öz müqəddəratının təyinini çox səmimi bir surətdə Rusiya Məclisi-Müəssisaınıdan gözlədilər. Ancaq Rusiyada inqilab və demokratiya namına (adına) zühur (ortaya çıxan) edən məkus (geri dönmüş) bir istibdadın nə kimi xarabalıqlar yaratdığını bilirsiniz. İnqilab namına hökmfərma (hakim) olan anarxiya və millətlərin hüquq elanından sonra verilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini öz başlarının çarəsinə baxmağa sövq etdi».[8]

Rəsulzadə parlamentdəki çxışına davam edərək deyir: «Əfəndilər, bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç bir ədavətimiz və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya çarizm Rusiyası, Rusiya istibdadır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya cəmaətinə nifrət demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətlər əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır. Hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlələ ürəyi istədiyi kimi ittifaq bağlamalıdr. Bütün dünya millətlərinin «Cəmiyyəti-Əqvam» (Millətlər Cəmiyyəti) vücuda gətirməsi bizim ən əziz fikirlərmizdəndir. Bu «federasyon»çılarla deyil, təbii bir meyil və arzu ilə hasil olmuşdur (Alqışlar)… Biz Rusiyanın sədaətini istəriz, Rusiya cəmaətini sevəriz, ancaq öz istiqlalımızı da əziz tutarız! (Alqışlar).Cəbr ilə qəbul edilən bir şeydə qətiyyən səadət olmaz, çünki səadət hürriyyət və istiqlaldadır! (Alqışlar). Bax bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil edən üçboyalı bayrağı Milli Şura qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Afropa iqtidarı-əhraranəsini (özgürlüksevərliyini) təmsil edən bu üçboyalı baryaq daima başımızın üstündə ehtizaz (dalğalancaqdır) edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcək­dir! (Məbuslar (millət vəkilləri) yerlərindən şalxır, şiddətli alqışlar milli bayrağa yönələrək uzun müddət davam edir). Mən buna iman edirəm. Mənim bu imanımı millətləin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful (batmayacaq) etməyəcək. Mən bəşəriyyətin vicadınına inanıram. Milyonlarla insan bahasına mal olan qitali-ümumidən (ümumi qırğından) sonra bəşər vicdanı qazandıqları həqiqətləri asanlıqla əlindən verəməz. «Millətlər Cəmiyyəti» fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir. Bu mənə ümid verir, qüvvətlə inanıram ki, artıq milləti öldürmək, millətin hüququnu tapdalamaq qətiyyən mümkün deyildir. Qaliblər də, məğlublar da millətlərin hüquqları təslim ediləməz deyirlər». [9]

Rəsulzadə daha sonra deyirdi: «Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi (öz) müqəddəratımızı, kəndi istiqlalı­mızı müdafiə və mühafizədə israr edər, səbat (dirəniş) və mətanət göstərəksə, heç şübhəsiz ki, Azərbaycan Cümhuriy­yəti paydar (yaşayar) olar… Ancaq bu, təkrar edirəm, səbat və mətanət,  fədəkarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edək. Bu oldumu, sizi təmin edirəm ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz. Hanki vicdandır ki, istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr (peşman) etsin». [10]

Nitqinin sonunu Rəsulzadə belə yekun­laşdırır: «Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan açılışındayıq. Azərbaycan bir atəş mənbəyidir. Və­tən­imiz hər zaman kəndi sinəsində bir müqəddəs atəş bəsləmə­lidir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəst­lərə rəhbər, bir şöləyi-ümid və iman təşkil eləmişdir. O atəş ki, bu gün də sərvət və saman (var-dövlət) səbəbi və mədəniyyət baisidir. Güclü bir atəş, Azərbaycan övlad­ının sinələrinə düşən, milyonlarla bürkü yağan bu atəş əbədən sönməz, bir məşəl təşkil edib də hürriyyət və istiqlala doğru getdiyimiz maneəli yolları işıqlandırsın! (Sürəkli alqışlar). Bu atəş sönməmək üçün əl-ələ verib müttəhidən çalışaq əfəndilər! Mən sizi belə bir ittihada dəfət edirəm! (Alqış)». [11]

 

 

 

[1] Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, s.39

[2] Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, s.41

[3] Hüseynov Ş. Müstəqilliyin çətin yolu... Bakı: Azərnəşr, 1996, s.33-34

[4] Yenə orada, s.44-45

[5] Yenə orada, s.77

[6] Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, s.40

[7] Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, s.41

[8] Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası (məqalələr və sənədlər). Bakı: Elm, 1990, s.89

[9] Yenə orada, s.90

[10] Yenə orada, s.91

[11] Yenə orada, s.92


MANŞET XƏBƏRLƏRİ