QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
II Yazı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Milli məfkurənin formalaşması, milli azadlıq hərəkatı uğrunda mübarizə aparan M.Ə.Rəsulzadə Rusiyada yaşayan türklərin, ancaq müsəlman adlandırılmasını səhv sayırdı: "Rusiyada yaşayan müsəlmanlar: Volqa boyundakı tatarlar, krımlılar, qafqaziyalılar, türküstanlılar hamısı bir din ilə mütəəddid olduqları kimi, bir böyük suyun ayrı-ayrı bulaqları, bir böyük kötüyün dürlü şaxələridir. Hənbəli, şafi, hənəfi, maliki şiə kimi müxtəlif məzhəblər haman bir dinin fəriə aid cüzi təfavütlərlə - şöbələr olduğu kimi, tatar, azərbaycanlı, özbək, qırğız və türküstanlılar da böyük türk ailəsinin doğma uşaqlarıdır. Biz Rusiyada yaşayan müsəlmanlar eyni zamanda da bir türk, biz Rusiya türkləri eyni zamanda da müsəlmanız, hər nə qədər sayımız da 20 milyon ilə 30 milyon arasında gəzər. Aramızda böyük bir ixtilaf varsa, hamımızın bir din və bir cinsə mənsub olduğumuza da əslən şübhə yoxdur. Belə iki böyük mənəvi rabitlə ilə bir-birinə bağlı olan Rusiya müsəlmanları arasında az-çox bir təfavüt görünürsə bu, cinsiyyət və ya din təsiri ilə deyil, iqlim və şərait sayəsində irəli gəlmiş xüsusiyyətlərdir ki, hər halda əsli deyil, ərzidir. Bu ərzi (xaricdən ariz olan) təsirlər sayəsində digər "bir kütlə" (kütleyi-vahid) olan "camiə"lərdə görüldüyü kimi türk-tatar "camiə"si də vaxtilə təsiratı-firqeyi tutlaraq ayrılıb dağılmışdır". [1]
Rəsulzadə istiqlal uğrunda mübarizədə azərbaycanlıların millətcə turk olmalarını dərk etmələri üçün əlindən gələni edirdi. M.B.Məmmədzadə yazır: "O zamana qədər liberal və inqilabçı millətçilər də Türk mədəniyyəti, Türk dili və Türk birliyi prinsiplərinə xidmət etdikləri halda, özlərinə müsəlman, millətlərinə müsəlman milləti deyirdilər. Mürtəce mühafizəkarların nəzərində heç biz millət də deyildik. Rəsmi hökumət nəzərində isə biz tatardıq. Çoxdan başlamış Azərbaycan Milli hərəkatı öz adını almamışdı. Qəzetlərin başında "müsəlman qəzeti", məktəblərin lövhələrində "rus-tatar məktəbi" sözləri yazılmışdı. Bax, belə bir şəraitdə "Müsavat" firqəsinin ruporu şəklini alan "Açıq söz" ilk dəfə olaraq "müsəlman", "tatar" sözlərini "türk" sözü ilə dəyişməyə girişdi, millətə "sən türksən"", rus hökumətinə biz türkük" deyə xitab etdi. Bu surətlə Məhəmməd Əmin Rəsulzadə "ümmət" və "ümmətçilik" dövrünü rəsmən qapamış, "millət" və ""türk millətçiliyi" dövrünün başlandığını elan etmişdir". [2]
Tanınmış türkoloq-alim Əhməd Cəfəroğlunun fikrincə də, milli istiqlal məfkurəsinin intişar tapmasında, "həqiqi milliyyətçiliyin geniş yayılmasında" Rəsulzadə və onun baş redaktoru olduğu "Açıq söz" qəzeti mühüm rol oynamışdır. [3] Belə ki, Rəsulzadənin öndərliyi ilə ilk dəfə, həmin qəzetdə öz əksini tapan ideyalar get-gedə bütün Azərbaycan türklüyünü əhatə etmişdir. Cəfəroğlu yazır: "Onun "Açıq söz" qəzeti ilk dəfə milli cərəyanı ardıcıl və şüurlu sistem halına saldı, milli mövzunun geniş oxucu kütləsi arasında bir ilham mənbəyinə çevrilməsinə imkan yaratdı". [4]
Fevral burjua inqilabından sonra milli demokratizmə daha çox meyil göstərən Cəlil Məmmədquluzadə 1917-ci ildə yazdığı "Cümhuriyyət" məqaləsində xalq hakimiyyətinin, yəni demokratik respublikanın prinsiplərindən və azadlıqlarından (etiqad, yığıncaq, birləşmək, danışmaq, siyasi partiyalar yaratmaq və s.) bəhs etmişdir. Onun fikrincə, Cümhuriyyət qanun gücü ilə idarə olunur ki, o qanunları da xalq tərəfindən seçilən millət vəkilləri yazıb təsdiq edirlər. Burada prezident ya xalq, ya da parlament tərəfindən seçilir ki, Cümhuriyyət idarəsinin seçkisinin dörd: 1) ümumi seçki, 2) bərabərlik, 3) düzbədüzlük, 4) səsvermənin gizliliyi kimi şərtləri var. [5]
O, bu dövrdə Azərbaycan xalqının milli birliyi və istiqlaliyyəti, o cümlədən Cümhuriyyət ideyası uğrunda mübarizə aparan milli lider, milli ideoloq M.Ə.Rəsulzadəyə üzünü tutaraq yazırdı: "İndi də Bakıda seçki məcəlləsi düşüb ortalığa və Məhəmməd Əmin Rəsulzadə həmişəki kimi çalış-vuruş, çalış-vuruş nə var, nə var, mən millətin əlindən yapışacağam. Çox əcəb, yapış, vuruş qəzet yaz, nitq söylə, o şəhərə get, yenə yaz, yenə yaz, yenə danış, amma, - bu işlərin iki nəticəsi var: biri budur ki, atalar demişkən "el üçün ağlayanın gözü kor olar", nə qədər çalışrsan çalış, yenə axırda sənə qalacaq haman yazmaq, yazmaq və hələ çox danışsan və ata və analarından xəbəri olmayan müsəlman qardaşların arzusu yerinə yetsə – bəlkə dustaqxanalarda millət yolunda çəkdiyin günləri yenə ziyarət etmək". [6] O, daha sonra yazırdı: "İkinci nəticəsi budur ki, indi sən, əzizim doğrudur ki, çalışırsan və bu çalışmaqdan da söz yox millətə də az-çox mənfəət gətirirsən və özünə də şöhrət qazanırsan, buna sözüm yox – amma burası var ki, sənin bu çalışmağın mənə xoş gəlmir, səbəb budur ki, əvvala mənim məsləkimə ziddir və ikincisi mənim fitrətim ilə düz gəlmir ki, sən millətçi olub şan və şöhrət qazanasan, mən də kənardan durub baxım". [7]
Məmmədquluzadə satirik anlamda da olsa, doğru yazırdı ki, sözün həqiqi mənasında millətin arasından M.Ə.Rəsulzadə kimi bir şəxsiyyət tapılıb milli ideoloqa çevrilirsə, gözü götürməyənlər müxtəlif yollarla onu ləkələməyə çalışacaqlar. C.Məmmədquluzadənin dili ilə desək: "Yox belə ola bilməz, mən səni qoymaram məqsədinə çatasan, mən səni peşman elərəm, mən səni sındıraram, mən səni yox elərəm və bundan da asan iş mənim üçün yoxdur, bir istəkan su içməkdən asandır. Məhz lazımdır saqqalımı qaraldıb daxil olum mollalar məclisinə və bir ovqat yalandan məsciddə görsənim və sonra orada-burada səs buraxım ki, Məhəmməd Əmin Rəsulzadə istəyir yeddi cüzini çıxardıb atsın". [8] Deməli, o, bu dövrdə anlamışdır ki, millətin nicatı onun öz əlindədir və bunu həyata keçirmək üçün millətin həqiqi rəhbərə ehtiyacı var. Dövründə belə bir rəhbərin Rəsulzadənin olmasına şübhə etməyən Məmmədquluzadə Azərbaycan türklərini onun ətrafında birləşməyə, onu müdafiə etməyə çağırmışdı.
Doğrudan da, həmin dövrdə Rəsulzadə Azərbaycan Milli Azadlıq Hərəkatının başında daynır və Azərbaycan türklərinin milli özünüdərki uğrunda mübarizə aparırdı. O, yazırdı ki, türklər islam dininə o qədər uyublar ki, az qala milli kimliklərini də unudublar: "Türklər xasiyyətcə olduqca mütəddəyyin bir millətdirlər. Bu tədəyyünləri sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən türklüklərini belə itirmişlərdir". [9]
M.Əmin xüsusilə, Güney Azərbaycan türklərinin bundan əziyyət çəkdiyini deyirdi. O, "İran türkləri" əsərində yazır: "Şiəlik İran türklərini o qədər farslaşdırmışdır ki, indi onlar kəndlərini türkləşmiş fars, yəni iranlı tələqqi edərlər!…". [10] Onun bu fikri də göstərir ki, nə qədər dərin bilikli, uzaq görən bir mütəfəkir olub.
Rəsulzadə türkçülüyü inkişaf etdirməklə yanaşı, islamı türk millətçiliyinin tərkib hissəsinə çevirməklə türkçülüyü daha təsirli etməyə çalışmışdır: "İslam təəssübü vücudumuzu dühaməhlik (başqa etiqada qail olmaq) xətərlərindən saxlamış olduğundan əlavə, milli ədəbiyyatımızın vücuda gəlməsinə də səbəb olmuşdu... Xəvas hər nə qədər ərəbcə və farsca öyrənmiş, tənvir və təmsil etmiş isə, də əvam həman əsliliyini mühafizə eləmiş türk oğlu türk qalmışdı. Bu böyük türk kütləsi eyni zamanda da mütədəyyin olaraq qalmışdır". [11]
Rəsulzadə açıq şəkildə bəyan edirdi ki, azərbaycanlılar türk oğlu türkdülər, Rusiyadakı 30 milyon müsəlmanın 29 milyonu da türkdür. O, İslam dininin millətlə qarışıq salınmasının əleyhinə çıxış edir və qeyd edirdi ki, bu, yanlış bir anlamdır. Onun fikrincə, bir xiristian millət olmadığı kimi, bir müsəlman milləti də yoxdur. "O (Rəsulzadə) bunu (türk, türk millətçiliyi), "Açıq söz" qəzetinin ilk nömrəsində belə formulə edirdi: "… Ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı ulduza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərə yeni əsaslar üzərində quracağı həyat hesablaşmayacaq və belə bir silahdan məhrum qalan cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcək". [12]
Deməli, M.Ə.Rəsulzadənin azərbaycançılıq və türkçülük ideyaları konteksində millət məsələsinə geniş yer verməsi səbəbsiz deyil. Mütəfəkkir bunun, millətin taleyində oynadığı rolu görür, başa düşürdü. Rəsulzadənin müsavatçılıq ideyasında islamçılığa, sosial-demokratiyaya yox, türkçülüyə, yəni milliyyətçiliyə üstünlük verməsi təsadüfi deyil. Bir millət kimi özünü tanıyıb ortaya çıxmaq, həm də bir dövlətin qurulmasına zəmin deməkdir. Rəsulzadədə ilk dövrlərdə muxtariyyət tələbini irəli sürür: "Rusiyanın idarə forması demokratik respublika olmalıdır. Yer kürəsinin altıda birini tutan və Kamçatkadan Qara dənizə qədər və Arxangelskdən İranla sərhədə qədər uzanıb 170 milyon əhalisi olan bir dövlət bir mərkəzdən idarə oluna bilməz. Ona görə də Rusiya dövlətinin idarə forması federasiya olmalıdır". [13]
Rəsulzadə artıq rəsmi şəkildə millətin azadlığı, Azərbaycanın muxtariyyəti məsələsini irəli sürürdü. Rəsulzadə türk idi və türk olduğu üçün də millətini müstəqil görməsi onun haqqı idi. Ş.Hüseynov yazırdı: "M.Ə.Rəsulzadənin Xalq Cümhuriyyəti yaratmaq ideyası fikrinə hələ 1917-ci il fevral burjua-demokratik inqilabının qələbəsindən, yəni mütləqiyyət rejiminin süqutundan sonrakı ilk həftələrdə gəldiyini söyləmək olar". [14]
Rusiya daxilində milli-məhəlli muxtariyyət əsasında Azərbaycan, Dağıstan, Türküstan və başqa Türk millətlərinə muxtariyyət tələb edən M.Ə.Rəsulzadə yazır: "Hər bir millətin müstəqil olub da öz başına idarə olunması tərəqqiyati-tarixiyyəyə müvafiqdir, demokrasi ancaq bir millətdən mütəşəkkil olub da bir dildə danışan məmləkətlərdədir ki, gözəl tərəqqi edər və özünü göstərə bilər. Bu məmləkətdə mənəvi ixtilaflar insanlar arasında ki, tarixi və təbii hüdudlar nə qədər azalsa və nə qədər dil ittihadi qüvvətli olsa o qədər də məmləkətin iqtisadi, siyasi və əqli tərəqqiyatı qüvvətli olar. Məmləkətin aşağı sinifləri dəxi böylə bir məmləkətdə məmləkətin mədəni və siyasi həyatında iştirak edərlər və bu hal məzkur məmləkətin qüvvətinə səbəb olar". [15]
[1]Hüseynov Ş. Müstəqilliyin çətin yolu... Bizharagedirik.Bakı:Azərnəşr, 1996,s.258
[2]Məmmədzadə M. B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992,s.52
[3]Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı, Mütərcim, 2008, s.151
[4]Yenə orada,s.235
[5]Məmmədquluzadə C. Əsərləri. IV cilddə. IV cild.Bakı, "Öndər", 2004, s.191-192
[6]Hüseynov Ş. Mətbu irsimizdən səhifələr. Bakı, "Çənlibel" NPM, 2007, s.215
[7]Yenə orada, s.216
[8]Yenə orada, s.216
[9]Rəsulzadə M.Ə. Əsərləri (1909-1914). II cild. Bakı: Şirvannəşr, 2001,s.477
[10]Yenə orada,s.115