Rusiya-Ukrayna müharibəsi başlayır - Türkiyə ağır seçim qarşısında

Rusiya-Ukrayna müharibəsi başlayır - Türkiyə ağır seçim qarşısında

"Ukrayna Rusiya arasındakı müharibə istisna deyil. Bu ölkələr arasındakı gərginlik bir çox tərəfləri maraqlandırır. Müharibə gərginliyi dünyada baş verən həm pandemiya, həm çox ciddi sosial-iqtisadi problemlərdən diqqəti bir qədər yayındırıb. Hamı müharibədən danışır. Real təhlükələr müharibə fonunda diqqətdən kənarda qalıb. Real təhlükələr deyəndə sosial-iqtisadi problemlər, qiymətin artımı, pandemiyanın yaratdığı çox dərin böhranı nəzərdə tuturam”.

Bu sözləri Bakupost.az -a açıqlamsında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, indiki halda müharibə daha real görünür:

“Hansısa müddətdə əməliyyatlar mümkün ola bilər. Baxmayaraq ki, çox intensiv danışıqlar gedir və bu istiqamətdə müzakirələr var. Türkiyə də istəyir ki, ona yaxın olan bölgələrdə sabitlik, sülh olsun. Prezident Ərdoğan təklif edib ki, bəlkə Rusiya, Ukrayna rəhbərlərinin görüşü olsun və Türkiyənin vasitəçiliyi ilə müəyyən qədər gərginlik azalsın. Türkiyənin marağı hər zaman olduğu kimi sabitlik, sülh və əmin-amanlığın olmasıdır. Türkiyənin təklifləri də zənnimcə, bununla bağlıdır. Çox istərdik ki, gərginlik Türkiyənin vasitəsilə səngisin və müharibə təhlükəsi yox olsun”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ukrayna və Rusiya arasında müharibə ehtimalı getdikcə artır:

“Təsadüfi deyil ki, Rusiya Ukrayna ilə sərhəddə 100 minlik qoşun yığıb. Rusiya rəsmiləri və diplomatları nə qədər desələr ki, onların Ukraynaya müdaxilə etmək planı yoxdur, lakin sual meydana gəlir, bu qədər qoşunu niyə yığır? Cavabında deyirlər ki, özümüz bilərik. Bu da istər-istəməz fikir yaradır ki, deməli, Rusiyanın Ukraynaya müdaxilə etmək istəyi və planı var. Bu isə bölgədə genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Risklər çox böyükdür. Amerika Rusiyaya qarşı siyasəti sərtləşdirib. Türkiyəyə gəldikdə isə, bəli, bu, müharibə Türkiyənin maraqlarına cavab vermir. Hər ikisi - Ukrayna və Rusiya Türkiyənin tərəfdaşıdırlar. Türkiyə də istəmir ki, tərəfdaşları arasında müharibə olsun. Ona görə də Prezident Ərdoğan vasitəçilik təşəbbüsü ilə çıxış edib. Yəni, bu məsələdə vasitəçilik edə biləcək ölkələrin sayı çox azdır. Çünki bir sıra ölkələr Rusiyanı, bir sıra ölkələr isə Ukraynanın dəstəkləyir. Türkiyə isə çalışır hər ikisi ilə müəyyən qədər bərabər məsafədə qalsın. Amma Ukraynanın ərazi bütövlüyünü də dəstəkləyir. Əgər Rusiya və Ukrayna liderləri danışıqlara maraq göstərirlərsə, Türkiyədən daha optimal variant tapmaq çətin olar. İstanbulda da bu görüş təşkil oluna bilər. Sadəcə sual çıxır ki, görüş və danışıqlar gərginliyi nə dərəcədə ortadan qaldıra bilər? Türkiyə ərazisində görüş olsa belə, bu sadəcə bir müddətlik hərbi müdaxiləni gecikdirə bilər. Amma hərbi müdaxilənin baş vermə ehtimalı getdikcə güclənir”.

Politoloq vurğulayıb ki, istənilən təxribat bölgədə müharibəyə gətirib çıxardacaq:

“Rusiyanın çoxdan bir planı var ki, Ukraynanı parçalasın. 2014-cü ildə Krımı ilhaq edib Rusiyaya birləşdirdilər, Dombasın da Rusiyaya birləşdirmə planı gündəmdədir. Ukrayna ordusu da son illər güclənib, müasir silahlarla təchiz olunub. Həmçinin Ukrayna özü savaşdan çəkinməyəcək. Çünki öz ərazi bütövlüyünü qorumalıdır. Vaxtı ilə bir-birinə qardaş deyən iki dövlət indi müharibəyə hazırlaşır”.


MANŞET XƏBƏRLƏRİ