"Vətəndaş qəbula gəlir, baxırsan ki, ayağı yoxdur, amma..." - Əlillikdən imtina ilə bağlı suallara cavab - VİDEO


"Bəzən vətəndaş qəbula gəlir, baxırsan ki, ayağı yoxdur, amma imtina verilib. Baxırsan ki olmayan ayağından tibb müəssisəsi heç nə yazmayıb".

Bu barədə Space TV-də yayımlanan "Yeni reallıq" verilişində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov əlillik təyinatı, bəzi hallarda vətəndaşa əlillikdən imtina verilməsi barədə suallara cavab verərkən bildirib.

İmtina hansı hallarda edilir sualına cavab verən qurum rəsmisinin sözlərinə görə, bəzən müvafiq tibb müəssisəsində məlumatların tam yazılmaması belə problemlərin yaşanmasına səbəb olur:

"Bəzən hər hansı bir yanaşı xəstəlik yazılır, hansı ki o xəstəlik özü əlillik səviyyəsində olmayan bir xəstəlikdir. Yəni vətəndaşa əlilliyi əsas verən xəstəliklər, dediyim kimi, ya çox vaxt qeyd olunmur, ya da ümumiyyətlə düz qeyd olunmur. Qeyd edim ki, tibb müəssisələri "Forma 88" adlanan göndərişdə vətəndaşın bütün xəstəlikləri ilə bağlı məlumatları dəqiq yazmalıdırlar. Deyək ki, stasionar müalicə müddətlərinə dair məlumatlar, ambulator müalicəyə dair məlumatlar, analiz nəticələri, rentgen müayinələri və bir sıra digər müayinələrin nəticələri dəqiq qeyd olunmalıdır. Çünki bizim tibbi sosial ekspert komissiyalarına "Forma 88" ötürülən zaman şəxsə dair məlumatlar tam anonimləşir. Artıq burada adsız qaydada ötürülür. Tibbi sosial ekspert komissiyalarının həkimləri şəxsin müayinəsini yoxlayarkən bilmirlər kimin işini yoxlayırlar. Qiymətləndirmə yalnızca "Forma 88" adlanan sənəddə qeyd olunan tibbi məlumatlar əsasında aparılır".

/mediapress.az/


MANŞET XƏBƏRLƏRİ