Rusiyanın TƏHLÜKƏLİ SSENARİSİ: Ukraynanın yarısını qoparmaq, bölgədə təxribatlar...


"Kremlin Donbass separatçılarını "tanıması" Qarabağ separatçılarını və onların başda Ermənistan olmaqla, digər dövlətlərdəki tərəfdarlarını fəallaşdıracaq".

Turkustan.az bildirir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya Kommunist Partiyasının Dövlət Dumasına "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın tanınması təklifini şərh edərkən deyib. O bildirib ki, Kreml iki mərhələdə məsələni öz xeyrinə həll etməyi planlaşdırır:

"Birinci mərhələdə separatçıları rəsmən tanıyacaqlar, ikinci mərhələdə isə 2014-cü ildə Krımda olduğu kimi Donetskdə və Luqanskda "referendum" keçirib bölgəni Rusiyaya birləşdirəcəklər. Bu, Putinin Ukrayna ilə bağlı minimum planıdır. Maksimum plan isə "Novorossiyadır", yəni Ukraynanın tən yarısının qopardılmasıdır. Putin bu planın reallaşmasını növbəti prezident müddətinə saxlaya bilər.

Lakin Kremlin Donbass separatçılarını "tanıması"ndan sonra, separatçılar dünyadakı erməni lobbisi ilə birgə "tanınma" mövzusunu aktuallaşdırmağa çalışacaqlar. Bu məqsədlə bölgədə təxribatların sayı da arta bilər. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın bir neçə gün əvvəl "Laçın dəhlizindən keçidlərə rusiyalı sülhməramlılar qərar verir" açıqlaması da bizim üçün xəbərdarlıq zəngi olmalıdır".

Politoloq qeyd edib ki, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Qərb ölkələri Qarabağla bağlı fərqli siyasət yürüdürlər:

"Fransa prezidentliyinə namizədin heç birinin Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa getmək ağlına gəlməzdi, ancaq Azərbaycan sərhədini pozaraq rusiyalı hərbçilərin nəzarətindəki Xankəndiyə gəlməyi özləri üçün qüsur hesab etmirlər. Bakı ilə Moskva arasında tərəfdaşlıq münasibətləri mövcud olsa da, rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyəti münasibətlərdə getdikcə sualların sayını artırır.

Qarabağ separatçıları Ermənistan kimi Rusiyanın vassalı olmağa hazırdılar. Moskva isə onların qarşısında baş əyənləri sevir. Erməni separataçıları və Ermənistandakı "Qarabağ klanı" əllərindən gələni edəcəklər ki, Rusiya Donbass kimi Qarabağı da siyasi himayəsi altına alsın. Bu təhlükəli ssenarilərin qarşısını almaq bizdən asılıdır". (sfera.az)


MANŞET XƏBƏRLƏRİ