İki qardaşın 1 milyardlıq anlaşması - Lirə daha da möhkəmlənəcək


Ekspert: "Şərtlərin açıqlanmaması təbii və zəruridir..."

Azərbaycan və Türkiyə 1 milyard avro dəyərində valyuta svop sazişi imzalamağa yaxındır. Bu barədə "The Middle East Eye" Türkiyədə iki yüksək vəzifəli məmura istinadən yazır. Mənbələr bildirir ki, belə bir razılaşma Ankaraya Türkiyə Mərkəzi Bankının ehtiyatlarını artırmağa kömək edəcək və ölkənin bu yaxınlarda bir neçə ölkə ilə bağladığı svop sövdələşmələrindən biri olacaq.

"Saziş demək olar ki, yekunlaşıb. Yalnız vaxt tələb edən bürokratik məsələləri həll etmək qalır", - Türkiyənin yüksək rütbəli rəsmisi bildirib.

Qeyd edək ki, Türkiyə və Azərbaycan mərkəzi bankları arasında valyuta svopu razılaşması üzrə danışıqların aparıldığı barədə ilk məlumat 2021-ci ilin iyunundan Türkiyə mətbuatında yayılıb. Daha sonra dekabr ayında Türkiyə Mərkəzi Bankında keçirilən müzakirələr zamanı Bank rəsmiləri Azərbaycanla svop razılaşması üzərində işlərin bitmək üzrə olduğunu açıqlayıblar. Azərbaycan Mərkəzi Bankı isə hələ razılaşma ilə bağlı hər hansı məlumat açıqlamayıb.

Türkiyə Mərkəzi Bankı 2 ilə 130 milyard dollar itirib ABC.AZ

Türkiyədə milli valyutanın dəyərsizləşməsinin qarşısını almağa çalışan Mərkəzi Bank müəyyən fasilələrlə valyuta bazarına intervensiyalar həyata keçirib. Bəzi məlumatlara görə, Türkiyə Mərkəzi Bankının ehtiyatları 2019-2020-ci illərdə dövlət bankları vasitəsilə təxminən 128 milyard ABŞ dolları məbləğində intervensiyalardan sonra tükənmək üzrədir. Buna görə də Mərkəzi Bank müxtəlif ölkələrlə svop razılaşmaları yolu ilə ehtiyatlarını artırmağa çalışır. Bir neçə gün əvvəl Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında müvafiq olaraq 18 milyard dirhəm və 64 milyard lirə (4,7 milyard dollar) məbləğində valyuta svopu müqaviləsi imzalanıb.

Türkiyə Mərkəzi Bankı son illərdə Çin, Qətər və Cənubi Koreya ilə təxminən 23 milyard ABŞ dolları həcmində svop müqavilələri imzalayıb. Çin və Qətərlə imzalanan müqavilələrin dəyəri bir neçə dəfə artırılıb. Belə əməliyyatların yerli valyutalarla ticarəti təşviq etdiyi və Mərkəzi Bankın ümumi ehtiyatlarını artırdığı bildirilir.

Məlumat üçün bildirək ki, valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.

Ekspert Elman Sadıqov: "Yay mövsümündən etibarən lirə müəyyən qədər möhkəmlənəcək"

Elman Sadiqov

Türkiyə svop müqavilələri ilə valyuta bazarında yaranan problemləri aradan qaldıra bilərmi? Azərbaycanla əldə olunan razılaşmadan tərəflər hansı mənfəəti əldə edə bilərlər? İqtisadçı-eskpert Elman Sadiqovun "Yeni Müsavat"a dediyinə görə, svop müqavilələri dünya maliyyə sistemində ən çox istifadə olunan müqavilə növlərindən biridir: "Svop törəmə bir maliyyə alətidir. Mahiyyətində valyuta mübadiləsi dayanır. Məsələn, Türkiyə hökuməti Azərbaycana müraciət edir ki, sən mənə 10 milyon dollar ver. Bugünkü məzənnəsi nədirsə - tutalım 13,5 lirə - mən onu sənə verirəm. Müqavilə müddəti bitəndən sonra(adətən belə müqavilələr qısamüddətli olur) mən sənin dollarını qaytarıram, sənə də onun dəyərini müqavilə bağlanan günün kursu ilə qaytaracam. Yəni bu razılaşmada kurs fərqi itkisi riski yaranmır tərəflər üçün. İndi Azərbaycanla Türkiyə arasındakı müqavilənin şərtləri açıqlanmır, amma adətən belə müqavilələrdə müəyyən komisyon haqları da nəzərdə tutulur. Hər bir halda, svop dünyada geniş istifadə olunan maliyyə alətidir. Və belə müqavilələrin şərtləri bir qayda olaraq gizli saxlanılır. Çünki xüsusilə valyutanın geri qaytarılması müddəti açıqlanarsa, onu alan tərəf üçün qaytarılma vaxtı müəyyən problemlər yarana bilər. Məsələn, Türkiyə hökuməti açıqlasa ki, sentyabrda Azərbaycandan aldığı 1 milyard avronu qaytaracaq, onda avqustun sonlarında valyuta bazarında ajiotaj yaradılması mümkündür. Buna görə də svop razılaşmasının şərtləri adətən detallı açıqlanmır. Bu, kommersiya baxımından təhlükəli hesab olunur".

Ekspert qeyd edir ki, Türkiyə hökuməti belə müqavilələri son zamanlar bir neçə ölkə ilə bağlayaraq öz valyuta bazarında stabilliyə nail olmağa çalışır: "Mən əvvəllər də demişdim ki, pandemiyadan sonra iqtisadiyyatlar dəyişəcək: strukturundan tutmuş, kreditləşmə, maliyyələşmə mexanizmlərinə qədər bütün sahələrdə ciddi dəyişikliklər olacaq. Bu dəyişikliklər tamamilə yeni və operativ idarəetmə tələb edir. Kim belə idarəetməni təmin edə bilməyəcəksə, qlobal iqtisadiyyatdan təcrid olunmuş vəziyyətə düşə bilər. Türkiyənin svop əməliyyatlarını artırmasının nəticələrinə gəlincə, hazırda dövlətin xarici valyutaya ehtiyacı var. Bu ehtiyacı svop əməliyyatları ilə qarşılayır. Alınan valyutaların qaytarılmasında ciddi çətinliklərin olacağını da gözləmirəm. Çünki Türkiyənin ixracı kifayət qədər yüksək həcmdədir. Amma gözləniləndir ki, bu, dövlət üçün müəyyən əlavə yük yaratsın. Məsələn, dolların, avronun qaytarılması zamanı məzənnə fərqinə görə dövlət daha çox lirə xərcləməli ola bilər. Yəni dolların bahalaşması davam edərsə, dövlət indi aldığı 1 milyon dollar üçün daha çox lirə sərf edəcək. Əgər məzənnə lirənin xeyrinə dəyişməsi şəraitində isə əksinə, dövlət müəyyən qədər gəlir də əldə edə bilir".

E.Sadiqovin sözlərinə görə, hazırda böyük korporasiyaların müntəzəm olaraq istifadə etdiyi svop əməliyyatları dövlətlər üçün də müəyyən mərhələdə səmərəli hesab olunur: "1,14 milyard avro mövcud ehtiyatlar baxımından Azərbaycan üçün böyük məbləğ hesab olunmur. Eləcə də Türkiyə üçün bu məbləğ kifayət qədər kiçik bir rəqəmdir. Müqavilədə nəzərdə tutulubsa, Azərbaycan bu müqavilədən müəyyən komisyon haqları kimi gəlir əldə edə bilər. Amma heç bir gəlir əldə etməsə belə, çətin gündə qardaş ölkəyə dəstəyin verilməsinin özü müsbət haldır. Özü də bu addımdan hər hansı itkimizin olması gözlənilən deyil".


MANŞET XƏBƏRLƏRİ