Azərbaycanda karantin müddəti 7 günə endirildi - RƏSMİ

Azərbaycanda karantin müddəti 7 günə endirildi - RƏSMİ

Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omicron” ştamının yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Turkustan.az-a daxil olan birgə məlumatda bildirilib.

Qeyd olunub ki, bu baxımdan, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur.

Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.

 

“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

• Maska taxın.

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

• Fiziki məsafə saxlayın.

• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

• Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

• Təcrid olduğunuz yeri tez-tez havalandırın.

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.

• Bol maye qəbul edin.

• Yataq rejiminə riayət edin.

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq.


MANŞET XƏBƏRLƏRİ