Blinken: "Lavrov söz verdi, amma, Rusiyanın sözünə yox, əməlinə baxmaq lazımdır"


"Biz emosiyalar əsasında hərəkət etmirik, əksinə faktlar və tarix əsasında hərəkət edirik".

Bunu ABŞ Dövlət katibi Entoni Blinken Cenevrədə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Fakt budur ki, Rusiya Ukrayna sərhədinə çox sayda qüvvə yığıb və buna davam edir. Rusiya həm də Belarusa qüvvələr yığıb ki, bu da Rusiyanın hücum edəcəyi təqdirdə qabiliyyətini gücləndirir. 2014-cü ildə Rusiya Ukrayna hücum etdi, güc yolu ilə bu ölkənin sərhədlərini dəyişdi. Ancaq biz həmişə Rusiya rəsmilərindən eşitmişik ki, Rusiyanın Ukraynaya hücum etmək niyyəti yoxdur. Bu gün Lavrov da bunu təkrar etdi. Lakin sözlərə yox, hərəkətlərə baxmaq lazımdır", - Blinken vurğulayıb.

"ABŞ və Rusiya prezidentlərinin görüşünə ehtiyac olarsa, biz buna hazırıq".

Entoni Blinken bildirib ki, gələn həftə ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbinə yazılı cavab verəcək.

Göndərləcək yazılı cavabdan sonra tərəflər arasında müzakirələr davam edəcək.

"İlkin olaraq bu təbii ki, XİN səviyyəsində olacaq. Bu müzakirələr səmərəli olarsa və təbii ki, danışıqların daha da irəliyə aparılması üçün prezidentlərin təmasına, görüşünə ehtiyac olarsa, mən düşünürəm ki, biz buna tamamilə hazır olacağıq. Xatırlayırsınızsa, Prezident Bayden elə Cenevrədə Vladimir Putinlə görüş keçirmişdi. Onlar arasında bir neçə dəfə videokonfrans formatında görüş olub. Əgər həm biz, həm də Rusiya tərəfi yekun olaraq bəyan edərsə ki, məsələləri həll etmək üçün ən yaxşı yol liderlər arasında danışıqların olmasıdır, təbii ki, biz buna hazır olacağıq", - ABŞ Dövlət katibi bildirib.


MANŞET XƏBƏRLƏRİ