Baydenin Rusiya ilə bağlı biabırçı açıqlaması


Kremlin tələbi budur ki, ABŞ və NATO-ya yazılı şəkildə göndərdikləri ultimatuma Amerika yazılı cavab versin və Ukrayna və Gürcüstanın heç vaxt NATO-ya üzv olmayacağı, ABŞ və NATO-nun Şərqi Avropada olan hərbi infrastrukturunu geri çəkəcəyi barədə öhdəlik götürsün.

Turkustan.az xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiya XİN rəhbəri Sergey Lavrovun Cenevrədə keçirilən görüşü haqda deyib.

Onun sözlərinə görə, Rusiyaın ultimatumunun qəbul edilməyəcəyi əvvəlcədən məlum idi, Kreml, "Biz danışıb-anlaşmaq istədik, kollektiv Qərb buna getmədi" mesajını vermək üçün bu addımı atdı, belə bir gedişlə dünya siyasətinin mərkəzinə çevrilməyə cəhd etdi və buna böyük ölçüdə nail oldu:

"ABŞ Prezidentinin dünənki mətbuat konfransı bir daha sübut etdi ki, Qərb Rusiyanın indiki aqressivliyini gözləmirdi, buna hazır deyildi, Baydenin bəzi məsələlərə münasibəti, ən azından, suallar doğurur:

1) ABŞ Prezidenti qeyd etdi ki, əgər Rusiya əsgəri, ordusu Ukraynaya müdaxilə etsə, çox güclü sanksiyalarlar tədbiq edəcəklər. Bu anlaşılan deyil, Rusiya ordusu, əsgəri 2014-cü ildən Ukraynadadır axı, bəs Krımın işğalı, Donbasda Rusiya əsgərləri?! Bunlar işğal sayılmırmı?

2) Bayden qeyd etdi ki, Rusiyanın nə qədər dərinə müdaxilə edəcəyini izləyəcəklər, əks-addımlar buna görə atılacaq, əgər az müdaxilə olsa, sanksiyalar da az olacaq.

Bu, ümumiyyətlə, anlaşılan deyil, belə yanaşma Kremlin aqressivliyini artırmayacaqmı?!

3) İndi iki əsas sanksiya müzakirə edilir: Rusiyanın enerji daşıyıcılarının alınmasına qoyulacaq qadağa və Rusiyanı beynəlxalq pulköçürmə sistemi olan SWIFT-dən ayırmaq. Bu mümkündürmü?! Bu gün Avropanın qaz təlabatının 40%-ni Rusiya verir, qısa zamanda bu həcmi əvəzləmək mümkün deyil, bu məqamı Qərb də etiraf edir. Yaxşı, qazdan imtina AB-nin "donması" deməkdirsə, qazın qiymətinin hər 1000 m3 üçün 3000-4000 min dollara qalxmasına, həcmlərin yetərli olmamasına səbəb olacaqsa, qazdan necə imtina etsinlər?!

Əgər imtina etmək mümkün deyilsə, qazın pulunu zatən ödəmək lazım olacaq, onda Rusiyanı SWIFT-dən necə ayıracaqlar?! Bəs pulu Rusiyaya necə ödəyəcəklər, yəqin ki, nəğd şəkildə təyyarələrlə göndərməzlər, elə deyil?!"

N.Cəfərlinin fikrincə, Rusiyanın 2008-ci ildən bəri aqressivliyinin artmasının əsas günahkarı məhz kollektiv Qərbdir, zamanında Gürcüstana qarşı atılan addımlara lazımı cavab verilmədi, 2008-də Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə Fransa və Almaniya veto qoydu – bütün bunlar Kremli daha aqressiv, daha sərt olmağa yönəltdi. Əgər 2008-də Ukrayna və Gürcüstan NATO-ya üzv olsaydı, nə Krımın işğalı, nə də Donbas problemi yaranardı, Abxaziya və Cənubi Osetiyanın Rusiya rərəfindən tanınması mümkün olmazdı:

"Təəssüf ki, Rusiya aqressivliyini artıracaq: Yaxın zamanda Kreml Ukraynada yaratdığı qondarma qurumları, "dlr və lnr"i tanıyacaq, Ukrayna ilə özü birbaşa vuruşmayacaq, bu iki qondarma qurumun əli və adı, onların bayrağı altında Ukraynaya qarşı aqressiyasını artıracaq, Ukraynanın Azov dənizinə çıxışını bağlayacaq qədər irəli getməyə cəhd edəcək. Sonra Rusiya "sülh quşuna" dönəcək, qondarma qurumlarla Ukrayna arasında atəşkəsin, sülhün yaradılmasında Qərblə birgə arabulucu olacaq – Qərb bu yolu bir dəfə gedib, Ukraynanı "Minsk anlaşmaları" kimi mənasız sənədə imza atmağa məcbur edib, həmin anlaşmada Rusiya TƏRƏF kimi yox, QARANT kimi qeyd edilib – bu ən böyük yanlışlardan biri idi, bu gün də bu yanlışın altını Ukrayna xalqı çəkir". (axar.az)


MANŞET XƏBƏRLƏRİ