Siçan və pendir


Qəzənfər Həmidoğlu

Pendirin ətirli qoxusu ac siçanı Pavlov itinin gününə salmışdı, ağzının suyu kəsmək bilmirdi. Kreml siçanı bilirdi ki, havayı pendir siçan tələsində olur: burnunu dürtən kimi təpəsinə dəmir qapaz gələcəkdi.
Amma bu təptəzə Kiyev pendirinin dəliklərindən ləzzərli qoxu saçılır, siçanı bihuş ediridi. Kreml siçanı canı ilə qarnı arasında qalmışdı. Məsələ tək qarında deyildi, siçan-siçovul tayfasına təzə pendir vəd etmişdi.
Bu tayfa çox naxələf idi, onun Krım pendiri tikəsini necə məharətlə oğurladığını çoxdan unutmuşdu. Donbas pendirini gəmirə-gəmirə qalması və heç cürə qopara bilməməsindən sonra tayfada bəzi nanəciblər siçanın qüdrətinə hətta şəkk etməyə başlamışdılar. Qarşıdakı siçanlar siçanı seçkisinə iki il qalırdı. Bu taxt-tac işi elədir ki, pendirsiz alınmır - tayfanın önünə yeni-yeni qənimətlər atasan gərək...
Pendirin qoxusu qarnını quruldadır, beynini dumanlandırırdı. Bu dəfə də pendiri dişinə keçirə və aradan sivişə bilərmi? Bacarsa, tarix yazacaq, başına rəngbərəng pendirlər – parmezan, maasdam, pekorino, maskarpone, rikotta, mosarella, brınza, qaymaqlı pendirlər, motal pendiri yağacaqdı. Amma ilişsə, hər şey kufənkun olacaqdı...
Siçan imperiyası tarixində belə "pendir dilemması" nə görünmüş, nə də eşidilmişdi. Canı pendir, tələ isə canını çəkirdi. Şübhə, tərəddüd içində qıvrıldı - bu tələ nə üçün qurulub: pendiri qorumaq üçün, yoxsa onun canına qəsd üçün?..


MANŞET XƏBƏRLƏRİ