Rusiyanın böyük qorxusu reallaşır: İki keçmiş sovet respublikası...

Rusiyanın böyük qorxusu reallaşır: İki keçmiş sovet respublikası...

“Qərbin ən böyük səhvi odur ki, vaxtında Gürcüstan və Ukraynanı NATO-ya üzv qəbul etmədi. Hər iki ölkə 2000-ci illərin əvvəlində NATO üzvü olsaydı, nə Gürcüstan Rusiya tərəfindən parçalanardı, nə də Krım ilhaq olunardı. Rusiya NATO ölkələrinə hücuma risk etməzdi. Üzv etmədilər, nəticədə Ukrayna və Gürcüstan Rusiya təhlükəsi ilə üz-üzə qaldı, ərazilərini itirdilər. İndi də gec deyil, amma indi də hər iki ölkəni süründürürlər. Təbii ki, bu olacaq, amma nə vaxt olacağı bilinmir. Halbuki Ukrayna real təhlükə ilə üz-üzədir. NATO üzvlüyü gecikirsə, heç olmasa, hərbi bazalar yerləşdirilməlidir ki, Ukrayna Rusiya ilə təkbaşına qalmasın”.

Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya ABŞ və NATO-dan alyansın post-sovet məkanına doğru genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanəti istəyir. Tərəflər isə Moskvaya belə bir zəmanət verməyəcəklərini bildirir. Sizcə, bu yöndəki danışıqlar nə ilə nəticələnəcək?

- Absurd tələbdir ki, başqa ölkələr NATO-ya üzv olmasın. Bu, həmin ölkələrin seçimlərinə, sərbəst siyasətlərinə qarşı həmlədir. Buna görə də, Qərb və Vaşinqton Rusiya ilə razılaşmır. Ukrayna, Gürcüstan və digərləri özləri bilər ki, kiminlə ittifaq quracaqlar. Amma Rusiya bu prosesin qarşısını almaq istəyir. Məntiqi də budur ki, Gürcüstan və NATO-ya üzv olsa, alyansın bu ölkələrdə hərbi bazaları yerləşdiriləcək. Rusiya və Qərb arasındakı ixtilafın əsas səbəbi budur.

Rusiya da Qərbi qorxudur ki, istədiyini etməsələr bildiyini edəcək. Bunu deyəndə də, Ukraynaya hərbi müdaxiləni nəzərdə tutur. Təsadüfi deyil ki, Rusiya Ukrayna ilə sərhədlərində yüz minlik qoşun yerləşdirib.

Hər iki tərəf öz mövqeyində qalır, geri addım atmır, dialoq davam edir. Rusiya isə bu dialoqdan narazıdır, çünki istədiyi nəticəni vermir. Bir nəticəsinin olacağını mən də düşünmürəm. İndi baxmaq lazımdır ki, Putinin alternativləri nələrdir. Yəqin yeganə alternativ, çox təəssüf ki, Ukraynaya hərbi müdaxilə olacaq. Amma burada iki məqam var: müdaxilənin miqyası nə boyda olacaq - irimiqyaslı, yoxsa kiçik? “Kiçik” deyəndə, yəni Krım kimi Donbasın da ilhaq edilməsi. Hər iki halda bu, müharibənin alovlanması deməkdir.

- Necə fikirləşirsiniz: Ukraynaya ehtimal olunan müdaxilənin miqyası nə qədər ola bilər?

- Mənə elə gəlir ki, Rusiya irimiqyaslı müdaxilədən çəkinəcək. Çünki son illərdə Ukrayna ordusu güclənib, ən müasir silahlarla təchiz olunub. Ukrayna savaşacaq. Ruslar ehtimal edirlər ki, Krım kimi Donbasın ilhaqı da ağrısız başa gələcək, Ukrayna bunun üçün döyüşməyəcək. Amma bunun belə olacağını zənn etmirəm.

İrimiqyaslı müdaxilə Rusiyanın problemlərini artıracaq. Ukrayna ordusu savaşacaq, bu da Rusiyanın itkilərinin olacağı deməkdir. Bu zaman rus cəmiyyəti Kremlə sual verə bilər ki, nəyin naminə bizim övladlarımız qardaş Ukraynada həlak olurlar? Yəni belə bir addım Kremlin problemlərini artıracaq. Buna görə də, irimiqyaslı müdaxilə gözləmirəm, Donbasla kifayətlənə bilərlər. Bu baxımdan, Donbasın separatçıların nəzarətində olan hissəsini Rusiyaya birləşdirmək üçün çalışa bilərlər, gedişat da bunu göstərir.

Rusiyanın bu addımına qarşı Ukraynanın reaksiyasının necə olacağı da maraqlıdır. Ukrayna savaşacaqmı? İndi Ukrayna ordusu separatçıların əlində olan ərazilərə nəzarət edə bilmir. İndi həmin ərazilər birbaşa Rusiyanın əlinə keçsə, vəziyyət bir qədər də çətinləşəcək. Hesab edirəm ki, Rusiya Donbasla kifayətlənməyib, məsələn, Mariuopol istiqamətində bir qədər də irəliləməyə cəhd etsə, Ukrayna müqavimət göstərəcək.

Rusiya Donbasla kifayətlənsə belə, Qərb sanksiyaları sərtləşdirəcək. Yəqin ki, Amerikanın Rusiyaya qarşı hansı addımların atılacağı ilə bağlı planları var. Təbii ki, Donbasın ilhaqına görə Rusiya ilə müharibə etməyəcək, amma münasibətlər gərginləşəcək, yeni sanksiyalar işə düşəcək. Bu da Rusiya iqtisadiyyatına növbəti zərbə olacaq.

- NATO baş katibi Yens Stoltenberq Gürcüstan və Ukraynanın alyansa qəbul ediləcəyini açıqladı. Bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Qərbin ən böyük səhvi odur ki, vaxtında Gürcüstan və Ukraynanı NATO-ya üzv qəbul etmədi. Hər iki ölkə 2000-ci illərin əvvəlində NATO üzvü olsaydı, nə Gürcüstan Rusiya tərəfindən parçalanardı, nə də Krım ilhaq olunardı. Rusiya NATO ölkələrinə hücuma risk etməzdi. Üzv etmədilər, nəticədə Ukrayna və Gürcüstan Rusiya təhlükəsi ilə üz-üzə qaldı, ərazilərini itirdilər. İndi də gec deyil, amma indi də hər iki ölkəni süründürürlər. Təbii ki, bu olacaq, amma nə vaxt olacağı bilinmir. Halbuki Ukrayna real təhlükə ilə üz-üzədir.

NATO üzvlüyü gecikirsə, heç olmasa, hərbi bazalar yerləşdirilməlidir ki, Ukrayna Rusiya ilə təkbaşına qalmasın. Hələ ki, bu məsələ də həll olunmur. Bu olmadıqca da, həmişə Ukraynanı Rusiya təhlükəsi gözləyəcək.

Stoltenber də üzv olacaqlarını deyir, amma nə vaxt olacağını demir. Yəni bu on il də, iyirmi il də çəkə bilər. Necə ki, əli ildir Türkiyəni Avropa Birliyinin qapısında gözlədirlər, Gürcüstan və Ukraynanı da bir o qədər NATO-nun qapısında gözlədəcəklər.

- Rusiyanın NATO və ABŞ-dan istədiyi zəmanət Azərbaycanın əleyhinədirmi?

- Bizə o mənada təsir edir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Buna görə də, bizə heç kim təsir etməməlidir, etməli də deyil. Əlbəttə, qarşımıza NATO üzvlüyünə hədəfi qoymamışıq. Bizə bu lazım deyil, çünki biz qardaş Türkiyə ilə ittifaqdayıq. Onsuz da, ordumuz NATO və Türkiyə standartlarında inkişaf edir.

Amma Rusiya tərəfindən Gürcüstan və Ukraynaya həmlə bizim üçün də xoşagəlməz mesajdır ki, bir gün bizim də müstəqil xarici siyasət yürütməyimizə müdaxilə edə bilərlər. Onsuz da ediblər, öz hərbçilərini Qarabağda yerləşdiriblər. Bu da bizə təhlükələr yaradır. Dövlət başçısı İlham Əliyev də, son müsahibəsində bizim üçün hansı təhlükələrin yaratdıqlarını bildirdi.

Təsadüfi deyil ki, Azərbaycan prezidenti uzun fasilədən sonra Ukraynaya səfər etdi. Bu səfər o vaxta düşdü ki, Qərb və Rusiya arasında Ukraynaya görə gərginlik var. Hesab edirəm ki, bu, çox doğru addım idi. Moskvaya da bir mesajdır ki, Azərbaycan müstəqil siyasətindən əl çəkən deyil və təzyiqlərdən də qorxmuruq.

- Bəs Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik Rusiya üçün çəkindirici amildirmi?

- Bəli! Qazaxıstandakı olaylar və Rusiya-Qərb qarşıdurması fonunda Azərbaycan Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı daha da inkişaf etdirməlidir. Bunu bizə bu durum diktə edir, çünki Azərbaycan və Cənubi Qafqaza hansı təhlükələrin olduğunu görürük. Bu təhlükələrdən sığortalanmağın yeganə yolu Türkiyə ilə hərbi-strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırmaq, Şuşa bəyannaməsinin bəndlərini yerinə yetirmək və ya reallaşdırmaqdan keçir.

- Rusiyanın son zamanlardakı aqressiv davranış və qərarları nə ilə əlaqəlidir? Sizcə, Kreml niyə qəzəblidir?

- Rusiya guya son iki yüz ildə fərqli siyasət yürüdüb? Çar Rusiyası, bundan sonra da Sovet İmperiyası eyni siyasəti yürüdüb, yəni dəyişən heç nə yoxdur. Bu siyasət də, “parçala, hökm sür” prinsipinə əsaslanır. Bu siyasətdən kənar ağıllı bir şey ortaya qoymayıblar. Qonşularını öz “arxa bağça”ları hesab edirlər. “Məntiq”lərinə görə, kimsə burada başqa addım ata bilməz. Üstəgəl, bu ölkələrin müstəqil siyasət yürütmələrini qəbul edə bilmirlər. Rusiya siyasətinin başlıca problemləri budur. Yəni qonşularını bərabərhüquqlu tərəfdaş kimi görmürlər. Onların fikrincə, gərək Rusiyanın qonşuları ondan asılı olsun, onun dediklərini etsinlər. Etməyənləri də, görürük ki, necə cəzalandırırlar. Gürcüstan və Ukraynanı cəzalandırdılar, indi də Qazaxıstanın üstünə düşüblər. Bununla göstərmək istəyirlər ki, kim bizmlə olmasa, bu şəkildə dağıdıb, zəiflədəcəyik.

Əlbəttə, Rusiyanın yürütdüyü siyasətin “bumeranq effekti” də var. Böyük dövlət, güclü ordusu və nüvə silahı olsa da, iqtisadiyyatı çox zəifdir. Bunu hesablamırlar. İki-üç böyük şəhərdən başqa inkişaf etmiş mərkəzləri yoxdur. Qərb də bu amildən Rusiyaya qarşı istifadə edir.

Rusiyada çox sayda ayrı-ayrı millətlər yaşayır, bu da onun əleyhinə işləyən amillərdən biridir. Vaxtilə baş vermiş Çeçenistan-Rusiya müharibəsini buna misal göstərə bilərik. Yəni bu siyasətin “bumeranq effekti” də var. Rəqib seçdiyi ölkələrin çoxu Rusiyanın zəiflədilməsinə çalışır, bu istiqamətdə planları da var.


MANŞET XƏBƏRLƏRİ