Ət bazarında yeni qiymət: Restoranlar da menyuya "əl gəzdirəcək"


Azərbaycanda mal və quzu əti bahalaşıb. Yanvar ayının ilk ongünlüyündən Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılır.

Əvvəllər isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb. Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır. Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyib və səbəbini topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.

Ərzaq məhsullarının qiyməti onsuz da xeyli müddətdir ki, bahalaşır. Son günlər isə bazara daha bir "dalğa"nın gəlməsi ilə bir çox məhsulların, o cümlədən ətin daha da bahalaşması müşahidə edilir.

Kafe və restoranlarda,o cümlədən şadlıq saraylarında da qiymətlər artacağı gözlənilir.

Yerli istehsalı ödəyən bir məhsulun bu qədər bahalaşmasına səbəb nədir və bu proses digər ət məhsullarında özünü necə göstərəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, hansısa bir məhsulun maya dəyəri,satış qiymətləri artırsa, həmin məhsuldan hazırlanan hazır məhsullara, yarımfabrikatlara da artım şamil ediləcək:

"Əgər ətin satış qiymətləri yüksəlirsə, ətdən hazırlanan məhsulların maya dəyərində artım müşahidə ediləcək. Ola bilər ki, bu, həmin an baş verməsin, ancaq bir müddətdən sonra ətdən hazırlanan məhsulların, yarımfabrikatların qiymətinin artımı gözlənilir. Təəssüf ki, mal və qoyun ətinin qiymətinin enməsi ehtimalı da aşağıdır. Çünki yemin, əsasən də dənli bitkilərdən olan yemin qiymətinin kəskin artması maldarlıqla məşğul olan fermerlərin xərclərini artırır. Onlar da təbii ki, xərcləri satdıqları məhsulun üzərinə gəlməyə başlayıblar. İnflyasiyanın yüksək olduğunu, qiymət artımını nəzərə alsaq, bu addımın gözlənilməz olmadığını söyləmək olar. İndi də bu qiymətlərin oturuşması ətdən hazırlanan məhsulların da bahalaşmasına səbəb olacaq".

Ekspert deyib ki, yerli istehsalın maya dəyəri də yüksəlir: "Nazirlik açıqlamalıdır ki, yemlərin qiyməti nə qədər qalxıb. Bəzi yemlərin qiyməti 50 faiz artıb. Yem bazası olmadıqdan, yemin qiyməti qalxandan sonra yerli istehsalçılar da qiyməti artıracaqlar. Yerli istehsalçıların özlərinin də digər istiqamətlərdə xərcləri də artıb. Məsələn, əvvəlcə dizel yanacağının, kommunal, bir çox məhsulların qiyməti artdı. Xərcləri artdıqca, onlar da satdıqları məhsulun qiymətini artırmaq məcburiyyətində qalırlar. Ola bilər ki, bu, bir müddətdən sonra quşçüluq məhsullarına da təsir göstərsin. Çünki yem bazasının xeyli hissəsi, dərmanlar, vaksinlər xaricdən gətirilir, onların qiymətində dünya bazarında artım var. Nəticə etibarilə bu, quş ətinin qiymətlərinə təsir edə bilər".


MANŞET XƏBƏRLƏRİ