Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Qeyd edək ki, noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmadan sonra ilk dəfədir ki, ermənilər sərhəddə vəziyyəti gərginləşdirməyə çalışır. Belə ki, dünən gündüz saatlarında da Kəlbəcər istiqamətində ordumuzun bölmələri intensiv atəşə tutulmuşdu.
Sərhəddə yaranmış vəziyyətlə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov təəssüflə bildirib ki, ermənilər öz hərəkətlərindən əl çəkmir.
"Budəfəki təxribatda da şəhid vermişik. Azərbaycan əsgəri erməni separatçılarının və eyni zamanda onlara dəstək olanların ucbatından həyatını itirdi. Lakin bu təxribatlar gözləniləndir. Bu, Ermənistan tərəfindən törədilən nə birinci, nə onuncu, nə də sonuncu təxribatdır. Ona görə də biz ciddi və təsirli addımlar atmalıyıq ki, ermənilərə ciddi dərs olsun. Hər həftə, hər ay fasilələrlə belə silahlı toqquşmalar davam edir. Onlara qarşı münasibətimizi dəyişməli və sərtləşdirməliyik. Biz onlara sülh, əmin-amanlıq təklif edirik. Amma ermənilər bunu başa düşmək istəmir. 6 gündən sonra Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş gözlənilir. Yəqin ki, müzakirə üçün zəmin hazırlanır. Onlar mövzunu bu hadisələrə çəkmək və öz bildiyini etmək istəyir. Baş verənlərə görə ilk növbədə Rusiyanı və beynəlxalq qurumları günahlandırmaq lazımdır. Çünki Rusiya sülhməramlıları və Rusiya bu məsələnin sona çatmasında maraqlı deyil. Əgər maraqlı olsaydı, bunu çoxdan həll edərdi. Rusiya bunu etmir və baş verən hadisələr günümüzün acı reallığıdır".
Hərbi ekspert Abuzər Əbilov bildirib ki, biz döyüşü qazanmışıq, lakin müharibə hələ də davam edir:
"Hesab edirəm ki, bu müharibə hələ bir müddət də davam edəcək. Bu təxribatlar o vaxta qədər davam edəcək ki, Azərbaycan ordusu Ermənistana məxsus silahlı qüvvələri ərazimizdən çıxaracaq və Rusiya sülhməramlı qüvvələri öz funksiyalarını yerinə yetirəcək. Beynəlxalq hüquqa əsasən ərazimizdə olan qeyri-qanuni silahlı qüvvələr tərksilah olunmalı və əgər onlar silahlı müqavimət göstərərsə, yerindəcə məhv edilməlidir. Biz bunları Bosniya müharibəsində beynəlxalq sülh yaratma təcrübəsində gördük. Təəssüf ki, Azərbaycanda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin missiyasında buna rast gəlmirik. Çünki yaxın günlərdə Azərbaycan əsgərinə təxribat törətmiş terrorçu zərərsizləşdirilsə də, Ermənistan tərəfinə verildi. Bütün bunlar Ermənistan cəmiyyətində, erməni terrorçularında və revanşist qüvvələrə daha çox inam verir və onlar belə təxribatlarını davam etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyanın apardığı siyasətdə ikili məqamllar var. Çünki razılaşmalar əldə oluanandan sonra onun müddəalarına əməl edilmir. Yaddan çıxarmaq lazım deyil ki, Ermənistanda bugünkü hakimiyyət orduya nəzarət etmir. Orada müxtəlif siyasi partiyalara qulluq edən onlarla həmfikir olan komandirlər var. Elə Müdafiə Nazirliyinin özündə də boşluq var. Ermənistanın daxilində və xaricində olan qüvvələr bu boşluqdan məharətlə istifadə edir. Bunun nəticəsidir ki, yaxın günlərdə Kəlbəcər, Laçında silahlı toqquşmalar yenidən vüsət alıb və dünən bir əsgərimiz şəhid olub".
Ekspert bildirib ki, revanşizm arzusunda olan ermənilər üçün ciddi mesaj verməliyik:
"Bütün təxribatların və silahlı toqquşmaların arxasında ərazidə müharibənin yenidən alovlanma və Ermənistan silahlı qüvvələrinin irəlilmə arzusu var. Bu toqquşmalar daxildə və xaricdə olan revanşist qüvvələrin işidir. Onlar Ermənistan ordusunun nəyəsə qadir olduğunu göstərmək və Qarabağda itirdikləri mövqeləri yenidən əldə etmək istəyirlər. Həmin qüvvələr "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istəyir. Onlar təkcə Azərbaycanın deyil, digər qonşu ölkələrin də ərazisini qəsb etmək arzusundadır. Buna görə də yaxın günlərdə daha ciddi və ağır cavab verilməlidir. Biz gözləyə bilmərik ki, hər dəfə hansısa danışıqlardan sonra Ermənistan siyasi rəhbərliyinin siyasi iradəsinin zəifliyinə görə əsgərlərimiz şəhid olsun. Bunun qarşısını almaq üçün yaxın günlərdə ərazidə anti-terror əməliyyatı başladılmalı və bu əməliyyat revanşizm arzusunda olan ermənilər üçün ciddi mesaj olmalıdır".