C. Avq 23rd, 2019

Qədir Rüstəmovsuzluq – “Onun məhləsində qadınlar corabsız gəzməzdi”

Qarabağın bülbülü, vətən həsrətli Qədir Rüstəmov 1935 ci-ildə Ağdamda anadan olub.

Qarabağ xanəndəlik məktəbinin yetirməsi olan Qədir Rüstəmov əvvəlcə  ustad –xanəndə Hacıbaba Hüseynovdan dərs alıb, sonra özü Ağdamda təhsilini davam etdirib.

Onun ifasında bir sıra muğam dəstgahları “Rast” və “ Çahargah” lentə alınıb və radionun fondunda saxlanılır.

“Sona bülbüllər” xalq mahnısı sanki sənətkarın vizit kartı oldu. Xanəndə o musiqi ilə uşaqdan-böyüyə hər kəsin qəlbinə yol tapdı.

Ömür vəfa etmədi, uzun sürən xəstəllik nəticəsində 2011 ci-il dekabrın 14-ü  Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.

Mərhumun sənət yoldaşları Ağdamın işğal günündə onun haqqında fikirlərini  bizimlə bölüşüblər.

Məşhur gitara ustası, xalq artisti Rafiq Hüseynov (Rəmiş) Qədir Rüstəmov haqqında bunları söyləyib.

“Qədirlə xatirələrim 50 ildən bəridir. Mənimlə yoldaşlığı lap çox olub. İlk dəfə Qədiri Ağdama böyük qardaşımın toyuna gətirdik, o vaxtı hələ “Sona bülbüllər” yox idi. Elə ilk tanışlığımız da ordan başladı. Böyük sənətkarlar toyda iştirak edirdi. Onlardan Sara Qədimova, Şövkət Ələkbərova, Cahangir Cahangirov, Habil Əliyev yanıqlı çalırdı, Qədirdə orda ah-nalə yağdırırdı”.

Rəmiş deyib ki, Q.Rüstəmov o zamanlar mədəniyyət nazirinin maşınını sürürdü.

“Çox yaxşı, həm də baməzə  insan idi. Bir xüsusiyyətini də deyim ki, qəlyanı çox sevirdi, qəlyansız durmurdu. Balaca qardaşım mənimlə yaşayırdı,o vaxt AZİ-də (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alırdı. Bir gün Qədir bizə gəldi, qəlyanın da iyi ona pis təsir edirdi. Qədirin bir xasiyyəti vardı. Adi bir hərəkətdən insanın içini oxuya bilirdi ki, bu nə demək istəyir. Bir də gördün Qədir küsdü getdi. Qardaşım özü Qədirlə tanış olmuşdu, mən tanış etməmişdim.

Qədir Bakıya mənimlə birlikdə gəlib. Bir xasiyyəti var idi ki, pula həris deyildi, toyu özü  danışmazdı. Dostluqda çox möhkəm idi, söz götürən insan deyildi. Hər an nəsə edə bilərdi, tez hirslənib hətta adamı boğmaq imkanına malik idi.

Qədirin məhləsində heç bir qadının ixtiyarı yox idi ki, corabsız gəzsin,o dəqiqə geri qaytarardı. Namusu-qeyrəti qoruyan adam idi”.

Bir dəfə Şəkidə birlikdə toy çaldıq. Orda bir dəli Saxı vardı, indi deyirlər rəhmətə gedib, maşın düzəldən idi. Bu nəysə gəldi əlində də pul,dostlarına da deyib ki, bu saat Qədirə deyəcəm oxusun. Bir əlində pulu saxlayıb,o biri əli ilə guya Qədiri hədələyir. İndi durdu ayağa əlində bir bıçağı vardı, nəysə açdı bıçağın ağzını, kişini öldürmək istəyirdi.Guya indi bu zarafat edir.

Dedik ki, zarafat edir. Qədir qayıtdı ki, bu nə zarafatdır? Bax belə bir adam idi Qədir, çox həssas, həm də anında elə söz deyirdi ki, hamını qırırdı gülməkdən”.

Qədirin bir xüsusiyyətini də deyim xoruz döyüşdürənlərə həvəslə baxardı. Ayaqları və boğazları uzun xoruzları daha çox sevirdi.

Ancaq özü döyüşdürməyi sevmirdi. Ağdamda o zaman dəb idi xoruz döyüşdürmək. Yaxşı balıq tuturdu. Tez-tez balıq tutmağa gedirdik. Mənim o qədər də aram olmasa da, Qədir tutanda xeyli tuta bilirdi. Çox vaxt da özü tək gedirdi, oturardı kanalın qırağında, özü də tutduğun da yemirdi, toyuqlara gətirib verirdi”.

Qədir kimi sənətkarlar heç vaxt ölmür. Onların sadəcə  cəsədləri ölə bilər. Qədirin səsi, adı- sanı dünya ilə bir idi. Tehranda olanda biri mənə dedi ki, bir dənə qız Qədirin “Sona bülbüllər”inə qulaq asdı özünü asdı öldürdü. Bu bir faktdır həqiqətən. Aqil Abbas bu barədə araşdırıb kitab yazıb. Kitabın adı “Qeybdən gələn səs” adlanır.

Xalq artisti, xanəndə Mənsum İbrahimov Qədir Rüstəmovun səsini Qarabağın harayı adlandırıb.

“Qədir Rüstəmov klassik muğam ifaçılarından biridir. O təkcə “Sona bülbüllər” oxumaqla xalqın qəlbində abidə qoyan sənətkarlardandır. Aramızda olmasa da, onun səsi gələndə hər kəsin qəlbində bir nisgil, Qarabağ ətirli torpaq yada düşür. Milyon səsin içində seçilən bir səs idi”.

Mənimlə də çox yaxşı münasibəti var idi. 50 illik yubileyimi Ağdamda qeyd etmişdim,vallah Qədir necə ifa etdisə bütün hərkəs ayağa qalxdı.

İnanırsınız ki, Qədiri kim görürdüsə hamı yaxınlaşırdı ki, onu yaxından görsün. Çox tez dünyasını dəyişdi, ən böyük arzusu Ağdama getmək idi, ancaq qismət olmadı. Onun ruhu bu dəqiqə narahatdır, təsadüfə bax bu gün də Ağdamın işğal günüdür. İnşallah ki, tezliklə Qarabağa gedəcəyik, Qədirin də ruhu şad olacaq. Qədir kimi sənətkarlar hər vaxt dünyaya gəlmir və yetişmir”.

 Xalq artisti Arif Babayev isə mərhum sənət yoldaşının varlığına hələ də inanır.

“Qədir mənim xatirimdə güclü bir sənətkar kimi qalıb və qalacaq. Onun səsində xüsusi bir sehir vardı. Səsiylə insanları özünə bağlayan, nisgilli bir insan idi. Özünəməxsus hərəkətləri, zarafatları sanki hər birimizin yaddaşında əks olunub.

Bir müqayisə deyim Sona Aslanova “Sona bülbüllər”i ondan xeyli qabaq ifa etmişdi, amma Qədirin bülbülü qədər təsirli və yanıqlı deyildi. Qədirin “Sona bülbülləri” təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında sevilirdi.Onun bütün oxuduqları xalq mahnıları, muğamları bizim tariximizdə qalıb, “Sona bülbüllər”i isə Qızıl fondda ayrıca saxlanılır.

Xalqın məhəbbətini qazanmaq hər adama qismət olan bir şey deyil.

Vallah birdən elə müğənni çıxıb xalq mahnılarını oxuyur ki, adam bir də onu oxumaq istəmir. Xalq mahnıları özü bir əsərdir, onu gərək yaradıcılıqla oxuyasan. Qədir nə oxusa, ona bir gözəlllik qatırdı, adamın ruhuna toxunurdu. Qeyri-adi bir səs və insan idi.O tərzdə insan birdə gəlməyəcək. Çox yaxşı ailəsi, tərbiyəli oğlanları var”.

A.Babayev bildirib ki, Q.Rüstəmovla axıırncı dəfə Türkiyədə xəstəxanada olanda danışıb.

“Heç ölmək istəmirdi, elə yaşamaq istəyirdi. Fikri də  ancaq Ağdamda qalmışdı.Hər danışığında Ağdama gedəcəyəm, orda oxuyacağam deyirdi.Onun kimi insanlar tez ölməli deyildi, içində yaşamaq həvəsi vardı.

Çox maraqlı insan idi, gülməli sözləri və hərəkətləri vardı. İllər keçdikcə Qədirin səsi daha da şirinləşir,onun varlığını mahnılarında axtrarırıq. Mən onun ölümünü qəbul etmirəm, ona görə ki, elə bilirəm harasa gedib qayıdacaq. İnsanın hər danışığı, hərəkəti bir tarix idi. Bir az da emosional insan idi,ancaq onun sözü heç kimin xətrinə dəymirdi. Çünki sözü elə tərzdə deyirdi ki, adamın üzündə gülüş yaranırdı”.

Bu gün də Ağdamın işğal dövrünə təsadüf etdi, inanırsınız Ağdam adı gələndə çox pis oluram. Qarabağı gözümün qabağına gətirəndə başqa bir aləmə gedirəm. Deyirəm ki, ay Allah mən sağ ikən torpağımız qayıdardı, nə qədər canımda imkan var dizin-dizin o tikdirdiyim evimə gedim”. (modern.az)