C. Avq 23rd, 2019

Bu videoya görə sürücü cərimələnmədi – VİDEO

Bakıda piyada xəttindən keçən qadının üzərinə maşın sürərək yolu keçən sürücü barədə rəsmi açıqlama verilib.

Turkustan.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, yayılan videogörüntüdə müşahidə edilir ki, 90 LP 055 nömrəli “Land Cruiser” markalı avtomobil piyada xəttinə daxil olur və həmin zaman zolaqda hərəkətdə olan piyada qadınla qarşılaşır. Bu zaman sürücü dayanmayaraq yoluna davam edir və piyadaya yan hissədən bir qədər toxunur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, həmin hadisə ilə bağlı sürücüyə heç bir cərimə yazılmayacaq: “Həmin yerdə piyada xətti işıqforla tənzimlənir. Nəqliyyat vasitələrinə yaşıl işıq yandığı zaman qadın piyada yola daxil olur. Əvvəl dayanır, sonra hərəkət edir, axırda isə çantası ilə maşını vurur ki, ona yol versin. Burada açıq-aşkar günah xanımdadır. Buna görə də sürücü cərimə olunmayacaq. Piyadalar yollarda qanunlara uyğun hərəkət etməlidirlər. İşıqforla tənzimlənən piyada xətlərində yolu yalnız onlar üçün yaşıl işıq yanan zaman keçməlidirlər”.

Qeyd edək ki, videonu avtosfer.az saytı yayımlayıb.