C. Avq 23rd, 2019

ABŞ-ın Azərbaycana 102,5 milyon dollar vəsait ayırmasının səbəbləri… – Ermənilər bunun qarşısını ALA BİLMƏDİLƏR

Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır və vacib strateji-iqtisadi, qlobal enerji təhlükəsizliyində əhəmiyyətli rolu var. 

Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva Redaktor.az-a açıqlamasında ABŞ-ın Qarabağ planına aydınlıq gətirib. Ekspert hesab edir ki, Rusiya və İranla bərbad münasibətlərini nəzərə alsaq, Qərbin yüz milyardlarla dollarlıq ticarətinin yalnız bir real marşrutu Azərbaycandan keçir:

“Azərbaycan Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edir. Həmçinin, Azərbaycan ABŞ-ın vacib hərbi-strateji, iqtisadi və qlobal enerji təhlükəsizliyi mövzusunda etibarlı tərəfdaşı kimi, həm də Birləşmiş Ştatların Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. ABŞ Əfqanıstandakı missiyası və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycanın hava məkanından istifadə edir. NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə yüklərin 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından istifadə etməklə həyata keçir”.

Ekspert Azərbaycana ABŞ tərəfindən 102,5 milyon dollar vəsait ayrılmasının səbəblərinə də aydınlıq gətirib:

“Azərbaycan ABŞ-a və NATO tərəfdaşlarına lojistik və tranzit  yardımında, hərbi yüklərin 40 %-nin daşınmasında, Əfqanıstandakı  ABŞ hərbi heyətinin təhlükəsiz hərəkətliliyi üçün tranzit yoludur. Münasibətlərin bu səviyyəsində ABŞ tərəfindən Azərbaycanın Müdafiə Nazirliyinə və hökumət idarələrinə, beynəlxalq hərbi və hüquq-mühafizə orqanlarına maliyyə dəstəyi olaraq 102,5 milyon dollar vəsait ayırması əslində çox cüzi və simvolik rəqəmdir. Erməni rəsmilərin ABŞ səfərində bu məsələnin də müzakirə edilməsi ehtimalı var. Onların bu təşəbbüsü birmənanlı olaraq nəticəsiz qalıb. ABŞ xarici müdafiə məqsədləri üçün dəstək, yardım və s. tipli maliyyənin ayrılmasını Ermənistan hökuməti ilə məsləhətləşmir”.

Y. Hacıyeva vurğulayıb ki, Azərbaycanla bağlı ABŞ-ın iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətləri inkişaf etdirməsi, onun Cənubi Qafqaz regionuna təsirinin güclənməsinə xidmət edir:

“Avropa Azərbaycan, Qazaxıstan və Türkmənistandan alınan qaz hesabına, özünün enerji ehtiyatlarından silah kimi istifadə edən Rusiyadan asılılığını azaltmaq niyyətindədir. Hazırda Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin hər üçü və ən əsası reallaşdırılmaqda olan Cənub Qaz Dəhlizi də Azərbaycandan keçir. Bu layihə Avropa Birliyi üçün həyati əhəmiyyətlidir. Eyni ilə Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli strateji kabel xətləri, Çinlə Fransanı birləşdirən Avropanın ən uzun avtomobil magistralı- E60 magistralı, Cənubi Qafqazı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu və s. də belədir. Avropa Birliyinin “Şərqə Genişlənmə” proqramı çərçivəsində AB, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrini birləşdirən “TransAvropa Nəqliyyat şəbəkəsi”  layihəsində də  həlledici quru keçid koridoru məhz Azərbaycan ərazisidir”.

Ekspert ABŞ-ın Qarabağ planının nə olmasına da aydınlıq gətirib:

“Ermənistanın Azərbaycanın ərazisinin beşdə birini işğal faktoru, yəni Dağlıq Qarabağ konfliktinin mövcudluğu qlobal səviyyədə regionun lojistik imkanlarının genişlənməsinə mane olur. Avropanın ticarət nəqliyyatı imkanlarının və ən əsası bu ticarət nəqliyatında hər iki- Qərb-Şərq və Şərq-Qərb marşrutu üzrə, aralıq və yekun koridorlarda pay sahibi olan ABŞ iqtisadi dairələrinin imkanlarının limitlənməsi ilə nəticələnir. ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində konfliktin nizamlanması prosesində yanaşması son illər dəyişib. Yeni yanaşması məhz Rusiya-İran-ABŞ münasibətləri fonunda, Rusiya və İranın sərhədlərində yerləşən, qobal enerji təhlükəsizliyində ABŞ-ın mövqeyini dəstəkləyən Azərbaycanla münasibətlərin fonunda dəyişib”.

Ekspert qeyd edib ki, ABŞ son iki ildə Dağlıq Qarabağ problemi həll edilməyənə qədər Ermənistanın təhlükəsiz və normal inkişaf edə bilməyəcəyinə aydın şəkildə mesajlar verməklə mövqeyini bəlli edir:

“Konfliktin konservləşmiş şəkildə qalması ABŞ-ın bölgədə maraqlarına cavab vermir. ABŞ-ın Ermənistana yaxın qonşularla mehriban şəraitdə yaşamaq tələbi kimi bir prioritet mövcuddur”.

Y. Hacıyeva inkişaf edən münasibətlər fonunda 907-ci düzəlişin ləğvinin gündəmə gəlmə ehtimalına da toxunub:

“ABŞ-ın Azərbaycana tətbiq etdiyi və ikitərəfli qarşılıqlı faydalılıq əsasında mövcud olan strateji əməkdaşlığın ruhuna uymayan 907-ci düzəliş və onun mahiyyəti şişirdilib. Azərbaycan bu düzəliş tətbiq olunan illər ərzində də öz hərbi və digər sahələri ABŞ hərbi məhsulları olmadan da inkşaf etdirib. Yəni bu bizə xüsusi bir maneə deyil, ancaq münasibətlərdə narahatedici bir məqamdır. Qısamüddətli ehtimalda Donal Trampın ikinci prezidentlik müddətində (olacağı halda) 907-ci düzəlişin qüvvədə qalacağı mümkündür. Uzunmüddətli dövr üçünsə ABŞ-ın Azərbaycana tətbiq etdiyi 907-ci düzəliş mütləq ləğv olunacaq. Dünya qlobal səviyyədə daha təhlükəli və müstəsna olaraq iqtisadi maraqların idarə etdiyi, siyasətin iqtisadi rıçaqlar üzərindən hərəkətə gəldiyi bir  dövrə qədəm qoyur”.